Tərtər Şəhid Məftun Əhmədzadəni torpağa ƏMANƏT ETDİ - FOTO
Ermənistan tərəfindən sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgər, 1996-cı il təvəllüdlü Əhmədzadə Məftun Seymur oğlunun cənazəsi bu gün doğulduğu Tərtər rayonunun Evoğlu kəndinə gətirilib. Siam.az xəbər verir ki, Şəhidlə vida mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, N saylı hərbi hissənin əsgər və zabitləri, şəhid ailələri, qazilər, veteranlar, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri, şəhidin doğmaları və döyüş yoldaşları iştirak ediblər. Mərasimdə cənazə namazı qılınıb, şəhidin ruhuna dualar oxunub. Kənd qəbiristanlığındakı dəfndə izdiham yaşanıb və mərasim iştirakçıları "Şəhidlər ölməz, Vətən bölünməz!" şüarı səsləndiriblər. Dəfn mərasimində cənazənin üzərindəki üçrəngli Azərbaycan bayrağı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərəfindən şəhidin atası Seymur Əhmədova təqdim olunub. Şəhid yaylım atəşi altında torpağa tapşırılıb, ruhuna dualar oxunub. Hərbi orkestrın ifasında Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır. 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə əldə edib, 30 il işğal altında olan Vətən torpaqları erməni faşizmindən birdəfəlik azad olunub. Xalq-iqtidar-ordu birliyi bizə qələbə sevincini yaşadıb. Bu gün isə igid oğullarımız düşmənin sərhəddə törətdiyi geniş miqiyaslı təxribatlara layiqli cavab verdilər. Bir daha Azərbaycan ordusunun, onun igid oğullarının güc-qüvvəsini nümayiş etdirdilər. “Dəmir yumruq” düşmənin başını əzdi. Sözsüz bu qələbənin qazanılmasında itkilərimiz də oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, şəhid analarının hər birinin qarşısında baş əyirik. Məftun kimi igid oğulların xatirəsi heç vaxt unudulmayacaq və gələcək nəsillərə qəhrəmanlıq nümunəsi olacaq. “Qarabağ Azərbaycandır!” Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik.