“Kələkidə üç Elçibəy gördüm...- O, heç də, deyildiyi kimi, sadəlöhv bir insan deyildi...”

“Kələkidə üç Elçibəy gördüm...- O, heç də, deyildiyi kimi, sadəlöhv bir insan deyildi...”
“Soruşdum ki,  bəy, 1993-cü ilin fevralında qardaşı Həsən Əliyevin vəfatı ilə bağlı Bakıya təşrif buyurmuş Heydər Əliyevlə məşhur “8 saatlıq” deyilən görüşünüzdə əsasən nə barədə danışdınız. Eks-prezidentin qısaca cavabı hafizəmdən silinməyib: “Heç... O, öz taleyi haqda danışdı, mən öz taleyim haqda...”
 
“Əsil, realist, xalqını, Vətənini sevən yazar, jurnalist xidmətlərindən, ictimai-siyasi nüfuzundan, tutduğu vəzifədən asılı olmayaraq heç kimsəni bütləşdirməyə qol qoymamalıdır. Çünki yaxşı bilirik ki, tarix boyu insanlığın başına gələn faciələr məhz bütlər ucbatından baş verir... Təəssüf ki, hər dəfə də İbrahim və ardınca Məhəmməd Peyğəmbərlər(ə.s.) kimi onları sındırmaq cəsarətinə və gücünə malik liderlər üzə çıxmır...”
 
Hər il iyun və avqust ayları gələndə mərhum eks-prezident Əbülfəz Elçibəydən Kələkidə geniş müsahibə götürdüyüm çox maraqlı, tarixi və şirin anlarla dolu günləri xatırlayıram...
 
1994-cü ilin avqustunda o vaxtkı Azərbaycan Xalq Cəbhəsi fəallarının dəstəyi və iştirakı sayəsində sabiq dövlət başçısıyla görüşüb müsahibə götürmələri üçün Bakıdan bir qrup jurnalistin   Kələkiyə səfəri təşkil edilmişdi.  Paytaxtdan Naxçıvana, oradan da mikroavtobus və avtomobillərlə Ordubadın bu məşhur kəndinə yollandıq...
 
...Dağlar, dərələr qoynunda yerləşən Kələki, doğrudan da, sirli bir aləm idi... O məkanda bizi 1988-1993-cü illər ərzində xalqın xeyli hissəsinin  təsəvvüründə bir fenomenə dönmüş sabiq dövlət başçısı, Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəylə üzbəüz söhbət gözləyirdi....O aləmə düşən biz, qələm əhli Azərbaycan xalqının və ayrıca hər birimizin taleyində aparıcı rol oynamış və üzərindən 1 ildən bir qədər çox zaman ötmüş ictimai-siyasi olaylarla bağlı suallara böyük həyəcanla cavab gözləyirdik... Və çoxumuzun beynində fırlanan ən vacib sual məhz 30 il öncəki bu günlərlə bağlı idi: “Əbülfəz bəy, 1993-cü il iyunun 17-dən 18-ə keçən gecə Azərbaycanın xarici düşmənlər tərəfindən də işğala məruz qaldığı çox  ağır bir dönəmində nədən o boyda Prezident postunu qoyub Kələkiyə gəldiniz?”...
 
...Bizləri çox mehriban, isti atmosferdə qarşılayan Elçibəy ona bütün suallarımızı verməmiz üçün rahat şərait yaratdı. Səhv etmirəmsə,  3 gecə və iki bütöv gün Kələkidə qaldıq və həmin vaxt ərzində 10-dan çox  jurnalist növbə ilə eks-prezidentlə təkbətək görüşüb qeyri-məhdud vaxt çərçivəsində sərbəst şəkildə ünvanladığı suallara cavab aldı...
 
Onu deyim ki, həmin geniş müsahibənin dərc olunduğu qəzetləri, təəssüf ki, 30-40 illik qəzet  arxivimdə  hələki yerində tapa bilməmişəm... Amma “Təzadlar” qəzetinin 1994-cü il təxminən avqustun 15-i 20-i arasındakı saylarını Milli Kitabxanada, yəni məşhur “Axundov” kitabxanasında tapmaq mümkündür... Bundan əlavə, xatırladım ki, həmin dövrdə siyasi senzura olduğundan müsahibənin xeyli hissəsinin, o cümlədən əsasən aşağıda xatırladacağım suallara cavabların çox parçaları çıxarılmış və qəzetdə yeri ağ  nəşr edilmişdi...  O günlərin maliyyə və texniki imkansızlığı səbəbindən müsahibənin audio-yazısını da qoryub saxlaya bilməmişik... 
 
Ona qədər 1990-1991-ci illərdə tələbə olduğum dövrlərdə Elçibəyi bir neçə dəfə hansısa tədbirlərdə yaxın məsafədən görmüşdüm. Lakin bilavasitə üzbəüz ünsiyyətdə olmaq qismət olmamışdı... Və o görüşdən sonra eks-prezident haqqında təsəvvürlərim xeyli dəyişdi... Ən əsası, əmin oldum ki, sabiq dövlət başçısı ortalıqda gəzən söz-söhbətlərin tam əksinə olaraq heç də də sadəlövh bir adam deyil...
 
Nəhayət, mənim üçün də ayrılmış vaxt yetişdi və  Elçibəyə bir çox taleyüklü suallar ünvanlayıb cavab ala bilmək xoşbəxtliyini yaşadım...
 
Məsələn, o dövrdə milyonların beynində fırlanan, müxalif siyasi dairələrdə bu gün də gərgin müzakirələrə səbəb olan məşhur “8 saatlıq söhbət” barəsində...
 
Soruşdum ki, bəy, 1993-cü ilin fevralında qardaşı Həsən Əliyevin vəfatı ilə bağlı Bakıya təşrif buyurmuş Heydər Əliyevlə məşhur “8 saatlıq” deyilən görüşünüzdə əsasən nə barədə danışdınız.
 
Eks-prezidentin qısaca cavabı hafizəmdən silinməyib: “Heç... O, öz taleyi haqda danışdı, mən öz taleyim haqda...”
 
Həmin tarixi və həlledici söhbətin az da olsa, təfərrüatlarını öyrənmək cəhdlərim nəticə vermədi...
 
Sual etdim ki, “Əbülfəz bəy, 1992-ci ilin martın 24-də Ali Sovetin sessiyasında Prezident seçkilərindən danışarkən  dediniz: "Prezident seçirsiniz, seçin... 3 aydan sonra seçdiyiniz prezidenti 1 ildən sonra yıxacaqsınız” . Sonda, doğrudan da  dediyiniz kimi oldu. Bunu haradan bilirdiniz? Yoxsa sizdə görücülük qabiliyyəti var?”
 
Milli Azadlıq Hərəkatının lideri kimi tanıdığımız siyasətçi belə cavab verdi: 
 
“Bilirsiz, mən ətrafımdakı komandaya yaxşı bələd idim. Ona görə də hakimiyyətimizin çox sürməyəcəyini düşünürdüm...”
 
Soruşdum ki, “Bəy, hakimiyyətdə olduğunuz dövrdə hansı səbəbdən keçmiş “KQB”, yəni DTK arxivlərini açdırıb Azərbaycanda siyasi meydanda fəal olan imperiya nökərlərini üzə çıxarmadınız?”
 
Sabiq dövlət başçısının cavabının qısa məzmunu bu cür oldu:
 
“Əgər “KQB” arxivlərini açsaydıq, Azərbaycanda vətəndaş müharibəsi baş verərdi...”
 
Və  nəhayət, öncə də xatırlatdığım növbəti vacib suallardan biri isə məhz 30 il öncə bu günlər baş vermiş məşhur olayla bağlı idi: 
 
“Əbülfəz bəy,  necə oldu ki, 1993-cü il iyunun 17-dən 18-ə keçən gecə Azərbaycanın xarici düşmənlər tərəfindən də işğala məruz qaldığı çox  ağır bir dönəmində o boyda Prezident postunu qoyub Kələkiyə gəldiniz?”
 
Cavab əvvəlkinə oxşar oldu:
 
“Yaranmış şəraitdə ən optimal çıxış yolu bunu bildim. Əks halda ölkədə vətəndaş savaşı başlayacaq, kütləvi qardaş qanı töküləcəkdi...”
 
Bütün baş verənlərə rəğmən adı tariximizdə hökmən qalacaq bir şəxsiyyətlə - müstəqilliyini(!) bərpa etmiş Azərbaycan Respublikasının ikinci prezidenti ilə görüşdən və uca dağlar qoynundakı təmiz havalı, saf sulu Kələkidən xoş təəssüratlarla ayrıldıq...
 
Ən əsası, öncə dediyim kimi, əmin oldum ki, sabiq dövlət başçısı ortalıqda gəzən söz-söhbətlərin tam əksinə olaraq heç də sadəlövh adam deyil... Kələkidəki təxminən saat yarımlıq söhbətimizdə mən üç Elçibəy gördüm:
 
Tutduğu postdan, şöhrətindən asılı olmayaraq insanlarla mehriban, xoşgörü ilə davranan sadə, təvazökar, az qala bir zahid həyatı sürən, vara-dövlətə zərrə qədər bağlılığı olmayan nəfsinə sahib bir adam, türkçü, millətsevər, vətənpərvər bir alim və xalqının varlığını, rifahını hər şeydən üstün tutan bir siyasətçi...
 
Elçibəylə o görüşdən keçən 29 il ərzində  onu da yəqin etdim ki, əsil, realist, xalqını, Vətənini sevən yazar, jurnalist xidmətlərindən, ictimai-siyasi nüfuzundan, tutduğu vəzifədən asılı olmayaraq heç kimsəni bütləşdirməyə qol qoymamalıdır. Çünki yaxşı bilirik ki, tarix boyu insanlığın başına gələn faciələr məhz bütlər, bütləşdirmələr ucbatından baş verir... Təəssüf ki, hər dəfə də İbrahim və ardınca Məhəmməd Peyğəmbərlər(ə.s.) kimi onları sındırmaq cəsarətinə malik liderlər üzə çıxmır...
 
Sultan Laçın

Tarix: 17-06-2023, 12:11
Xəbəri paylaş





Xəbər lenti