Qarabağda yolun sonu göründü: - “Laçın şəhəri və 6 kənd…”


Ermənistan mediası Azərbaycan Ordusunun Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı müvəqqəti nəzarət bölgəsində hərbi əməliyyatlar keçirməsi barədə bir-birini təkzib edən məlumatlar yayıb.

Əvvəlcə, Azərbaycan Silahlı Qüvvələrinin Ağdərə istiqamətində irəlilədiyi və erməni əsgər Albert Baxşiyanın yaralandığı bildirilsə də, sonra cinayətkar qurumun adından yayılan açıqlamada vəziyyətin sabit olduğu qeyd edilib. Azərbaycan tərəfi bölgədə atışmanın baş verməsi ilə bağlı xəbərləri rəsmən təsdiq etməyib. Ancaq xarici işlər naziri Ceyhun Bayramovun avqustun 1-də ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Karen Donfridlə telefon danışığı zamanı Ermənistanın silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxartmadığını xüsusi vurğulaması bu problemin bölgədə hərbi əməliyyatların başlaması üçün ciddi səbəb olaraq qaldığını göstərir.

Xatırladaq ki, erməni silahlı birləşmələrin Azərbaycan ərazisindən çıxarılması tələbini Ceyhun Bayramov iyulun 16-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Tiflisdə keçirilən görüşündə irəli sürmüşdü. Bundan dərhal sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan qoşunların sentyabr ayına qədər Qarabağdan çıxarılacağını bildirmişdi. Ancaq indiyə qədər Ermənistan Ordusunun qalıqlarının Azərbaycan ərazisini tərk etməsi faktı qeydə alınmayıb.

Xanım Donfridin Ceyhun Bayramovla yanaşı, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla da telefonla danışması bölgədə vəziyyəti gərginləşdirəcək əsas risklərin mövcudluğunun Vaşinqtonun diqqətini cəlb etdiyini göstərir. Ermənistan mediasının məlumatında guya Ararat Mirzoyanla Karen Donfridin Azərbaycandakı “erməni əsirlər”in qaytarılması məsələsini müzakirə etdiyi qeyd edilir. Yəni silahlı birləşmələrin Azərbaycan ərazisindən çıxarılması ilə bağlı heç bir açıqlama verilmir. Ancaq müharibənin yenidən alovlanmasında əsas rol oynayacaq bir məsələnin Mirzoyanla Donfridin söhbətində müzakirə olunmadığı inandırıcı görünmür.

Sadəcə olaraq, Ermənistan XİN rəhbərinin bununla bağlı cavabı çox güman ki, qapalı müzakirə predmetidir. Azərbaycan isə Ermənistan silahlı birləşmələrinin çıxarılması məsələsində gözləmək fikrində deyil. Dia.az-ın məlumatınagörə, hərbi ekspert Ədalət Verdiyev Cebhe.info-ya açıqlamasında bildirib ki, Ermənistana verilən müddət başa çatdığından Azərbaycan hərbi əməliyyatlara başlamağa hazırdır:

“Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında yerləşən separatçı qurumun həqiqətə uyğun olmayan məlumat yayması birinci dəfə deyil. Buna baxmayaraq, Azərbaycan öz ərazisində hərbi əməliyyat keçirməkdə sərbəstdir və buna görə kimsədən icazə almaq niyyətimiz yoxdur. Sadəcə, Azərbaycan döyüş əməliyyatlarının başlanmasında maraqlı deyil. Əgər Azərbaycan bunda maraqlı olsaydı, 2020-ci il 10 noyabr Bəyanatının imzalanmasından sonra 22 ay gözləməzdi. Biz əməliyyatları əvvəl də bərpa edər və sülhmərmalıların müvəqqəti nəzarət zonasında qalmış 2-3 min nəfərlik silahlı birləşmələri rahatlıqla həmin ərazidən çıxara bilərdik. Azərbaycanın sülh danışıqları üçün beş bəndlik təklifləri Ermənistana təqdim etməsi ölkəmizin gündəmində müharibə deyil, sülhün olduğunu nümayiş etdirir. Ancaq görünür, nə Ermənistan, nə də cinayətkar rejimin nümayəndələri baş verənlərdən düzgün nəticə çıxarır. Hətta son günlər atəşkəsin pozulması halları artıb. Onlar yaxşı anlayırlar ki, belə təxribatlar cəzasız qalmaya bilər”.

Həmsöhbətimiz bildirib ki, istənilən halda Azərbaycan öz ərazilərindən silahlı birləşmələrin çıxarılmasında maraqlıdır:

“Artıq Ermənistan və separatçı qurum yolun sonuna gəldiklərini anlayır. Hesab edirəm ki, qalib tərəf kimi Azərbaycanın diplomatik təzyiqləri gələcəkdə də davam edəcək. Nəticədə, Ermənistan Azərbaycanla imzaladığı birgə Bəyanatın şərtlərini yerinə yetirməyə məcbur olacaq. Bir sıra hallarda qalib tərəf məğlub tərəflə masaya oturmur. Sənədi imzalayırlar və məğlub olana verirlər ki, get bunu icra elə. Ermənilər ərköyünlük etməyə çalışır. Ancaq bu Ermənistan üçün ağrılı-acılı nəticələr vəd edir. Azərbaycanın əsas məqsədi Laçın dəhlizində və Qarabağdakı silahlıların çıxarılmasına nail olmaqdır. Nazir Ceyhun Bayramov da diqqəti məhz bu problemə yönəldib. Onu da deyim ki, Azərbaycan diplomatik və siyasi müstəvidə prosesə nəzarəti tam təmin edib. Azərbaycan Ordusunun Qarabağın şimal-qərb istiqamətində irəliləməsi barədə Ermənistan mediasının ayaydığı məlumat həqiqət deyil. Əgər Fərruxda olduğu kimi belə irəliləmələr və ya yerdəyişmələr olacaqsa, bu barədə ictimaiyyətə məlumat veriləcək. Ermənilərə verilən vaxt başa çatıb. Ona görə də Azərbaycan təzyiqləri artırır ki, Ermənistan problemi gələcəyə saxlaya bilməsin. Artıq Ermənistan yolun sonuna gəlib. Biz Ermənistan Ordusunun qalıqlarının və hərbi texnikasının Azərbaycan əraqzisindən çıxarıldığını görmək istəyirik. Bundan sonra Laçın yoluna alternativ olan Zəngəzur dəhlizinin açılması barədə qərarı gözləyirik. Əgər Zəngəzur dəhlizi açılmasa, o halda Laçın dəhlizi nə üçün açıq qalmalıdır?”

Ədalət Verdiyevin sözlərinə görə, Laçın şəhərindən yan keçməklə Xankəndi və Ermənistan arasında nəqliyyat əlaqəsini təmin edəcək yeni yolun inşası cari ilin sonuna qədər tam yekunlaşacaq. Bundan sonra Laçında qanunsuz məskunlaşmış ermənilərin çıxarılmasına başlanacaq:

“Laçın şəhəri və altı kənddən ibarət 160 kvadrat kilometrlik ərazidən ermənilərin çıxarılması 2023-cü ilin yazında, ən geci may ayına qədər yekunlaşacaq və Azərbaycan bayrağı Laçına sancacaq. Azərbaycan tərəfi yolun inşası başa çatan kimi erməniləri orada çıxaracaq. Ermənistan öz ərazisində yolun davamını hələ tikməyib. Amma bu, bizi maraqlandırmır. Ermənilər istəyirlər torpaq yolla gedib-gəlsinlər”.
Tarix: 2-08-2022, 22:34
Xəbəri paylaş





Xəbər lenti