Sərhəddəki toqquşma nə qədər davam edəcək? – Polkovnikdən açıqlama

Sərhəddəki toqquşma nə qədər davam edəcək?
“Əslində, müharibə siyasətçilər öz aralarında anlaşa bilmədiyi müddətdə siyasətin hərbi eskalasiya şəklində inikasıdır”.

SİAM.AZ xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik-leytenant Elxan Şıxəliyev deyib.

Hərbi ekspert Azərbaycan-Ermənistan sərhədində baş verən sonuncu toqquşmanın geniş miqyaslı hərbi eskalasiyaya çevrilə bilməsi ehtimalına münasibət bildirib:

“Görünür, Brüssel görüşündən sonra siyasətçilər masada strateji hədəflərə dair razılığa gələ bilməyiblər. Strateji hədəflərimiz isə ilk növbədə, qeyri-qanuni hərbi birləşmələrin çıxarılmasına dair Ermənistanın Brüsseldə müsbət mesajlar verilməsi idi, olmadı. İkinci strateji hədəfimiz olan sərhədlərin delimitasiya və demarkasiyası yönündə addımların atılmasına da müsbət reaksiya gəlmədi. Üçüncü əsas strateji məqsədimiz üçtərəfli bəyanatda göstərilmiş kommunikasiyaların, xüsusilə də Zəngəzur dəhlizinin açılmasına Ermənistanın müsbət cavabı idi, bu da olmadı”.

E. Şıxəliyev deyib ki, Azərbaycan ordusunun I eşalonunda Ermənistanla təmas xəttinə dair dəqiq kəşfiyyat məlumatları mövcuddur:

“Bu bölgələrdə Ermənistan yeni hərbi birləşmələrin dislokasiya yerlərini qurmaq, yeni əməliyyat rayonları, habelə gələcəkdə sərhədin keçəcəyi bölgələrdə əlavə qüvvə toplamaqla məşğul olub. O bu qüvvələrin vasitəsilə təxribat fəaliyyəti, o cümlədən bəzi sahələri minalamağa başladı. Bu, birtərəfli qaydada sərhədin müəyyənləşdirilməsini imitasiya etməkdir. Təbii ki, Azərbaycan bunun qarşısını almalıydı və bu, çox doğru addımdır”.

Əməliyyatların müddətindən danışan müsahibimiz deyib ki, bu sahədə nümunələrimiz çoxdur:

“Lakin hazırda aktiv döyüşlərin müddətini Ermənistan siyasətçiləri təyin etməlidirlər. Belə olan halda qeyri-müəyyən sərhəddə bölmələrimizin yeni dislokasiya yerləri müəyyən edilirsə, bu, legitim hüququmuzdur, çünki sərhəd yoxdur. Sərhəd yoxdursa, Azərbaycan hərbçiləri hansı yüksəkliyə çıxırsa, bu, sərhədin orada keçməsi anlamına gəlir.

Ermənistanın ümumiyyətlə, şansı yoxdur. Çünki Ermənistanın cənubundan keçəcək olan Zəngəzur dəhlizi strateji hədəfimizdir. İndi baş verənləri sülhə məcbuetmə əməliyyatları adlandırmaq olar”.

Ehtiyatda olan zabit düşünmür ki, bu, Üçüncü Qarabağ müharibəsinə gətirib çıxarsın:

“Çünki qarşımızda 2020-ci il Qarabağ müharibəsində bizimlə mübarizə aparan güc yoxdur. Ermənistan ordusu hələ 20-30 ilə bərpa olunar, ya yox. Əgər bunun əksi olsaydı, Paşinyan gecədən səhərə qədər gah Makrona, gah da Putinə zəng edib kömək istəməzdi. İtirə-itirə gedəcəklər. O vaxta qədər ki, təklif etdiyimiz 5 müddəalıq paket qəbul olunsun. Müsbət cavab gələn kimi məsələ bitəcək”.
Tarix: 13-09-2022, 14:57
Xəbəri paylaş





Xəbər lenti