“Mən çox istərdim ki, Şuşadan köçmüş ermənilər öz doğma yurdlarına qayıtsın”


Hadrut və Şuşadan köçən ermənilər bu gün İrəvanın mərkəzində hökumət binası qarşısında etiraz aksiyası keçiriblər.
Etirazçıların sözlərinə görə, BMT və Ermənistan hakimiyyəti onlara qaçqın statusu verməkdən imtina edir. O cümlədən, aksiya iştirakçıları Ermənistan hakimiyyətindən onlara İrəvanda mənzil verilməsini və istədikləri vaxt Qarabağa - Hadrut və Şuşaya getmələrinin təmin edilməsini tələb ediblər.
Yenisabah.az-a danışan siyasi şərhçi Zərdüşt Əlizadə məsələyə özünəməxsus şəkildə münasibət bildirib.
Politoloq onlara dırnaqarası qaçqın deyilməsinin səhv olduğunu vurğulayıb:
“Mən bu məsələdə bir şey ilə razı deyiləm. “Guya ki, ermənilər Hadrut və Şuşadan qaçqın düşüblər”. Guya ki, yoxdur axı?! Onlar qaçqın düşüblər də! Hadrutda və Şuşada erməni əhalisi yoxdur. Siz ağa qara, qaraya ağ deməklə axı nə qazanırsınız?! Siz jurnalistsiniz və siz gərək heç vaxt özünüzü siyasətçi kimi aparmayasınız, faktı və həqiqəti deyəsiniz. Onlar həqiqətən də Hadrut və Şuşadan qaçqın düşmüş insanlardır!
Qalan məsələdə isə bəli, mən razıyam. Onlar istəyirlər ki, özlərinə qaçqın yox, köçkün statusu versinlər. Burada çox incə bir siyasi mətləb var. Əgər onlara Ermənistan ərazisində qaçqın statusu versələr, bu, o deməkdir ki, onlar artıq başqa ölkədən gəlmiş insanlardır. Yəni Azərbaycandan gəlmiş insanlar. Çünki onlar deyə bilməzlər ki, bu insanlar Dağlıq Qarabağdan gəlib və ora müstəqil dövlətdir. Heç kəs bunu deyə bilməz, o cümlədən Ermənistanın özü belə tanımır Qarabağı. Onlar deməlidirlər ki, Azərbaycanın tərkib hissəsi olan Qarabağdan gələn ermənilər həqiqətən də qaçqın statusuna malikdirlər və buna haqları çatır”.
Z.Əlizadə əlavə edib:
“Məsələn, biz Ermənistandan qovulmuş həmyerlilərimizə qaçqın statusu vermişik. Çünki onlar qonşu dövlətdən qovulub. Ancaq Qarabağdan gəlmiş həmvətənlərimizə isə biz köçkün statusu vermişik. Eyni məsələ də indi Ermənistan hakimiyyətinin qarşısında durub. Əgər onlar Hadrut və Şuşadan gələn ermənilərə qaçqın statusu versələr, bu, o deməkdir ki, Ermənistan hakimiyyəti onların başqa ölkədən gəldiyini etiraf etməli olacaq. Dolayısı yolla da onlar bununla Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etməli olacaqlar.
O ki qaldı Ermənistan hakimiyyətinin onlara qaçqın statusu verməkdən boyun qaçırmasına, bunun səbəbi sadədir. Məhz ona görə ki, onlar istəmirlər etiraf etsinlər ki, bu adamlar qonşu ölkənin ərazisindən gəlib Ermənistana. Çünki Ermənistanın milli düşüncəsinə görə, Qarabağ müstəqil dövlətdir və erməni torpağıdır. Bu iki düşüncənin üzərində də Ermənistanın milli məfkurəsi qurulub. Ona görə də yenə də deyirəm ki, onlar Hadrut və Şuşadan gələn ermənilərə qaçqın statusu versələr, bu, o deməkdir ki, həmin ermənilərin Azərbaycana məxsus ərazilərdən gəldiyini etiraf emtəli olacaqlar”.
“Mən, ümumiyyətlə, insanların mənafelərinə riayət edilməsinin tərəfindəyəm. İstər erməni, istər azərbaycanlı, istərsə də zimbabveli olsun – bu, insandır və insanın hüquqlarını tanımaq lazımdır, eləcə də çalışmaq lazımdır ki, o hüquqlar təmin edilsin. İnsana düşmən kimi baxmaq olmaz, əgər onun əlində silah yoxdursa və o işğalçı kimi gəlməyibsə, əlbəttə, o da bir insandır.
Mən çox istərdim ki, Şuşadan və Hadrutdan qaçmış ermənilər öz doğma yurdlarına qayıtsınlar və bununla da Azərbaycan və erməni xalqının arasında birgəyaşayışın mümkün olduğunu sübut edib göstərsinlər. Göstərsinlər ki, bu iki xalq əbədi-əzəli düşmən deyil, bəzi qüvvələr tərəfindən düşmənə çevriliblər. Bu, həm Azərbaycan, həm də erməni xalqına xeyir gətirə bilər. Göstərə bilər ki, biz normal və mədəni xalqlarıq, nəinki xəstə, eləcə də əbədi-əzəli düşmənçiliyə inanmırıq və s. Bu, mənim əqidəmə görə düzgün mövqe olardı. Lakin təəssüf ki, həm Ermənistanın, həm də bizim ictimai fikrimiz tam əks istiqamətə köklənib. Ermənilər bizi, biz də onları əbədi-əzəli düşmən sayırıq. Bu da xəstə təfəkkürdən başqa bir şey deyil”, - deyə müsahibimiz yekunlaşdırıb.
Tarix: 14-07-2022, 16:37
Xəbəri paylaş





Xəbər lenti