Azərbaycan düşmən hücumuna layiqli cavab verdi
Türkiyə “yanındayıq” dedi, Fransa ermənilərə görə BMT-nin iclasını çağırdı; təxribat nəticəsində ordumuz şəhidlər verib
Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Ordumuz düşmənə layiqli cavabını verib.
Əməliyyatların başlamasından bir neçə saat sonra Müdafiə Nazirliyinin yayılan açıqlamalarında deyilirdi: “Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib.Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülür.Təxribat əməliyyatlarına cəlb olunmuş Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və döyüş texnikası sırasında itkilər var”.
Nazirlik ermənilərin dezinformasiyalarına da gecikmədən cavab verdi: “Ermənistan tərəfindən guya Azərbaycan Ordusunun mülki əhalini, obyektləri və infrastrukturu hədəfə alması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu, Ermənistan tərəfinin yaydığı növbəti dezinformasiyadır.
Ermənistanın təxribatlarına cavab olaraq əks tədbirlər lokal xarakter daşıyaraq atəş nöqtəsi olan legitim hərbi hədəflərə qarşı yönəlmişdir. Cavab tədbirləri kiçikmiqyaslı və hədəflənmiş xarakter daşıyaraq Azərbaycan sərhədlərinin təhlükəsizliyini təmin etmək və Ermənistanın təxribatlarına son qoymaq məqsədi daşıyır. Mülki obyektlərin və günahsız insanların hədəfə alınması Ermənistan silahlı qüvvələrinin tətbiq etdiyi standart hərbi metodologiyadır. 30 illik işğal dövründə və 44 günlük Vətən müharibəsində məhz Ermənistan tərəfi ballistik raketlər və kasetli bombalarla qəsdən və məqsədyönlü şəkildə Azərbaycan şəhərlərini və mülki əhalisini hədəfə alırdı".
Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistanın təxribatı ilə bağlı məlumat yayıb. Geniş məlumatda son təxribatlarla əlaqədar cinayət işinin açıldığı açıqlanıb.
Həmçinin məlumatda media nümayəndələrindən, sosial media istifadəçilərindən rəsmi olmayan və dəqiqləşdirilməmiş məlumatların ictimailəşdirilməməsi xahiş olunurdu.
Təəssüflə qeyd edək ki, şəhidlərimiz də var. Amma təskinlik üçün deyə bilərik ki, düşmən tərəfinin itkiləri qat-qat çox. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan da öz açıqlamalarında açıq etiraf edib. “Ermənistan tərəfindən 49 hərbçi ölüb”.Onun sözlərinə görə, bu, hələ son rəqəm deyil.
Paşinyan həmçinin Ermənistanın KTMT-yə müraciət etdiyini deyib. Ardınca KTMT-nin iclasının bəyanatı yayıb. Bəyanatda deyilir: “Ermənistanın kömək üçün KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasına müraciəti ilə əlaqədar olaraq, təşkilatın Katibliyi KTMT-nin Birləşmiş Qərargahı ilə birlikdə vəziyyətin nizamlanması üçün KTMT mexanizmlərinin işə salınmasına dair fəaliyyət təşkil edib. 2022-ci il sentyabrın 13-nə keçən gecə Ermənistan və Azərbaycan sərhədində ağır silahlar və pilotsuz uçuş aparatlarından istifadə olunmaqla silahlı qarşıdurma baş verib. Bunun da nəticəsində ölən və yaralananlar var. Güc tətbiqini qəbuledilməz hesab edirik. Ziddiyyətlərin tənzimlənməsi üçün siyasi-diplomatik metodlar və Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarında qeyd olunan razılaşmalar istifadə olunmalıdır. KTMT sentyabrın 13-ü 09:00-dan başlayaraq təmas xəttində atəşkəsin əldə olunmasında Rusiyanın vasitəçilik səylərini yüksək qiymətləndirir”.
Sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin Ermənistan-Azərbaycan sərhədində Ermənistanın törətdiyi təxribatlarla bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin rəhbər heyətinin iştirakı ilə operativ müşavirə keçirib. Ölkə başçısı Ermənistan silahlı qüvvələrinin iki dövlətin sərhədində törətdiyi təxribatların qarşısı alındığını söylədi. İ.Əliyev yaranmış gərginliyin məsuliyyətinin tam şəkildə Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.
“Ermənistan tərəfi beynəlxalq hüquqa əməl etmir”. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva tvitter səhifəsində yazıb. O bildirib ki, bu, həm də üçtərəfli bəyanatların şərtlərinin pozulmasıdır: “Həmçinin təxribatlar davam edən normallaşma prosesinə ziddir. Provokasiyalar Azərbaycanın yenidənqurma işlərinə mane olur”.
Hər zaman olduğu kimi, bu dəfə Azərbaycanın yanında olan ölkə qardaş Türkiyə olub.
“Azərbaycan-Ermənistan sərhədindəki toqquşma bizi narahat edir”.Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın tvitter səhifəsində yazıb. "Müzakirələr davam edərkən Ermənistan təxribatlardan çəkinməlidir. Sülh və sabitlik ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində təmin oluna bilər", - o bildirib. İ.Kalın həmçinin Türkiyənin Azərbaycanın yanında olduğunu vurğulayıb.
“Ermənistan təxribatlarını davam etdirir”.Bunu isə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Azərbaycanın torpaqları 30 il işğal altında saxlanılıb. Beynəlxalq qurumlar heç nə etmədi, beynəlxalq hüquq işləmədi. Nəhayət, Azərbaycanın səbri tükəndi. Nəticədə Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Sülh üçün imkan yarandı. Amma Ermənistan növbəti dəfə təxribatlar törətdi.Ermənistan hər fürsətdə mənfi mövqedə olduğunu ortaya qoyur. Ermənistan bilir ki, Azərbaycan olmadan rəsmi Ankara ilə İrəvan arasında əlaqələrdən söhbət getmir və getməyəcək. Türkiyə Azərbaycanın yanındadır”, - o bildirib.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar azərbaycanlı həmkarı Zakir Həsənovla telefon danışığı zamanı Türkiyənin həmişə olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu xüsusi qeyd edib. Eyni zamanda H.Akar Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçularımızın şəhid olması ilə bağlı başsağlığı verib, yaralılara şəfa diləyib.
“Ermənistan təxribatlara son verməlidir”. Türkiyənin hakim partiyası (AK Parti) sədrinin müavini və sözçüsü Ömər Çelik tvitter səhifəsində yazıb. “Sülh hər kəsin xeyrinədir. Bu gün toqquşma üçün Ermənistanı təhrik edən qüvvələr ancaq öz mənfəətlərini düşünürlər”, - o bildirib. Ö.Çelik həmçinin deyib ki, Ermənistan Azərbaycanın hüquqlarına hörmətlə yanaşmalıdır.
Beynəlxalq aləmin erməni təxribatlarına reaksiyası gecikməyib. "Rusiya Azərbaycan-Ermənistan sərhədində gərginliyin azaldılması üçün səylərini əsirgəmir". Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov belə deyib. "Təbii ki, prezident Putin sərhəddə gərginliyin azaldılmasına kömək etmək üçün səylərini əsirgəmir və bu səylər davam edir", - Peskov bildirib.
“Ermənistan-Azərbaycan sərhədində döyüşlərin getməsi ilə bağlı xəbərlər son dərəcə narahatedicidir. Tam və dayanıqlı atəşkəs vacibdir”.Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “Tvitter” səhifəsində yazıb.
İran Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədindəki gərginliyə münasibət bildirib. "Report"un xəbərinə görə, bu barədə nazirliyin rəsmi nümayəndəsi Naser Kənani açıqlama verib. Onun sözlərinə görə, sərhəddəki hansısa dəyişiklik İran üçün qəbuledilməzdir: "Biz hadisələri yaxından izləyirik. Hər 2 ölkənin ərazi bütövlüyünə hörmət edilməsi vacibdir. Rəsmi Tehran 2 ölkə arasında mübahisələrin həlli üçün hər cür yardım göstərməyə hazırdır".
NATO Ermənistan-Azərbaycan sərhədi boyunca baş verən hücumlardan narahatdır. Bu barədə NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina bildirib. O qeyd edib ki, NATO tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa və gərginliyi təcili aradan qaldırmağa çağırır.
Ukrayna Xarici İşlər Nazirliyi Ermənistanla Azərbaycan arasında hərbi eskalasiyaya reaksiya verib. Nazirlik tərəfləri münaqişənin siyasi-diplomatik həllinə çağırıb. Bu barədə Xarici İşlər Nazirliyinin spikeri Oleq Nikolenko bildirib. "Ukrayna Azərbaycan və Ermənistan sərhədində vəziyyətin inkişafını diqqətlə izləyir. Biz tərəfləri münaqişənin beynəlxalq hüquq normalarına uyğun olaraq siyasi-diplomatik həllinə, xüsusən də beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırırıq".
Hər zaman ermənipərəst mövqe ilə tanınan Fransa bu dəfə də əsl simasını nümayiş etdirib. Belə ki, bu ölkə Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb. “Trend”in məlumatına görə, bu barədə TASS agentliyi Yelisey sarayına istinadən məlumat verib. Fransanın bu çağırışı haqlı olaraq, Azərbaycan ictimaiyyətində ciddi etiraz doğurub. Amma əksəriyyət rahatdır. Çoxları Böyük Britaniyadan yana olaraq, Azərbaycana dost olan bu ölkənin əleyhimizə olan hər hansı bir məsələnin müzakirəyə çıxmamasına veto qoyacağını düşünür. Əgər BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri istənilən bir müzakirəyə çıxarılması təklif edilən məsələyə veto qoyarsa, o məsələ qurumda müzakirə oluna bilməz...“Yeni Müsavat”
Tarix: 14-09-2022, 10:04