Hədəfə doğru: Zəngəzur dəhlizi nə vaxt açılacaq? - AKTUAL
Ermənilər Laçın şəhəri və dəhliz üzərində yerləşən kəndləri tərk edirlər.
44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə başa çatdıqdan sonra Qarabağ 27 ildən sonra yenidən öz sahiblərinə qayıtdı. 10 noyabr 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanat imzalandı.
Lakin bu üçtərəfli Bəyanata rəğmən, ermənilər uzun müddət Laçını tərk etməmək üçün müqavimət göstərdilər. Buna baxmayaraq, Azərbaycan Laçın dəhlizinə alternativ yol çəkdi və Ermənistan tərəfini də bu yoldan istifadə etməyə vadar etdi. Rəsmi Bakının uğurlu siyasəti nəticəsində ermənilər bütün etirazlarına rəğmən Laçını tərk etməyə başladılar. Onlar artıq Laçın şəhərini, Zabux və Sus kəndlərini tərk edirlər. Bundan sonra Laçın dəhlizinə alternativ olaraq çəkilən yeni yoldan istifadə olunacaq.
Rəsmi Bakı həmçinin, üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq Zəngəzur dəhlizinin açılması üçün də uğurlu siyasətini davam etdirir. Heç şübhəsiz ki, Ermənistanın Laçınla bağlı müqaviməti qırıldığı kimi Zəngəzur dəhlizi ilə bağlı da geri addım atmağa məcbur olacaq. Görünən odur ki, Naxçıvanla quru əlaqəsi də yaxın vaxtlarda təmin olunacaq. Əks təqdirdə, Azərbaycan Ordusu güc yolu ilə də öz qanuni haqqını həyata keçirmək üçün hər zaman hazırdır. Sonuncu “Qisas” əməliyyatı buna ən gözəl nümunədir. Dia.az-ın məlumatına görə, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Zəngəzur dəhlizinin açılması da uzaqda deyil:
“Təbii ki, Laçın Azərbaycanın nəzarətinə keçməli idi. Bununla bağlı bir müddətdir ki, söhbətlər gedirdi. Şükürlər oslun ki, biz addım-addım olsa da, hədəfimizə çatmaqdayıq. Əslində, Laçın dəhlizinin Azərbaycanın nəzarətinə keçməsi 10 noyabr üçtərəfli Bəyanata müvafiq olaraq bir müddət sonra baş verməli idi. Prosesi tezləşdirmək Azərbaycanın uğurudur.
Amma həmin Bəyanatda Zəngəzur dəhlizini özündə ehtiva edən, kommunikasiya xətlərinin açılması ilə bağlı konkret müddəa var. Həmin müddəanın altında üç dövlət başçısının imzası var. Təəssüflər olsun ki, qarşı tərəf bu prosesi əngəlləyir. Əminik ki, Zəngəzur dəhlizinin açılacağı gün uzaqda deyil. Bu, reallıqdır və bölgədə olan ölkələrə iqtisadi güc verəcək bir layihədir. Sadəcə olaraq, ermənilər müəyyən formada müqavimət göstərir və formada təbliğat aparırlar.
Ermənilər düşünürlər ki, kommunikasiya xətlərinin açılması onlara iqtisadi cəhətdən nəfəslik olsa da, əslində bizim tarixi türk torpaqlarına qayıtmağımız gələcəkdə həmin ərazilərin də tam olaraq Azərbaycanın nəzarəti altında olacağı mənasına gəlir.
Ona görə də buna müəyyən qədər müqavimət var. Təəssüf olsun ki, bu məsələdə cənub qonşumuz İran da bu və ya digər formada Ermənistana dəstək verməkdədir. Amma reallıqlar dəyişib, Zəngəzur dəhlizinin də açılacağı gün uzaqda deyil”.