Ermənistanın təxribatlarının cavabı sərt oldu: "Azərbaycanın səbir kasası daşdı"



Hərbi ekspert: "Azərbaycan tərəfi Ermənistanı sülhə məcbur etmək və orada baş qaldıran revanşist ideyaların məhv edilməsi üçün lazımi addımları atmalıdır və atacaq"
Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Azərbaycan Müdafiə Nazirliyinin məlumatında qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib.
“Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib”, - deyə vurğulanıb.
Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülür: “Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması və döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görülür. Təxribat əməliyyatlarına cəlb olunmuş Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və döyüş texnikası sırasında itkilər vardır. Ümumiyyətlə, son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter daşıyırdı. Eyni zamanda Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hücum təyinatlı silahları, ağır artilleriya vasitələrini və şəxsi heyəti cəmləşdirməsi müşahidə olunmaqda idi. Bütün bu faktlar bir daha ona dəlalət edirdi ki, Ermənistan genişmiqyaslı hərbi təxribata hazırlaşır”.
“Ermənistan bu kimi əməlləri ilə həmçinin Azərbaycanın işğaldan azad edilmiş sərhədyanı rayonlarda həyata keçirdiyi irimiqyaslı mülki infrastruktur layihələrinin icrasını ləngitmək və Azərbaycan sərhədləri yaxınlığında gərginlik mühitini saxlamaq məqsədini güdür. Bir daha bəyan edirik ki, baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Yaranmış vəziyyət barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə ilkin məlumatda vurğulanıb.
Nazirliyin daha sonra yaydığı məlumatda qeyd edilib: “Ermənistan tərəfindən guya Azərbaycan Ordusunun mülki əhalini, obyektləri və infrastrukturu hədəfə alması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu, Ermənistan tərəfinin yaydığı növbəti dezinformasiyadır”.
“Ermənistanın təxribatlarına cavab olaraq əks tədbirlər lokal xarakter  daşıyaraq atəş nöqtəsi olan legitim hərbi hədəflərə qarşı yönəlmişdir. Cavab tədbirləri kiçikmiqyaslı və hədəflənmiş xarakter daşıyaraq Azərbaycan sərhədlərinin təhlükəsizliyini təmin etmək və Ermənistanın təxribatlarına son qoymaq məqsədi daşıyır», - daha sonra məlumatda deyilir.
Qeyri rəsmi məlumata görə, Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycan Ordusu 8 şəhid verib. Ermənistan Baş naziri Nikol Paşinyan isə açıqlamasında 49 nəfərin öldüyünü deyib və bildirib ki, “bu, son rəqəm deyil”.

Yaranan gərginliklə bağlı hərbi ekspert Ədalət Verdiyev AYNA-nın suallarını cavablandırıb. Ekspert bildirib ki, düşmənə belə sərt cavabın veriləcəyi gözlənilən idi:
- Çünki Ermənistan Azərbaycanın əsəbləri ilə oynayırdı. Sentyabr ayı başlayandan bu yanadır Ermənistan silahlı qüvvələrinin Laçın və Kəlbəcər istiqamətindəki Azərbaycan Ordusunun mövqelərini fasiləsiz olaraq müxtəlif çaplı silahlardan atəşə tutması sonunda cavab zərbələri ilə nəticələndi. Həmin istiqamətlərdə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya fəaliyyəti də müşahidə edilirdi. Mövqelərimizin vurulması, hərəkətlilik Azərbaycanın səbir kasasını daşırdı. Məsələ budur.
- Ermənistanın bu təxribatları törətməkdə məqsədi nədir?
- Görünən odur ki, Ermənistan 10 noyabr 2020-ci ildə imzalanan Üçtərəfli Birgə Bəyanatda üzərində götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir. Prosesi maksimum uzatmaq niyyətindədir. Belə təxribatlarla, gərginliyin davam etməsi ilə danışıqlardan yayınır, vaxtı uzatmağa çalışır.
- Gərginliyin davam edəcəyi gözləniləndirmi?
- Azərbaycan Ordusu təxribatların qarşısının alınması istiqamətində təsirli tədbirlərini davam etdirir. Ermənistan bizə başqa çıxış yolu qoymur. Azərbaycan Müdafiə Nazirliyinin də açıqladığı kimi, yaranmış gərginliyə görə, bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Hazırda Azərbaycan Ordusu sərhədlərinin qorunması, düşmən təxribatlarının qarşısının alınması istiqamətində əlində olan imkan və gücdən istifadə edir və zəruri tədbirləri həyata keçirməkdədir.
- Sərhəddə bufer zonanın yaradılması haqqında fikirlər var. Bu, məqsədəuyğundurmu?
- Hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında bufer zonanın yaranması zərurətdir. Azərbaycan Ermənistanı sülhə məcbur etmək və orada baş qaldıran revanşist ideyaların məhv edilməsi üçün lazımi addımları atmalıdır və atacaq.
Tarix: 13-09-2022, 17:17
Xəbəri paylaş





Xəbər lenti