“Revanşist qüvvələr və onlara dəstək verən müəyyən maraqlı dairələr aktivləşiblər” - NƏ ETMƏLİ?
Azərbaycan Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Hava hücumundan müdafiə bölmələrinin fəaliyyəti barədə məlumat yayıb. Xəbərdə deyilir ki, sözügedən bölmələrdə sutkaboyu fasiləsiz olaraq xidmət aparılır, hava məkanımız daima izlənilir və müvafiq tədbirlər görülür:
“Yüksək döyüş hazırlığı,hava hücumundan müdafiə bölmələrinin sayıqlığı sayəsində avqustun 13-ü Şuşa şəhəri ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərən qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrakopter aşkar edilmiş və xüsusi üsulla endirilərək ələ keçirilib. Azərbaycan-Ermənistan dövlət sərhədində, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində döyüş növbətçiliyi aparan Ordumuzun şəxsi heyəti istənilən təxribatın qarşısını almağa hazırdır". Dia.az-ın məlumatına görə, ehtiyatda olan polkovnik Şair Ramaldanov MN-nin açıqlamasından “Sherg.az”a danışarkən bildirib ki, son “Qisas” əməliyyatı da sübut etdi ki, Azərbaycan Ordusu hər zaman istənilən təxribatın qarşısını ala bilər:
“Son günlər Azərbaycan-Ermənistan sərhəddində təxribatların çoxalması heç də təsadüfi deyil . Hazırda Azərbaycan ərazisində, Laçın rayonunda yerləşən ermənilərin köçü başlayıb. Onlara avqustun 25-nə qədər vaxt verilib. Bu səbəbdən təxribatçı qüvvələr işə keçib prosesi ləngitməyə çalışırlar. Digər tərəfdən, qısa zamanda Azərbaycanın öz iqtisadi gücü hesabına Laçın dəhlizini açmaq istəməsi Ermənistandakı revanşist qüvvələri narahat edir”. Ş.Ramaldanov diqqətə çatdırıb ki, indi Cənubi Qafqazda və Azərbaycan-Ermənistan sərhəddində, regionda sülhü mənimsəyə bilməyən, reallığı qəbul etmək istəməyən qüvvələr, həm də onlara dəstək verən müəyyən maraqlı dairələr aktivləşiblər:
“Bu fonda təxribatların da artması gözləniləndi. Buna görə də Azərbaycan Ordusu Ermənistanla sərhəddi daim əməliyyat şəraiti nəzarətində saxlayaraq bütün prosesləri izləyir. Qabaqlayıcı tədbirlərlə hər hansısa istiqamətdə baş verə biləcək təxribatlara qarşı adekvat cavab tədbirləri görür”.
Müsahibimizin sözlərinə görə, həm rus sülhməramlı qüvvələri yerləşən ərazidə sıx yaşayan ermənilər, həm də revanşist qüvvələr reallıqla barışmalıdır:
“Onlar artıq öz çirkin təxribatlarından əl çəkməlidirlər. Anlamalıdırlar ki, təxribatların bu şəkildə davam edəcəyi müddətdə, Azərbaycan Ordusu “gözünü qırpmadan” öz üzərinə düşəni lazımınca yerinə yetirəcək”