Ermənistan siyasi dairələrində və bütövlükdə erməni cəmiyyətində belə bir fikir formalaşıb ki, Qarabağ prosesinui dalana dirəyiblər və uzun müddət belə qalacaq. Prosesin dalana dirənməsi ilə qismən hesablaşmaq olsa da, vəziyyətin uzun müddət belə qalacağı ilə razılaşmaq mümkün deyil. Müharibəni uduzan Ermənistan və havadarı Rusiya üçün prosesin uzanması əlverişlidir. Bu dalandan gec-tez çıxılacaq, amma necə çıxılacaq? Bizə gecikmək sərf etmir. Azərbaycan hansı siyasi xətti aparmalıdır ki, prosesin dondurulması baş verməsin.
Müharibə bitəndən bir il ərzində sülh prosesi yox, təxribatlar daha çox yer tutub. Rusiya münaqişənin davam etməsi üçün yeni ideoloji, siyasi, hərbi minalar basdırmaqla sülhə tərəf addım atmayıb. Yalnız Avropa İttifaqı intensiv ikitərəfli görüşlər təşkil etdikdən sonra, Kreml öz vasitəçiliyinin arxa plana keçdiyini anlayıb qəzəblə yenidən əl-ayağa düşdü. Deməli, prosesin qabağına daş qoyan Rusiyaya qarşı elə təsir vasitələrindən istifadə etmək lazımdır ki, məcbur olub iki ölkə arasında sülh imzalanmasının vasitəçiliyini real olaraq göstərsin. Avropa İttifaqı ilə bu məsələdə əməkdaşlığı artırmaq Rusiyanı aktiv hərəkət etməyə məcbur edən amildir.
20 aydır ki, müharibə bitib və bu müddət ərzində Ermənistan və Rusiya üç istiqamətdə Azərbaycanı əsas hədəfdən- Xankəndi və ətrafında suveren hüquqlarının bərpa edilməsi prosesindən yayındırmaqla məşğuldurlar. Birincisi, nəqliyyat-kommunikasiya sahəsində maneələrin aradan qaldırılmasıdır ki, az qala beş dəfə ikitərəfli, üçtərəfli razılaşmalar əldə edilməsinə baxmayaraq, indiyədək hələ bir cığır da açılmayıb. Zəngəzurda dəhlizmi olacaq, yoxsa yolmu, bu vaxta qədər konkretlik yoxdur. Eyni zamanda yeni Laçın yolunun da statusu haqqında müəyyənləşmiş prinsip elan olunmayıb və perspektivdə nə olacağı da sual altındadır. İkincisi, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Avropanın da iştirak etdiyi razılaşmalardır ki, burada da heç bir irəliləyiş yoxdur. Bu proseslərin ardınca guya sülh müqaviləsi imzalanmalıdır. Brüssel görüşlərində sülh imzalanmasının sürətləndirilməsi barədə razılıq olsa da, aydındır ki, sərhədlər müəyyənləşmədiyi üçün heç sülh sözünün baş hərfi də deyilmir. Və 20 aydır ki, belədir. Biz də düşmənin və havadarının bunu süni şəkildə uzatdığını bilirik. Təəssüf ki, bildiyimiz halda hələ də qarşı tərəfin qurduğu oyunun ardınca gedir və bu oyuna son vermək üçün gərəkli diplomatik addımlarımızı atmırıq.
Məğlub ölkə havadarının köməyi ilə qalib dövləti öz maraqları çərçivəsində arxasınca getməyə məcbur edir. Yetməzmi? Necə olur ki, İkinci Dünya müharibəsi kimi qlobal bir savaşın yekun sənədi üç günə imzalana bilir, amma Qarabağ münaqişəsinin son nöqtəsi hələ də qoyulmayıb və ermənilər yayınmaqla zamanı 20 aya çatdıra biliblər. Proses bu cür davam edərsə daha neçə 20 ayların gəlib keçməsinə şahidi ola bilərik. Ona görə ki, bizi əsas problemdən-Xankəndi və ətrafından yayındırıb, prosesi sonu görünməyən yuxarıda qeyd etdiyimiz nəqliyyat, delimitasiya məsələlərinə yönəldiblər. Əslində, zamanın uzanmasından istifadə edib Rusiya bizə daha ağır təzyiq etmək üçün gizli planlarını reallaşdırır. Tovuzla sərhədin 1 kilometrliyində hərbi baza yaradır və bununla bölgədən keçən beynəlxalq nəqliyyat və enerji kommunikasiyalarına ciddi təhlükə yaradcaqlarının xəbərdarlığını edirlər. Separatçı rejim Xocalıda “üçüncü kvartal” tikintisi ilə məşğuldur. 1992-ci ildə Xocalıda qətliamı 366-cı rus alayının birbaşa köməyi ilə törətdiklərinə və indi də “sülhməramlılar”ın hesabına evlər tikdiklərinə görə Xocalının adını dəyişib, rusların şərəfinə İvanyan qoyublar. Amma, biz Xocalıya və keçmiş Dağlıq Qarabağdakı digər yaşayış məntəqələrimizə qayıdacağımızı rəsmi şəkildə, vaxt müəyyən etməklə bildirsəydik, ermənilər arxayıncasına “kvartallar” tikməzdilər. Ermənistan rəhbərliyi isə zaman keçdikcə Azərbaycanın ərazi bütövlüyünü qəbul etmədiklərini artıq açıq söyləyirlər. Bu həftə parlamentin rəhbəri Alen Simonyanın Ermənistandakı Estoniya səfirini çağırıb bu ölkənin parlamentinin rəhbərinin Şuşaya səfər etməsinə etirazını bildirməsi nədən xəbər verir? Azərbaycana ərazi iddiası olduğunu bildirməyin buynuzu olmur ki? Belə bir ölkə ilə niyə hansısa dəhliz, yol söhbəti danışıqları aparırıq? Amma, Xankəndi üzərində dövlət nəzarətimizi bərpa etməkdən başlasaq, dəhliz, yol, delimitasiya işləri kimi ikinci dərəcəli məsələləri 20 aya yox, 20 günə özləri yalvarıb yolu da açarlar, qanunu sərhədi də müəyyənləşdirərlər.
Biz istiqaməti Xankəndiyə yönəltməli, erməni silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmağa nail olmalı və qaçqınlarımızın keçmiş Dağlıq Qarabağa qayıtmasını həll etməliyik. Ermənistan qarşısında sərt şəkildə, vaxt verməklə tələb qoymalıyıq, yerinə yetirilmədiyi halda güc vasitəsilə ərazi bütövlüyümüzü de-fakto həll etmək hüququmuzun olduğunu gündəmə gətirməliyik. O zaman qarşımıza Moskva çıxacaq- müharibə üçün yox, məsələni onun çətiri altında həll etmək üçün Azərbaycanın qanunu tələblərinin yerinə yetirilməsinə şərait yaratması məqsədilə və Ukraynada müharibə apardığı vaxtda Cənubi Qafqazda müharibə başlanmasının maraqlarına zidd olduğuna görə. Əsas odur ki, biz məsələni gündəmdən çıxarmayaq və sərt şəkildə tələblərimizi tərəflərə bildirək. Niyə biz dəhliz məsələsini Xankəndidən önə çəkib illərlə düşmənin arxasınca getməliyik?
İlham İsmayıl
Tarix: 9-07-2022, 21:37