“Vardanyanın Araiki əvəzləməsi mümkündür, çünki Paşinyanla...”


“Araiklə Paşinyan arasında nümayişkaranə gərginlik başlayacaq. Və məhz belə bir ziddiyyətli məqamda Vardanyanın Araiki əvəzləməsi mümkündür...”
Sabiq baş diplomat Tofiq Zülfüqarov Moderator.az-ın əməkdaşı ilə söhbətində Rusiya və Ermənistan vətəndaşı olan hayk milyarder Ruben Vardanyanın Azərbaycanın Qarabağ ərazisinə qanunsuz gəlişinin məqsədi, onun Xankəndidəki təxribatçı əməllərinin mümkün nəticələri, həmçinin rəsmi Bakının Vardanyanın ölkəmizin ərazisindən  kənarlaşdırılması üçün görə biləcəyi işlər və s. haqda sualları cavablandırıb:
- Tofiq müəllim, ilk baxışdan guya Azərbaycanın ərazi bütövlüyünü tanıyan, ABŞ və Fransa səfirlərindən fərqli olaraq ölkəmizdəki səfiri Şuşadakı beynəlxalq konfransa qatılan Rusiyanın  “sülhməramlı”larının Qarabağda və Laçın yolu ətrafındakı qeyri-adekvat addımları bir yana, üstəlik, Kreml Qarabağdakı ermənilərin arasına milyarder Ruben Vardanyan “desant”ını atır...
- Bilirsiz, Rusiya yenə də qonşularla münasibətlərində köhnə üslublarından əl çəkmir. Amma Ukraynadakı durumunu da nəzərə alanda görür ki, mövcud şəraitdə onların əvvəlki kimi  istifadəsi mümkün deyil. Yəni Vardanyan məsələsi Kreml üçün yeni bir üslubdur. Və öncə qeyd etdiyim kimi, Ermənistan da yeni taktikaya keçməyə çalışır. Bu baxımdan Qarabağdakı separatçı rejimə maliyyə yardımlarının birbaşa Ermənistan tərəfindən yox, diaspor, ictimai fondlar, ayrı-ayrı imkanlı iş adamları tərəfindən icrasına cəhd edir. Və Vardanyanın da bu şəkildə dırnaqarası “dəstəyi” artıq bu taktikaya bir işarədir. Rusiya da, təbii ki, belə bir taktikaya dəstək verir. Çünki bu işdə ondan heç nə, maliyyə-filan tələb olunmur. Bu baxımdan Azərbaycan tərəfindən ittihamlar da olsa, deyə bilərlər ki, ayrı-ayrı qeyri-dövlət, ictimai təşkilat və şəxslərin Qarabağdakı fəaliyyətinə mane ola bilmərik. Yəni bu cür düşünəndə Vardanyanın Qarabağa gəlişi bəhs edilən taktikanın icrasıdır. Digər tərəfdən isə, təbii ki, Vardanyanın məqsədi əslində Qarabağdakı ermənilərə yardım göstərmək deyil. Axı real baxanda da məntiqsiz görsənir; bu milyarder iş adamı iki il bundan öncə Azərbaycanla müharibənin qızğın vaxtında Ermənistana, Qarabağdakı xuntaya yardım etmədiyi halda Qərbin Rusiyaya sanksiyaları fonunda nə yaxşı belə əli açıq olub? Təbii ki, Vardanyan çalışır ki, Qarabağdakı fəaliyyəti ilə özünü bəhs edilən sanksiyalardan sığortalasın, çirkli pullarını yusun. Və bəlkə də digər Rusiya oliqarxlarının pullarını da yumaq və sanksiyalardan qaçırtmaq üçün bir meydança yaratmağa çalışır. Bu erməni milyarder Ermənistan və Qarabağı məhz bu səbəbdən seçib. Çünki İrəvanda, bilirsiz ki, uzun müddətdir, sanksiyalar altında olan İranın da müxtəlif şübhəli əməliyyatlar keçirən bankları  mövcuddur.  Yəni indiki zamanda çoxları üçün Ermənistan bir növ sanksiyalardan yayınmağa xidmət edən bir məkan rolunu oynayır. Və təbii ki, Vardanyan da pul qazanmaq üçün Qarabağ və Ermənistandan yararlanmağa çalışacaq. Çünki onun dırnaqarası “vətənpərvərliyi” məhz Qərbin Rusiyaya qarşı sanksiyalarından sonra yada düşüb. Amma əslinə qalsa, bu, real perspektivi olan bir iş deyil...
- Yəqin ki, Kremlin planlaşdırdığının əksinə olaraq R.Vardanyanın  Qarabağ və Ermənistandakı təxribatçı siyasi fəaliyyətinin də heç bir perspektivi olmayacaq? 
- Ola bilər ki, Vardanyan siyasi istiqamətdə də müəyyən addımlar ata bilər. Çünki bu gedişlə gec-tez Qarabağdakı separatçı-terrorçu rejim rəhbərliyi ilə, Araiklə Paşinyan arasında nümayişkaranə gərginlik başlayacaq. Və məhz belə bir ziddiyyətli məqamda Vardanyanın Araiki əvəzləməsi mümkündür...
- Amma Vardanyanın yaxın gələcəkdə birbaşa Ermənistanda Paşinyana alternativ kimi çıxış etməsi indiki geo-siyasi durumda qətiyyən mümkün olmaz. Eləmi?
- Baxaq, görək... Hər halda Rusiyadan uzaqlaşma prosesi davam etdirildiyi halda Paşinyan Qərb üçün əlverişli fiqur kimi görsənir. Həm də ona görə ki, o, Ermənistanda hakimiyyətə əsasən Qərbə inteqrasiya, demokratiya şüarlarıyla gəlib. Bu baxımdan, çox güman ki, Qərb yenə də Paşinyanı seçəcək... Bütün hallarda Ukraynadakı savaş nəticəsində Rusiyanın Qafqazdakı, eləcə də Ermənistandakı mövqeyi zəifləyib və zəifləməkdə davam edəcək... Bu, tarixi bir proses və Ermənistan üçün  ciddi bir sınaqdır. Çünki öncə dediyim kimi, Qərbə inteqrasiya sürətləndikcə Rusiya tarixi siyasi ənənələrinə uyğun olaraq qisasa da əl ata bilər... Amma  Ermənistanın Qərbə sığınmaqdan savayı yolu da yoxdur...
- Bütün hallarda, yəqin ki, Azərbaycan dövlətinin hələlik Rusiya vətəndaşlığından rəsmən çıxmamış Ruben Vardanyanın torpaqlarımızdakı təxribatçı fəaliyyətini əngəlləmək üçün yetərincə rıçaqları var? Onu “qara siyahı”ya sala bilərik, Moskvaya irad tuta bilərik ki, vətəndaşınız bizim ərazimizdə münasibətlərimizi pozan fəaliyyətlə məşğuldur və s.
- Təbii ki, bunlar da mümkündür. Yəni hansısa mərhələdə Laçın yolunda Azərbaycan dövlətinin birbaşa nəzarəti mümkün olacağı şəraitdə Vardanyan kimilərinin də fəaliyyətini əngəlləməyə şərait yarana bilər. İkincisi, Qarabağda məskunlaşmış ermənilərin qeydiyyatı prosesi başlanması da mümkündür. Əgər Ermənistandan biri Azərbaycan sərhədini keçərək Qarabağa getmək istəyəcəksə, ondan sənədləri üzrə soruşulacaq ki, sən harada yaşayırsan, Ermənistanda, yoxsa Qarabağda. Və Ermənistanda yaşayanlar üçün müvəqqəti giriş-çıxış sənədi veriləcək, amma Qarabağda daimi fəaliyyətinə icazə verilməyəcək. Və s. və i.a. Bu cür administrativ üsullarla biz torpaqlarımızı gəlmə ermənilərdən, eləcə də qanunsuz biznes və ya siyasi fəaliyyətlə məşğul olmaq istəyənlərdən təmizləyə bilərik...
Tarix: 10-09-2022, 23:28
Xəbəri paylaş





Xəbər lenti