“44 günlük müharibədə Xankəndini ələ keçirsəydik, indi başqa mövzuları müzakirə edəcəkdik” - Politoloq
Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Şuşada keçirilən beynəlxalq konfransda deyib ki, 44 günlük müharibədə Xankəndiyə girməyə çox yaxın idik, ancaq bu, çox çətin qərar idi. Hikmət Hacıyev deyib ki, biz mülki əhalinin ölümünü görmək istəmədik, çünki bu, insani məsələ idi. Politoloq Kamal Əliyev Ovqat.com-a açıqlamasında deyib ki, əslində, Azərbaycan ordusu Xankəndiyə nəzarəti ələ keçirsəydi, indi tamamilə fərqli mövzuları müzakirə edəcəkdik: "Bilirsiniz ki, Şuşanın geri qaytarılmasından sonra Xankəndiyə daxil olmaq və şəhərə nəzarəti ələ keçirmək çox çətin deyildi. Hər halda, erməni tərəfinin yaydığı xəbərlərdə deyilirdi ki, şəhərdən mülki şəxslər evakuasiya olunub. Təbii ki, belə olan halda, Xankəndidə ancaq separatçı erməni hərbçiləri qalmışdı və onların zərərsizləşdirilməsi elə də çətin məsələ deyildi. Eyni zamanda, düşünürəm ki, Xankəndiyə nəzarət indi bizə danışıqlar prosesində daha mühüm üstünlüklər qazandıracaqdı. Xankəndi ilə bərabər Laçın dəhlizinə də nəzarət imkanları vardı. Fikrimcə, Rusiya bu məsələnin birdəfəlik həlllini qəbullana bilmədi və istisna etmirəm ki, məhz Xankəndi məsələsində də Kreml Azərbaycana ciddi təzyiqlər göstərməyib. Bu, mənim analizmdir. Yəni, müharibədən iki il ötüb və mən bu qənaətə gəlmişəm".
Kamal Əliyev prezidentin köməkçisi Hikmət Hacıyevin ATƏT-in Minsk Qrupunun bundan sonrakı fəaliyyəti, ABŞ-ın yeni həmsədr təyin etməsinə də münasibətini bildirdi. Həmsöhbətimizin dediyinə görə, bu gün faktiki olaraq Minsk Qrupunun aktivləşdirilməsinə, bu formatın canlandırılmasına nə elə bir ciddi təlıb var, nə də ehtiyac: "Gəlin bir detalın altını cızaq ki, hazırda Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası, mina xəritələri, itkin düşmüş şəxslərlə baglı məsələləri Avropa İttifaqı müzakirə edir. Yəni bu məsələdə əsas təşəbbüskar Aİ və Rusiyadır. İndi bu ayın sonunda Brüsseldə Mişel-Əliyev-Paşinyan, Moskvada isə Azərbaycan,Ermənistan Baş nazirlərinin görüşü keçiriləcək. Görürük ki, Qarabağ problemi ətrafında müzakirələrdə Aİ və Rusiya var. Ancaq ABŞ ATƏT-in Minsk Qrupuna yeni həmsədr təyin edib. Güman edirəm ki, Fransa da eyni addımı atacaq. Həm də bu ölkələrin Azərbaycandakı səfirləri Şuşaya da getmirlər. Mənə görə, həm ABŞ, həm də Fransa Qarabağ probleminin birdəfəlik həllininə Rusiyanın töhvə verəcəyinə inanmırlar, həm də bu iki ölkədə güclü erməni diasporası öz pozucu rolunu oynamaqdadır. Erməni diasporası, lobbisi Qarabağ probleminin həllində maraqlı deyil. Səbəb də budur ki,diasporanın mövcudlugu səbəblərindən biri də Qarabağ mövzusudur. Ümid edirəm ki, Brüsseldə keçiriləcık növbəti üçtərəfli görüşdə sülh müqaviləsi istiqamətində işçi qrupu yaradılacaq. Məncə, bu, ən vacib məsələdir" - deyə Kamal Əliyev bildirdi.
Tarix: 29-08-2022, 08:30