Ermənilər sərhəddə və sülhməramlıların məsuliyyət zonasında Azərbaycana qarşı təxribatları kütləviləşdiriblər. Müdafiə Nazirliyinin rəsmi açıqlamasında deyilir ki, iyulun 25-də və 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən ümumilikdə 9 dəfə təxribat xarakterli silahlı insident törədilib.
Bunlardan 2-si Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutmaqla baş verib.
Digər 7 insident isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Tərtər, Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutmaqla qeydə alınıb. Görünən budur ki, Azərbaycanın xəbərdarlıqlarına baxmayaraq, erməni separatçıları tərk-silah olmaq istəmir, əksinə, daha böyükmiqyaslı cinayətlərə əl atırlar. Bir müddət öncə Prezident İlham Əliyev bəyanat vermişdi ki, Qarabağdakı separatçıları sülhməramlılar ən çoxu 2022-ci il iyunun sonunadək ərazidən çıxarmalı idi. Lakin bunu etməyiblər. Prezident bununla bağlı sərt xəbərdarlıq edəndən sonra erməni birləşmələrinin sentyabardək çıxarılacağına dair açıqlamalar olmuşdu. Ancaq indi görünən budur ki, qanunsuz silahlı dəstələr nəinki Qarabağdan çıxarılır, əksinə, bir gündə 7 dəfə insident törədirlər, bölgədəki təhlükəsizliyi təhdid edirlər. Eyni zamanda Ermənistan ərazisindən də atəşlər açılır. Deməli, bu, hansısa koordinasiya olunmuş fəaliyyətdir. Belə olan təqdirdə Azərbaycanın antiterror əməliyyatlarına başlaması artıq bir şərtə çevrilir. Ermənilər və sülhməramlıların fəaliyyətsizliyi başqa variant qoymur.
“Azərbaycan dərhal təmizləmə əməliyyatlarına başlamalıdırmı” sualı ilə deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyevə müraciət etdik.
Arzu Nağıyev: “Azərbaycan Ordusu beynəlxalq sərhədlərimiz daxilində olan Xankəndində oturub, erməni terror dəstələrinin başını birdəfəlik əzməlidir”
Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, Azərbaycan dəfələrlə mövqeyini aydın şəkildə bəyan edib: “44 günlük Vətən müharibəsindən sonra Ermənistanın hərbi-siyası rəhbərliyinin tutduğu mövqe gözlənilən idi. Müharibədən sonrakı dönəm də göstərdi ki, əslində onlar hər hansı sənədin imzalanmasında, razılaşmaların yerinə yetirilməsində maraqlı deyillər. Məğlub durumdan çıxmaq üçün vaxt qazanmağa çalışırlar. Ermənistan rəhbərliyi bütün proseslərə, o cümlədən kommunikasiyaların açılması, sülh müqaviləsinin hazırlanması, delimitasiya danışıqlarına yalnız vaxt uzatmaq üçün vasitə kimi baxır. Pozuculuq fəaliyyətinə üstünlük verir. Ona görə də ermənilərlə hər hansı sahədə danışıqlar aparmağın, imzaladıqları bəyanata əməl edəcəklərini düşünməyin heç bir mənası yoxdur. Onların real hərəkətə keçməsi üçün real addımlar atmalıyıq. Erməni tərəfin sülhsevərliyi ”Dəmir yumruq" dadandan sonra üzə çıxır. Yenidən “Dəmir yumruq” işə düşməli, Azərbaycan ordusu beynəlxalq sərhədlərimiz daxilində olan Xankəndində oturub, erməni terror dəstələrinin başını birdəfəlik əzməlidir".
Deputat deyib ki, Ermənistan 2020-ci ilin 10 noyabr tarixində imzaladığı üçtərəfli bəyanatın icrasını ləngidir: “Birgə bəyanatın 9-cu bəndinin icrası kontekstində Ermənistan sülh prosesini və kommunikasiyaların açılmasını ləngidir. 2021-ci ilin 11 yanvar tarixində Moskvada imzalanmış üçtərəfli birgə bəyanata əsasən Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli komissiya mühüm razılıqlar əldə etsə də bu işdə də Ermənistan qeyri-konstruktivlik nümayiş etdirir. Rusiya baş nazirinin müavini Aleksey Overçuk iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması istiqamətində müxtəlif səfərlər həyata keçirsə də, əsas məsələ Ermənistanın regional layihələrə mane olmasının qarşısını almaqdır. Kommunikasiyaların açılması bütün region dövlətlərinin marağındadır. Azərbaycan öz üzərinə düşən işləri maksimum dərəcədə yerinə yetirməkdədir. Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək dəmir yolunun 60 kilometrlik hissəsi artıq tikilir. İşlər 2023-cü ildə başa çatdırılacaq. Avtomobil yolunda da işlər cədvəl üzrə gedir. Ermənistan tərəfi isə inşaatla bağlı iqtisadi və texniki əsaslandırmanı hələ həyata keçirməyib. Ermənistan nəinki sülh gündəliyinə riayət etmək istəmir, ardıcıl olaraq hərbi təxribat cəhdləri göstərir. 1 gün ərzində atəşkəsi 9 dəfə pozur! Ermənistan sülh prosesinə böyük zərbə vurur və Ermənistanı sülhə məcbur etmək lazımdır. Ermənistan nə 10 noyabr, nə Soçi, nə də Brüssel bəyanatının müddəalarını yerinə yetirir. Ermənistan müxtəlif dövlətlərin bölgədə təsir forpostudur və bu missiyadan da imtina etmək kimi maraqları yoxdur. Azərbaycanın dövlət başçısı Ermənistana xəbərdarlıq edib. Erməni revanşistlər xəbərdarlıqdan nəticə çıxarmasalar, ”Dəmir yumruq"dan bir daha “dadmalı” olacaqlar".
Alp Arslan İmamqulu: “Laçın dəhlizi bağlanmalıdır, bu, Azərbaycanın ərazi bütövlüyü və təhlükəsizliyi üçün olduqca önəmlidir”
Hərbi analitik, “M5 Müdafiə və Strategiya jurnalı”nın Qafqaz və Orta Asiya üzrə təmsilçisi Alp Arslan İmamqulu “Yeni Müsavat”a deyib ki, ermənilərin bu coğrafiyada tarixi missiyası məlumdur: “Onların missiyası bu coğrafiyada sülhü və istiqrarı pozma olaraq qiymətləndirilir. Bu gün ermənilər tərəfdən sülhə yanaşma gözləmək mənasızdır. Bilirik ki, Ermənistanın mövcud olduğu ərazi tamamən Azərbaycanın tarixi əraziləridir. Onlar 1918-ci ildə tanınan imtiyazlarla yetinməyərək Zəngəzuru da işğal ediblər. 1918 - 1920-ci illər arasında yüzlərlə kəndlərimizi yandırıb soyqırımlar törədiblər və bu əməllərində də sovet Rusiyası onlara dəstək olub. Bununla yanaşı, tariximiz saxtalaşdırılaraq qəhrəmanlarımız bizə xalq düşməni olaraq tanıdılmağa çalışılıb. Əvəzində isə düşmənlərimizin heykəlləri ucaldılaraq adlarına rayon, şəhər və kənd toponimləri qoyulub”.
Hərbi analitik deyir ki, tariximiz saxtalaşdırılsa da gerçəklər qan yaddaşımızdan silinməyib: “Azərbaycan dünyanın tanıdığı beynəlxalq sərhədlərin bərpası istiqamətində çox ciddi addımlar atdı və 44 günə tarixi torpaqlarımızı işğaldan azad etdik. Bütün bunlara baxmayaraq, ermənilər işğalçılıq siyasətlərindən və revanşist fikirlərindən əl çəkmək niyyətində deyillər. Biz sülhü sevən, insani-bəşəri dəyərləri qəbul edən, dəstəkləyən millət və dövlət olaraq 44 günlük müharibədən sonra ermənilərə yenidən fürsətlər tanıdıq ki, sülhə yanaşsınlar. Ərazilərimizdə mövcud olan mülkü əhalidən vətəndaşlığımızı qəbul etmələrini və qanunlara riayət etmələrini gözlədik. Ancaq bunu anlamadılar”.
Hərbi analitik vurğulayıb ki, amma 2 il ərzində tamamən bunun ziddini görməkdəyik: “Rusiya Federasiyasının işğaldan azad edilən ərazilərimizdəki dəstələri də həmin terrorçu qruplara havadarlıq edir, əllərindən gələn köməyi də əsirgəmirlər. Sadalananlar onu deməyə əsas verir ki, 10 noyabr üçtərəfli bəyanatının tələbləri tərəflərdən ikisinin - Ermənistanla Rusiyanın sayəsində tamamən pozulmuş hala gəlib. Bu səbəblə Laçın yolu bağlanmalıdır. Bu məsələ Azərbaycanın ərazi bütövlüyü və təhlükəsizliyi üçün olduqca önəmlidir. Ərazilərimizdə yaşayan erməni mənşəlilərə son xəbərdarlıq edilməlidir. Onlar ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da təcili şəkildə ərazilərimizi tərk etməlidirlər.
Sülhməramlı qüvvələr isə 10 noyabr üçtərəfli bəyanatına əks olaraq fəaliyyət göstərmələrinə, vəzifə borclarını yerinə yetirməkdən qərəzli şəkildə yayındıqlarına, beynəlxalq mandatlara zidd olaraq fəaliyyətlərinə görə ərazilərimizdən çəkilməlidirlər. Bu istiqamətdə qətiyyətli və sərt addımlar atılmalıdır".
Elşən MƏMMƏDƏLİYEV
Tarix: 28-07-2022, 11:12