Paşinyan: “Ermənistan Naxçıvanla əlaqəni təmin etmək öhdəliyi götürüb”


Deputat: “Zəngəzur dəhlizi ləngiyirsə, Laçın dəhlizi də olmayacaq”
Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında rabitəni öz ərazisindən təmin etməyə hazırdır. Lakin bu, məhz Ermənistanın qanunvericiliyinə müvafiq şəkildə olmalıdır”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 4-də hökumətin iclasında deyib.
Baş naziri iddia edib ki, Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında rabitəni təmin etməklə bağlı öhdəlik götürüb:
“Biz bunu təmin etməyə hazırıq, ancaq Azərbaycan bizim təqdim etdiyimiz imkanlardan yararlanmır. Bu gün də deyirik: Ermənistanın ərazisindən keçin, ancaq Ermənistanın qanunvericiliyinə uyğun olaraq. Ötən ildən bizdə bəzi yerlərdə Ermənistanın gömrük və sərhəd xidmətlərinin məntəqələri qurulub. Azərbaycana bildirmişik ki, onlar Ermənistan qanunvericiliyinin müəyyən etdiyi qaydada istənilən vaxt sərhəddən keçə və Naxçıvanla rabitə qura bilərlər”.
Yeni yola gəlincə, Paşinyan üçtərəfli bəyanatda onun tərəflərin qarşılıqlı razılığı hesabına mümkünlüyünün dəqiq əks olunduğunu deyib:
“Biz deyirik ki, həmin yolun marşrutunun müzakirəsinə ikinci məsələ kimi baxırıq. Birinci məsələ isə hüquqi prosedurların müəyyənləşdirilməsi və işə salınmasıdır. Rəsmən bəyan edirəm ki, Azərbaycan bir neçə məntəqədə Ermənistanın sərhədindən keçə və Naxçıvana gedə bilər. Bunu hərfi olaraq şərh etsək, biz Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında rabitəni təmin etməliyik. Azərbaycanın ən qərb bölgəsi Qazaxdır, onları buraxmağa hazırıq, keçib Naxçıvana getsinlər və biz onların hərəkətinin təhlükəsizliyinə zəmanət veririk. Həm də təkcə Qazax-İcevan bölgəsində yox, üstəlik, Vardenis, Yerasx, Gorus bölgələrində. Ancaq Azərbaycan bu dövr ərzində bundan yararlanmağa heç bir səy göstərməyib. Bu, Ermənistan qanunvericiliyinin müəyyənləşdirdiyi qaydada baş verməlidir”.
Deputat Elman Məmmədov Ermənistan Baş nazirinin söylədiklərinə ciddi yanaşmadığını bildirib.
Elman Məmmədov. Foto: “Report”
Elman Məmmədov Meydan TV-yə deyib ki, hər dəfə Nikol Paşinyan, yaxud Qriqoryan hansısa bəyanatı səsləndirəcək deyə Azərbaycan da ona cavab verməyə borclu deyil:
“Onsuz da Ermənistan və havadarları olan üç həmsədr dövlət 30 ildir ki, bizə qarşı eyni davranışı sərgiləyirlər. Bir məqamı unutmayaq ki, hazırkı siyasi situasiyada Azərbaycan şərtlərini diktə edir. Güclü ordu və güclü iqtisadiyyat bizə bu imkanı yaradır”.
Deputat hesab edir ki, əgər Zəngəzur dəhlizi ləngiyirsə, Laçın dəhlizi də olmayacaq:
“Sovet dövründə həmin əlaqələr sərhədboyu idi. İki yol var idi: birincisi Mehri yolu adlanan hissə, ikincisi də Laçından Gorusa, ardınca Sisyandan Batabatın yanından Şahbuza keçirdi. Qazax söhbəti yox idi. İndi yenidən Qazax məsələsini gündəmə gətirmək təxribatdır, vaxt udmaq məqsədi daşıyır. Ona görə Paşinyanın dedikləri cəfəngiyyatdır”.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.
Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.
Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.
Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.
İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.
Tarix: 6-08-2022, 07:12
Xəbəri paylaş





Xəbər lenti