"Rusiya hərbçiləri yalnız alternativ yola nəzarət edəcək, Laçında heç bir yeni dəhliz ola bilməz..." - Ekspert danışır


Alternativ yolun çəkilişindən sonra Laçın və Şuşa sakinlərini narahat edən əsas məsələlərdən biri də həmin yola yenidən hər tərəfdən hava xətti ilə 2,5 kilometrlik məsafə olmaqla 5 km.-lik dəhliz statusu veriləcəyi halda Laçın rayonunun Ağanus, Unannovu, Mığıdərə, Məlikpəyə, Malxələf, Şuşa rayonunun isə hazırda onsuz da "sülhməramlı"ların nəzarətində olan Zarıslı, Zamanpəyəsi, Xəlfəli, Qaybalı və s. kəndlərinin bilavasitə həmin dəhliz ərazisində Rusiya hərbi kontingentinin və dolayısıyla ermənilərin nəzarəti altında qalması ehtimalıdır... DİA.AZ xəbər verir ki, politoloq Cümşüd Nuriyev mövzu ilə bağlı Moderator.az-ın sualını belə cavablandırıb:

"Əslində, həmin 5 km.-lik dəhliz məsələsini nə Rusiya, nə də Ermənistan həll edir -bunu Azərbaycan dövləti həll edir. Əvvəllər də dediyimiz kimi, beynəlxalq hüquq baxımından Rusiya “sülhməramlı”larının Azərbaycan torpaqlarında yerləşməsi üçün heç bir hüquqi mandatı yoxdur. Sadəcə, 10 noyabr üçtərəfli bəyanat-razılaşması var ki, onu da Azərbaycan parlamenti ratifikasiya etməyib. Nə də BMT Rusiya hərbçilərinə hər hansı mandat verib. Odur ki, Azərbaycan istədiyi vaxt “sülhməramlı”ların ölkə ərazisindən çıxarılmasını tələb edə bilər. Bəyanatın da belə bir xüsusiyyəti var ki, hər bir tərəfin stənilən vaxt oradan çıxması mümkündür. Hətta hər hansı bir dövlətin könüllü qoşulduğu və parlamet tərəfindən təsdiqlənmiş beynəlxalq müqavilələrdən istənilən dövlət 6 ay müddətində çıxa bilər... Yəni əgər Rusiya “sülhməramlı”ları Azərbaycanın ərazi bütövlüyünə hər hansı bir müdaxilə etsə, Azərbaycanın birtərəfli qaydada həmin bəyanatdan imtina etmək ixtiyarı var.

Digər tərəfdən, 22 fevral 2022-ci ildə bağlanmış müqaviləyə görə də Rusiya Azərbaycana müdaxilə edə bilməz. Eyni zamanda 15 iyun 2021-ci il tarixli Şuşa Bəyannaməsinə əsasən Türkiyə də Azərbaycanın qarantıdır... Rusiya da ağlını o dərəcədə itirməyib ki, Qarabağdakı 3-4 erməniyə görə Ukraynada bataqlığa düşdüyü indiki onsuz da ağır vaxtında Türkiyə ilə qarşıdurmaya gedə... Putinə özü üçün ikinci cəbhə açmağa ehtiyac yoxdur... Bir sözlə, hesab edirəm ki, qalan 2-3 illik müddətdə Rusiya hərbi kontingenti yalnız alternativ yola nəzarət edəcək, Laçında heç bir yeni dəhlizdən söhbət gedə bilməz".
Tarix: 19-08-2022, 10:35
Xəbəri paylaş





Xəbər lenti