Ermənistanla yeni müharibəyə hazır olmalıyıq - Millət vəkili
"Ermənilər xaricdəki himayədarlarının vasitəsilə Azərbaycana qarşı yeni cəbhə açmaq, müharibə aparmaq və torpalarımızı yenidən işğal etmək niyyətlərini gizlətmir. Buradan çıxan nəticə bundan ibarətdir ki, biz ermənilərlə yeni müharibəyə hazır olmalıyıq".Bu fikirləri
Bakupost.az -a ermənilərin son təxribatı ilə bağlı danışarkən
millət vəkili Fəzail Ağamalı deyib.
O, ermənilərin çirkin niyyətlərindən əl çəkmədiyini, siyasi təxribatlara da əl atdığını diqqətə çatdırıb:
"Ermənilərin niyyəti Azərbaycanın sərhəd boyu torpaqlarını işğal etmək, orada mövqelərini möhkəmləndirmək, strateji yüksəklikləri ələ keçirib əlverişli məqamda oradan Azərbaycana qarşı hücumlar təşkil etmək, bununla da sülh sazişini uzatmaq istəyirdi. Eyni zamanda 10 noyabr kapitulyasiya aktının üstündən xətt çəkməyə çalışdılar. Paşinyan hətta KTMT-nin iclasında verilən sualları cavablandırarkən, Azərbaycana qarşı niyyətlərinin təcavüzkar xarakter daşıdığını da göstərdi. Azərbaycan Ermənistanın genişmiqyaslı təxribatının qarşısını almaq üçün hərəkətə keçərək onların niyyətlərini alt-üst etdi. Həmçinin Azərbaycan Ordusu Ermənistanın ələ keçirmək istədiyi strateji yüksəkliklər üzərində nəzarətini də bərpa etdi".
Mİllət vəkili qeyd edib ki, ermənipərəst açıqlamalar verən ölkəmizdəki bəzi dairələr Azərbaycana qarşı düşmən mövqe tuturlar:
"Gərgin olan dövrdə ölkədə ayrı-ayrı şəxslər Azərbaycana qarşı ermənilər qədər düşmənçilik mövqeyi nümayiş etdirməkdədir. Onlar çalışır ki, Azərbaycan xalqı ilə dövlətimiz arasında ciddi xarakter daşıyan birliyə və vəhdətə mane olsunlar. Çaxnaşma yaratmağa çalışaraq xalqla dövlət arasında etimadsızlıq toxumuı səpməyə cəhd edirlər. Bir tərəfdən İranpərəst qüvvələr almış olduğu təlimata söykənib torpaqlarımız uğrunda şəhid olanları şəhid adlandırmamaq təbliğatını aparır, digər tərəfdən isə düşəmən mövqeyi tutaraq xaricdən aldıqları təlimata uyğun Azərbaycanın haqlı mübarizəsində onu günahlandırmağa çalışırlar. Hətta bütün dəyərləri və meyarları keçərək Azərbaycanı təcavüzkar dövlət kimi göstərməkdən belə çəkinmirlər. Bunlar sözün həqiqi mənasında ermənilər qədər Azərbaycan dövlətinin düşmənidir. Bu baxımdan Azərbaycanın hüquq-mühafizə orqanları ciddi şəkildə araşdırmalar aparmalı, sosial şəbəkələrdə təhlükəli xarakter daşıyan bu cür hallara qarşı qətiyyətli mübarizəsini ortaya qoymalıdır. Münaqişə hələ bitməyib. Hadisələrin gedişi göstərir ki, Ermənistan 2020-ci ildə Azərbaycanın 44 günlük müharibədəki qələbəsindən nəticə çıxarmayıb və onu həzm edə bilmir. Bu baxımdan Azərbaycanda ermənilərin yanında yer alan fars molla rejimindən göstəriş alaraq Azərbaycanda qarışıqlıq yaratmaq istəyən şəxslərə qarşı qətiyyətli addımlar atılmalıdır".
Tarix: 19-09-2022, 16:55