Amerikalı mütəxəssis Pol Qobl deyib ki, Moskvanın ermənipərəst mövqeyini tarazlaşdırmaq üçün Qarabağda başqaları olmalı idi. Çünki belə olan halda onlar Moskvanın vəd etdiyi, lakin yerinə yetirmədiyi şeyi edəcək. Qısacası, neytral dövlətlərin həqiqi sülhməramlılarına ehtiyac var. Pol Qoblun fikirlərini şərh edən hərbi ekspert Üzeyir Cəfərli Yenisabah.az-a açıqlamasında amerikalı diplomatın söylədikləri ilə yarıbayarı razı olduğunu bildirib:
“Rus sülhməramlıları bölgəyə sülhü təmin etmək üçün gəldilər. Lakin onların fəaliyyəti digər problemlərin yaranmasına vəsilə oldu. Süıhməramlıların fəaliyyətindən nəinki dövlət, hətta xalq belə narazıdır.
Ermənipərəst, qanunsuz erməni silahlılarına dəstək olan ölkənin sülhməramlılarındansa, neytral bir ölkənin sülhməramlılarının Qarabağda yerləşdirilməsi, fikrimcə, daha məqsədəuyğundur.
Hər bir dövlətin “qırmızı xətt”i var ki, onu aşmamaq lazımdır. Azərbaycanın “qırmızı xətti”ni aşan Ermənistanla bağlı cənab Prezident İlham Əliyev altı ayın yekunlarına həsr olunmuş müşavirədə fikirlərini açıq mətnlə bəyan etdi. Rus sülhməramlıları iyun ayına qədər qanunsuz erməni birləşmələrinin Qarabağda zərərsizləşdirilməsini və oradan çıxarılmasını təmin etməliydi. İyul ayının sonlarına yaxşınlaşmağımıza rəğmən məsələ hələ də həllini tapmayıb. Lakin İlham Əliyevin sərt çıxışından sonra rus sülhməramlılarının fəaliyyətlərinə müəyyən düzəlişlər etdiyini müşahidə etdik.
İyulun 22-si Şuşada Medianın İnkişafı Agentliyinin təşkil etdiyi Milli Mətbuat Gününə həsr olunmuş tədbirdə iştirakımızdan sonra işğaldan azad olunmuş bəzi bölgələrə səyahət etmək imkanımız yarandı. Rus sülhməramlılarının postlarına nəzər yetirdikdə, onların fəaliyyəti ilə maraqlandıqda işlərin nisbətən yaxşıya doğru dəyişdiyini gördük”.
Ekspert şərhinə davam edərək deyib ki, Pol Qobl başqa bir neytral dövlətin sülhməramlılarının Qarabağa yerləşdirilməsini təklif edib:
“Xeyr, mən bununla razı deyiləm. Azərbaycan müstəqil dövlətdir və Qarabağ hüquqən Azərbaycanın bir parçasıdır. Buna görə də Qarabağda hansısa bir dövlətin sülhməramlılarının olmasına ehtiyac yoxdur. Ermənilər anlamalıdırlar ki, nə vaxta qədər müharibə şəraitində yaşayacağıq, nə vaxta qədər yaralılarımız, itkilərimiz olacaq? Bunun bir sonu olmalıdır, ya yox ?
Nə Azərbaycan öz torpaqlarından vaz keçəcək, nə də münaqişədən öncə Qarabağda yaşamış ermənilər oradan köçəcək. Onlar sülh şəraitində yaşamaqdansa hər zaman qalmaqal içərisində yaşamağı üstün tuturlar.
Azərbaycan onsuz da bu məsələnin sonuna çıxacaq və bölgədə tam sülhü təmin edəcək. Ordumuz gecə-gündüz demədən təhlükəsizliyimizi təmin edir, ölkəmizin sərhədlərini qoruyur. Gələcəkdə Xocalı, Xankəndi, Xocavənd və Ağdərə ilə bağlı məsələlərin də həll olunacağına inanıram”.
Tarix: 24-07-2022, 17:50