Ermənilər alternativ yolla da SİLAH-SURSAT DAŞIYACAQLAR? - AKTUAL

Ermənilər alternativ yolla da SİLAH-SURSAT DAŞIYACAQLAR?
“Azərbaycan hökumətinin inşasını yekunlaşdırdığı Laçın dəhlizinə alternativ avtomobil yolu ilə hərəkət yaxın bir həftədə mümkün olacaq”.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı yol infrastrukturu layihələrinə cəlb edilməsi üçün alınmış yol texnikası və maşın-mexanizmlərin təqdimatında deyib.

Yeni alternativ yolla bağlı bir mühüm məqam da var. Məsələ ondadır ki, Laçın dəhlizi vasitəsilə Qərbdəki, xüsusən də Fransadakı ermənipərəst siyasi avantüristlər, emissarlar Xankəndinə vaxtaşırı qalmaqallı səfərlər edirlər. Faktiki buranı “su yolu”na döndəriblər. Bəs yeni yolda da onlar Bakının rəsmi razılığı olmadan rahatca hərəkət edə, Qarabağa keçə biləcəklərmi? Azərbaycan bu xüsusda hansı ön tədbirlər planlaşdırıb? Və ən əsası, bu yolun statusu necə olacaq, əvvəlki kimi, dəhliz statusunda və nəzarətsizmi (yalnız Rusiya sülhməramlılarının nəzarətindəmi) olacaq? Dia.az-ın məlumatına görə, politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, artıq bundan sonra Xankəndidəki ermənilərin Ermənistana gediş-gəlişini təmin edəcək marşrut istiqaməti Laçın şəhərindən kənar keçəcək: “Azərbaycan dövləti bu ilin 15 avqustundan bəyan edib ki, Azərbaycan ərazisindən keçəcək yeni marşrut istiqaməti tam istismara hazırdır. Lakin Ermənistan tərəfi, təəssüf ki, bu günə qədər Ermənistan ərazisindən keçəcək 10 kilometrlik yolun tikintisi ilə bağlı elementar zəruri addımları belə atmayıb. Yeni yolun açılması bir sıra ciddi sualları da ortaya çıxarıb Bu, xüsusilə Laçın dəhlizi vasitəsilə Qarabağa Xankəndinə rahat şəkildə Rusiya sülhməramlı qüvvələrinin gözündən yayınaraq və ya onların gözü qarşısında səfərlər edən çoxlu sayda həm Ermənistan, həm də üçüncü dövlətin nümayəndələrinin səfərlərinin necə olacağı ilə bağlıdır. Xüsusilə nəzərə almaq lazımdır ki, bir sıra Qərb dövlətləri tərəfindən mütəmadi şəkildə İrəvana, oradan isə Laçın dəhlizi vasitəsilə Xankəndinə səfərlər edilir. Rusiya sülhməramlı qüvvələri müharibədən sonrakı iki ilə yaxın müddət ərzində bu səfərlərin qarşısının alınması istiqamətində ciddi heç bir addım atmayıb. Bir çox hallarda təxribatçı, bir çox hallarda separatçılara dəstək verəcək, Azərbaycanın ərazi bütövlüyünə, sərhəd bütövlüyünə xələl gətirəcək, dövlət suverenliyi ilə bağlı suallar yaradacaq bəyanatlar səsləndirən şəxslərin bölgəyə səfərinə icazə verilib. Çoxlu sayda ermənipərəst Avropa parlamentarilərinin bölgəyə qanunsuz səfərlərinin, eyni zamanda Fransanın ayrı-yarı şəhərlərinin merlərinin, mətbuat nümayəndələrinin, erməni diaspor təşkilat nümayəndələrinin bölgəyə səfərlərini misal çəkə bilərik.
Bu faktlar bundan sonra da belə təxribatçı şəxslərin bölgəyə səfərlərinə imkan verilib-verilməyəcəyi məsələsini gündəmə gətirib. Eyni zamanda ikinci bir sual Ermənistan tərəfinin 10 noyabr üçtərəfli bəyanatının 9-cu bəndinin tələbinə uyğun olaraq Azərbaycanın əsas hissəsini Naxçıvan bölgəmizlə maneəsiz şəkildə birləşdirəcək dəhlizin çəkilişi ilə bağlı ciddi problemlər yaratdığı indiki şəraitdə Ermənistanla Xankəndini birləşdirəcək yeni yolun statusu məsələsini də gündəmə gətirib, bununla bağlı da suallar yaradıb. Hesab edirəm ki, hər iki sualla bağlı Azərbaycan tərəfinin mövqeyi dəqiq və aydındır. Azərbaycan tərəfi birmənalı şəkildə bəyan edib və bundan sonra da həmin tələblərin yerinə yetirilməsinə nəzarəti Azərbaycan öz üzərinə götürəcək, avtomobillərin yoxlanışını da Azərbaycan həyata keçirəcək".

Politoloq qeyd etdi ki, Laçın dəhlizinə alternativ yeni yoldan yalnız Qarabağdakı erməni icmasının nümayəndələri istifadə edə bilərlər və bu yol onların Ermənistanla əlaqələrini təmin etmə funksiyasını yerinə yetirir: “Digər şəxslərin, eləcə də Ermənistan vətəndaşlarının, qanunsuz şəkildə bölgəyə səfər edən üçüncü dövlətin nümayəndələrinin yeni Laçın yolundan istifadə etmələri tam qanunsuz hərəkət kimi qiymətləndiriləcək. Bu cür qanunsuz hərəkətlərin qarşısının alınmasına Azərbaycan dövləti bundan sonra nəzarəti həyata keçirəcək. Yeni yolun çəkilişi və bu istiqamətdə bütün zəruri texniki avadanlıqların quraşdırılması, eyni zamanda Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın qeyri-müəyyən və adekvat olmayan reaksiyası Azərbaycan dövlətinin Laçın dəhlizinə alternativ yolla bağlı status məsələsini də yenidən gündəmə gətirmə hüququnu yaradır. Hesab edirəm ki, Laçın yoluna hansı beynəlxalq səviyyədə hansı status tanınacaqsa, Qarabağdakı erməni icmasının Ermənistanla əlaqələrini quracaq yeni Laçın yoluna da eyni status veriləcək. Bundan sonra bölgəyə səfər edən istənilən şəxs məhz Azərbaycan dövlətinin müvafiq qurumlarının nümayəndələrinin yoxlanışından keçdikdən sonra bölgəyə daxil ola biləcəklər. Dəhliz statusunu istəyirlərsə, Ermənistanın yeganə çıxış yolu Zəngəzur vasitəsilə Azərbaycanın əsas hissəsini Naxçıvan bölgəsi ilə birləşdirəcək yola da eyni statusun verilməsi və tanınması, orada təhlükəsizlik məsələsinin Ermənistan tərəfindən öz üzərinə götürülməsi, dəhlizə Rusiya sərhəd qoşunlarının nəzarət etməsindən keçir. Başqa variant mümkün deyil”.
Tarix: 27-08-2022, 08:41
Xəbəri paylaş





Xəbər lenti