"5 il sonra Qarabağa "Böyük Qayıdış" planının bir hissəsini icra edə bilərik"
Samir Hümbətov: "Bu prosesin reallaşması üçün təqribən 25-30 milyard manat vəsait lazımdır ki, bu da təbii olaraq müəyyən vaxt tələb edir"
Elxan Şahinoğlu: "Hesab edirəm ki, Şuşa və Laçına köçürülməni daha sürətlə həyata keçirtmək olar, çünki orada infrastruktur tam dağıdılmayıb"Xaqani Cəfərli: "Azərbaycan hakimiyyəti torpaqların məskunlaşdırılması ilə bağlı siyasətini yenidən nəzərdən keçirməlidir"Hazırda Qarabağa "Böyük Qayıdış" planı sürətlə reallaşmaqdadır. Ölkə başçısı İlham Əliyev də öz çıxışlarında dəfələrlə
bildirib ki, tezliklə məcburi köçkünlərimizin öz dədə-baba yurdlarına qayıdacaqlar
. Söz yox ki, bu müddət ərzində bizi ərazilərin minalardan təmizlənməsi, yollar, kommunikasiya xətlərinin çəkilməsi, ictimai əhəmiyyətli binalar, obyektlərin tikilməsi və s. kimi böyük işlərin həyata keçirilməsi gözləyir. Bu isə bir qədər zaman alacaq."Rusiya və Ermənistan tərəfi minaların doğru xəritələrini vermədi, ona görə də bu proses uzandı"Qeyd edək ki, Qarabağa "Böyük Qayıdış"la bağlı "Hürriyyət"ə danışan "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları" Mərkəzinin sədri, politoloq Samir Hümbətovun fikrincə, Ermənistan və Rusiya tərəfinin mina xəritələrini yanlış təqdim etməsi, bu gün Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mina təhlükəsinin və faciəsinin olmasına əsas səbəbdir: "Həmin ərazilərdə mina təmizləmə işləri xeyli vaxt apardı. Bu proses əhalinin Qarabağda məskunlaşmasını ləngidən səbəblərdəndir. Qarabağa tam qayıdış məsələsi indiki halda o qədər də real görünmir. Çünki biz son baş verən proseslərdən də görürük ki, ermənilərin həm birinci, həm ikinci Qarabağ savaşında, həmçinin son dövrlərdə Qarabağ ərazisində xeyli sayda bastırdığı minalar var. Hələlik, bu minalar təmizlənir və demək olar ki, bu minalar hər ay bir neçə Azərbaycan vətəndaşının, hərbçisinin həyatını təhlükə altına qoyur. Belə ki, onlar ya yaralanırlar, ya da həyatlarını itirirlər. Bu isə heç də xoş qarşılanan hal deyil. Ona görə də düşünürəm ki, Azərbaycanın Qarabağa qayıdış məsələsinin başlayacağı dövr tam şəkildə bəlli deyil".Politoloq bildirib ki, bu proses 3-4 mərhələ üzrə həyata keçirilir: "1-ci mərhələdə həmin ərazilərdən minalar tam şəkildə təmizlənməlidir, 2-ci mərhələdə orada infrastruktur qurulmalıdır, 3-cü mərhələdə binalar tikilməli, qəsəbələr, yaşayış yerləri salınmalıdır. 4-cü mərhələ isə artıq əhalinin köçürülməsi prosesidir. Düşünürəm ki, bütün bunların həyata keçirilməsi üçün ən azı bir neçə il vaxt lazımdır. Çünki geridə qoyduğumuz müddət ərzində minaların təmizlənməsini tam şəkildə həyata keçirə bilməmişik. Onu da qeyd edim ki, Rusiya və Ermənistan tərəfi minaların doğru xəritələrini vermədi. Ona görə də bu proses uzandı. Əgər biz sürətli bir şəkildə həmin ərazilərdə minalardan təmizlənmə və infrastruktur işlərini həyata keçirə biləriksə, 5 il müddətində Qarabağa qayıdış proqramının tam şəkildə olmasa da, müəyyən bir hissəsini icra edə bilərik"."Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları" Mərkəzinin sədri onu da əlavə edib ki, əhalinin işğaldan azad olunmuş ərazilərdə rahat şəkildə məskunlaşması üçün həmin ərazilərdə quruculuq işləri həyata keçirilməli, yeni şəhər, qəsəbə, rayonlar salınmalıdır: "Bunun üçün isə dövlət büdcəsindən külli miqdarda vəsait ayrılmalıdır. Bu da təbii olaraq müəyyən vaxt tələb edir. Qarabağda məskunlaşmaq üçün sözügedən proseslərin tam icrası qısa vaxt ərzində mümkün deyil. Digər tərəfdən, bu proses böyük miqdarda, təqribən 25-30 milyard manata qədər maliyyə xərcləri tələb edir və bu vəsaitin qarşılanması da lazımdır. Azərbaycan bu xərcləri birdən-birə ayıra bilməz, bunun üçün müəyyən zaman lazımdır. Əgər bu zaman ərzində işğaldan azad olunmuş torpaqlarda minaların təmizləməsi prosesini həyata keçirib, daha sonra da infrastruktur layihələrini, yəni işıq, qaz, su və digər xəttlərin çəkilməsini icra edib və həmin ərazilərdə qəsəbələr, kəndlər, şəhərlər salınarsa, o zaman əhalinin məskunlaşdırılmasına başlanıla bilər. Bütün bunlar isə böyük miqdarda maliyyə vəsaiti tələb edir. Bu gün artıq əhali Ağalı kəndində məskunlaşdırılıb. Çünki orada bütün infrastruktur layihələri tam şəkildə həyata keçirilib və artıq insanlar orada rahat şəkildə yaşaya bilirlər. Eləcə də digər ərazilərdə də bu qaydada tikinti üzrə layihələr tam şəkildə icra olunarsa, düşünürəm ki, əhalinin yaxın 5 il ərzində Qarabağa qayıdıb rahat şəkildə məskunlaşmasının şahidi ola bilərik"."İşğaldan azad olunmuş ərazilərdə təhlükəsizliyin təmin edilməsi və yenidənqurma işlərinin bərpası xeyli vaxt aparacaq""Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da "Hürriyyət"ə açıqlamasında qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə təhlükəsizliyin təmin edilməsi və yenidənqurma işlərinin bərpası xeyli vaxt aparacaq: "Qarabağda təhlükəsizlik problemləri tam şəkildə həll olunmalıdır ki, insanların böyük axını təşkil edilə bilsin. Birinci növbədə yollar, qəsəbələr, ətraf rayonlar minalardan təmizlənməlidir. Daha sonra isə yaşayış evləri tikilməlidir. Məsələn, Zəngilanın Ağalı kəndinə köçürülmə prosesi üçün nə qədər enerji sərf olundu, yollar, ətraf minalardan təmizləndi, evlər tikildi.Yəni, bütün bunlar xeyli vaxt alır. İnsanların işğaldan azad olunmuş ərazilərə qayıtması üçün şəhərlər, qəsəbə və kəndlər salınmalıdır. Bütün bunlara görə, hələ çox vaxt sərf olunacaq
".
Politoloqun qənaətincə, ilk növbədə Şuşa və Laçına köçürülməni həyata keçirmək mümkündür: "Hesab edirəm ki, Şuşa və Laçına köçürülməni daha sürətlə həyata keçirtmək olar. Çünki orada infrastruktur tam dağıdılmayıb. Yəni, o istiqamətdə daha sürətli iş həyata keçirtmək olar"."Hazırkı dövrdə bütün dünyanın nəzəri məhz Ukraynanın bərpasına yönəldiyi üçün Azərbaycanın əlavə maliyyə mənbələr cəlb əldə etməsi bir qədər mürəkkəbdir"Mövzu ilə bağlı fikirlərini "Hürriyyət"lə bölüşən politoloq Xaqani Cəfərli isə hesab edir ki, hazırkı şəraitdə əhalinin Qarabağa qayıdışı ciddi problemdir: "Qarabağa qayıdışla bağlı hökumətin dəqiq planı olmadığı üçün konkret fikir bildirmək çox çətindir. Torpaqlarımızın işğaldan azad olunmasından 20 aydan artıq vaxt keçməsinə baxmayaraq, işğaldan azad olunmuş kənd, qəsəbə və şəhərlərin sakinlərinin nə zaman torpaqlarına qayıdacağı ilə bağlı aydın fikirlər mövcud deyil. Hakimiyyət bir qayda olaraq işğaldan azad olunmuş torpaqlarda məskunlaşmanın 2040-cı ildə başa çatacağı ilə bağlı fikir bildirib. Lakin nəzərə alsaq ki, bütün abadlıq, quruculuq işlərini dövlət öz üzərinə götürüb
, aydındır ki, qarşıdakı illərdə bu proqramları həyata keçirmək çox çətin olacaq. Xüsusilə, nəzərə alsaq ki, 2023-cü ildən etibarən neftin və qazın qiymətinin aşağı düşəcəyi gözlənilir, o zaman Azərbaycanın büdcə gəlirlərinin də azalacağı şübhəsizdir. Təəssüf ki, Azərbaycan hakimiyyəti işğaldan azad olunmuş torpaqlarda məskunlaşdırılma ilə bağlı bütün məsələləri öz üzərinə götürdüyü üçün bura əhalinin imkanları cəlb olunmayana kimi prosesi həyata keçirtmək çox çətin olacaq. Çünki yüzlərlə kənd, bir neçə şəhər, bir neçə qəsəbənin abadlaşdırılması, 0-dan qurulması qarşıda dayanır. Ona görə də çox böyük vəsait tələb olunur. Azərbaycan dövlətinin hal-hazırda bu vəsaiti təmin etmək imkanları çox məhduddur. Xüsusilə, nəzərə alsaq ki, bu günə kimi kənardan hər hansı bir sərmayə cəlb etmək mümkün olmayıb və qarşıdakı illərdə də mümkün olacağı qeyri-müəyyən görünür".
Politoloqun sözlərinə görə, hazırkı dövrdə bütün dünyanın nəzəri məhz Ukraynanın bərpasına yönəldiyi üçün Azərbaycanın əlavə maliyyə mənbələr cəlb əldə etməsi bir qədər mürəkkəbdir: "Türkiyə və Orta Asiya respublikalarının da Azərbaycana bu məsələdə ciddi yardım etmək imkanları mövcud deyil. Hesab edirəm ki, Azərbaycan dövləti bu məsələləri xalqınla paylaşmalıdır. İnsanlar öz torpaqlarına qayıdıb, dədə-baba yurdlarını yenidən qurmaq imkanları əldə etməlidirlər. Xüsusilə də işğaldan azad olunmuş torpaqlarda insanların mülkiyyət hüququnu təmin etməlidirlər. Təəssüf ki, hakimiyyətin təqdim etdiyi plandan, layihədən belə məlum olur ki, bu zaman insanların mülkiyyət hüququ nəzərə alınmayacaq. Beləliklə də
"Böyük
Qayıdış
" çox ciddi problemlər və çətinliklər vəd edir. Onu da qeyd etmək lazımdır ki, bu sadəcə ol
araq humanitar tədbir deyil, həm də siyasi məsələdir. Əgər əhalinin məskunlaşdırılması gec çəkərsə, o zaman Azərbaycan ciddi sualla qarşılaşa bilər. Azərbaycanın tam suverenliyi altında olmayan ərazilər də var ona görə də bu məsələyə təkcə humanitar müstəvidə baxmaq çətindir. Azərbaycan üçün bu, həm də siyasi məsələdir. Hesab edirəm ki, Azərbaycan hakimiyyəti torpaqların məskunlaşdırılması ilə bağlı siyasətini yenidən nəzərdən keçirməlidir
".
Tarix: 30-08-2022, 15:16