Azərbaycanın Vətən müharibəsi - “B planı” işə düşəcəkmi?
Keçmiş SSRİ-nin bayrağının işğal altındakı Laçın şəhərində qaldırmaqla Azərbaycana qarşı növbəti təxribat törədilib.Ancaq bu təxribatın ermənilərin, yoxsa Rusiya sülhməramlı kontingenti tərəfindən törədildiyi dəqiq məlum olmasa da, hər iki tərəf məsuliyyət daşıyır.
Çünki Laçın şəhərində qanunsuz olaraq ermənilər məskunlaşıb. Şəhərin təhlükəsizliyini isə 2020-ci il 10 noyabr Bəyanatına əsasən Rusiya hərbçiləri təmin edir.
Keçmiş imperiya bayrağı rayon mərkəzinin sakinlərin “poçt” adlandırdıqları hissəsində, aşağısında ermənicə yazılar olan "Snikers" reklamının üzərində - Şuşa, Qubadlı və Qərbi Zəngəzurun Gorus şəhəri istiqamətindən gələn avtomobil yollarının kəsişdiyi giriş dairəsində asılıb.
Əgər bu təxribatı ermənilər törədibsə, onun qarşısını almaq Rusiya sülhməramlılarının vəzifə öhdəliyidir. O halda bu özbaşınalığa mane olmadığına görə, sülhməramlılar cavabdehlik daşıyır. Ancaq son dövrlər SSRİ-nin bayrağını imperiyanın rəmzi kimi Rusiya ordusu daşıyır. Bununla da rəsmi Moskva postsovet ölkələrinə ərazi iddiasını irəli sürür, təhdid mesajları verir.
Ona görə də oraq çəkicli qırmızı imperiya bayrağının rusiyalı hərbçilər tərəfindən qaldırıldığı da şübhə doğurmur. Bu hadisənin Xankəndi ilə Ermənistan arasıında nəqliyyat əlaqəsini təmin edəcək yeni alternativ yolun istifadəyə verilməsi və Laçın şəhərinin Azərbaycana qaytarılması prosesi ilə eyni vaxta düşməsi də təsadüfi görünmür.
Keçmiş SSRİ-nin bayrağının qaldırılması Azərbaycana qarşı ünvanlanmış mesajdır. SSRİ-nin qan rəngində bayrağını tankın üstündə Donbasa, Krıma daşıyanlar öz torpaqlarını geri almaq istəyən Azərbaycana xəbərdarlıq edirlər.
Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə
Cebhe.info-ya açıqlamasında bildirib ki, Rusiyanın Qarabağdakı fəaliyyəti bölgədə sülhün təmin olunmasına xidmət etmir:
“Bu isə Azərbaycana qarşı sabitliyi pozmaq cəhdidir. Sülhməramlılarının müvəqqəti nəzarət zonasında olan Laçın rayonunun ərazisində ermənilərin keçmiş SSRİ-nin bayrağını qaldırması birbaşa Rusiya hərbçilərinin razılığı və təlimatı ilə həyata keçirilir.Bu isə Azərbaycanın suverenliyinə və milli təhlükəsizliyinə açıq təhdiddir. Laçın şəhəri Azərbaycan ərazisidir. Orada qanunsuz olaraq işğalçı imperiyanın bayrağını qaldırmaq Azərbaycanın milli təhlükəsizliyinə qarşı yönəlmiş təhdid mesajıdır. Ukraynaya qarşı müharibədə də Rusiya Ordusu keçmiş SSRİ-nin bayrağını qaldırır, Kreml postsovet ölkələrinə xəbərdarlıq mesajı verir.Donbasda keçmiş SSRİ-nin bayrağının qaldıran Rusiya Laçın rayonunda da ermənilərin əli ilə bu hərəkətləri edir. Bu, Rusiyanın imperiya düşüncəsi ilə yaşadığını, SSRİ-nin xiffətini çəkdiyini göstərir. Hesab edirəm ki, Azərbaycan belə təxribatların qarşısını almaq üçün tədbirlər görməlidir. Bu, Putin hakimiyyətinin siyasətidir. Ancaq Laçın şəhəri yeni dəhlizin istifadəyə verilməsi ilə əlaqədar olaraqAzərbaycana qaytarılmlıdır. Hər hansı təxribat buna mane ola bilməyəcək. Laçında keçmiş SSRİ bayrağının qaldırılması ilə biz Rusiyanın gerçək niyyətinin nədən ibarət olduğu üzə çıxır. Yəni Rusiya özünün imperialist xislətini burada da göstərir. Ona görə də Azərbaycan üç ildən sonra sülhməramlıların bizim ərazimizdə qalmasının əleyhinə proses başlatmalıdır. İlk növbədə, Ermənistanla sülh əldə edilməlidir. Rusiya sülhməramlı kontingentinin ölkəmizdə qalmasına imkan verilməməlidir. Əgər Rusiyaya bu imkan yaradılsa, növbəti belə təxribatlarla üzləşəcəyik. Rusiya SSRİ-nin bayrağını Xankəndidə də qaldıra bilər. Hətta Rusiyanın da bayrağını qaldırıb "Biz Rusiyaya birləşirik" şüarı ilə nümayişlər də təşkil edə bilər. Hesab edirəm ki, Azərbaycan bununla bağlı diplomatik fəallığı artırmalı, Rusiyadan izahat tələb etməlidir. Rəsmi Moskvadan Azərbaycan əleyhinə bu cür təxribatlara son qoyulması tələb edilməlidir. Sülhməramlı qüvvələr öz mandatına uyğun olaraq belə özbaşınalıqların qarşısını almalıdır. Amma Rusiya hərbçiləri öz vəzifəsini yerinə yetirmir. Əksinə, özləri ermənilərə təlimat verir. Rusiya-Azərbaycan münasibətlərində nə qədər xoş sözlər deyilməsinə, müqavilələrin bağlanmasına baxmayaraq, Kreml Azərbaycana qarşı destruktiv fəaliyyət göstərir".
Tarix: 13-07-2022, 08:48