Məqamdan istifadə edib, Azərbaycan sərhədiərnin yaxınlığında təhlükəsiz zona yaradılmalıdır! Ermənistan sülhə məcbur edilməlidir!
Musavat.com xəbər verir ki, hazırda Azərbaycanın Ermənistanla Laçın, Kəlbəcər və Daşkəsən istiqamətindəki dövlət sərhədlərində vəziyyət gərgindir və silahlı çatışmalar baş verməkdədir. Azərbaycan Müdafiə nazirliyinin yaydığı rəsmi məlumatda bildirilir ki, Ermənistanın təxribatları nəticəsində baş verən şiddətli atışmalarda hər iki tərəfdən itkilər var. Ermənistan qaynaqlarının yaydığı xəbərlərdə isə iddia olunur ki, guya Azərbaycan tərəfi hücuma keçib və Ermənistanın sərhəd kəndləri toplardan və minomyotlardan atəşə tutulur...
Müdafiə nazirliyimizin xəbərlərində deyilir: "Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib.
Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.
Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.
Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülür.
Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması və döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görülür.
Təxribat əməliyyatlarına cəlb olunmuş Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və döyüş texnikası sırasında itkilər var".
Göründüyü kimi, düşmən ölkə ilə sərhədlərimiz ‘’yanır’’ və döyüş toqquşması baş verib. Bütün bunlar olduqca ciddi proseslərin getməsindən və erməni təxribatlarından xəbər verir.
Gələn məlumatlara görə, düşmənə layiqli cavab verilib və mümkündür ki, bu gecə, eləcə də sabah haylara daha ağır dərs verilsin.
Bütün bunların baş vermə səbəbləri nədir? O zaman yada salaq ki, son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın və Kəlbəcər rayonları istiqamətində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter daşıyıb.
Bir neçə halda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının Azərbaycan Respublikasının ərazisinə sızma cəhdləri müəyyən edilib və hərbi birləşmələrimizin sayıqlığı nəticəsində onların qarşısı alınıb.
Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hücum təyinatlı silahları, ağır artilleriya vasitələrini və şəxsi heyəti cəmləşdirməsi müşahidə olunmaqdadır!
Ermənistanın yüksək çinli rəsmi şəxslərinin verdikləri açıqlamalara baxmayaraq, Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin və hərbi texnikasının Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində mövcudluğu və qanunsuz erməni hərbi birləşmələri ilə birgə fəaliyyəti davam edir.
Azərbaycan Respublikası tərəfindən Qarabağ və Şərqi Zəngəzurda Ermənistanın otuz illik işğalının nəticəsi olaraq, genişmiqyaslı və çətin humanitar mina təmizləmə fəaliyyəti aparıldığı halda, Ermənistan tərəfindən yenə də Azərbaycan ərazilərində qəsdən mina basdırılması əməlləri davam edir.
Musavat.com-a görə, Ermənistanın siyasi-hərbi rəhbərliyi bu kimi hərbi avantüralarla qəsdən regionda vəziyyəti gərginləşdirmək, sülh müqaviləsi üzrə danışıqların baş tutmasını pozmaq, 10 noyabr 2020-ci tarixli üçtərəfli bəyanat üzrə öhdəliklərini yerinə yetirməmək, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı tikinti-quruculuq layihələrini ləngitmək, Ermənistan əhalisini və beynəlxalq ictimaiyyəti çaşdırmaq kimi məqsədlər güdür!
Müdafiə nazirliyinin də qeyd etdiyi kimi, hazırda yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür!
Rəsmi yayılan və bizlərə də mötəbər kanallardan çatan məlumatlara görə, Azərbaycan Ordusu Ermənistanın təxribatlarının, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə olan təhlükələrin qarşısını almaq üçün zəruri tədbirlər görür!
Həmin mötəbər qaynaqlarımızın Musavat.com-a verdiyi durum dəyərləndirməsində bildirilir ki, Azərbaycan sərhədiərnin yaxınlığında təhlükəsiz zona yaradılmalıdır. Əks təqdirdə Ermənistanın təxribatları davam edəcək! Ermənistan sülhə məcbur edilməlidir. Ermənistanda revanşizmin baş qaldırmasına imkan vermək olmaz.
Bütün bu açıqlamalar onu göstərir ki, yaranmış şəraitdən və erməni təxribatlarından istifadə edərək, Azərbaycan qətiyyətli hərbi-siyasi kurs icra edərək, ərazilərimizə qarşı təxribat törədilən Ermənistana məxsus məntəqələri nəzarət altına alaraq, orada təhlükəsizlik zonası yaradacaq.
Baş verən erməni təxribatları həm də onu göstərir ki, Ermənistanı da nəzarətsiz, öz nazına buraxmaq olmaz. Bu dövləti ‘’Dəmir Yumruq’’la sülhə məcbur etmək lazımdır.
Təxribatlara qarşı başlayan prosesdən istifadə edərək, günü sabahdan bu addım atılmalıdır.