Azərbaycan-Ermənistan sərhəddində gərginlik yenidən arta bilər - GƏLİŞMƏ

Azərbaycan-Ermənistan sərhəddində gərginlik yenidən arta bilər
“Azərbaycan-Ermənistan dövlət sərhəddində gərginliyin davam edəcəyini proqnozlaşdırıram. Çünki yaranmış vəziyyət Ermənistanın əleyhinədir”.

Siam.az xəbər verir ki, bunu Reyting.az-ın “Bundan sonra regionda vəziyyət necə olacaq və Azərbaycan-Ermənistan münasibətləri hansı istiqamətdə inkişaf edəcək” sualına cavab verərkən politoloq Fərhad Mehdiyev deyib.

Onun sözlərinə görə, Ermənistan 30 il idi Azərbaycan torpaqlarını işğal altında saxlayırdı və indi vəziyyətin dəyişməsi işğalçı ölkəni qane etmir. Fərhad Mehdiyevin fikrincə, həm də nəzərə almaq lazımdır ki, Ermənistan yalnız Nikol Paşinyan demək deyil.

Müsahimiz əlavə edib ki, Ermənistanda hakimiyyət başında N. Paşinyan olsa da, ona təzyiq göstərə bilən müxalif qüvvələr də var: “Üstəlik, həmin müxalif-revanşist qüvvələr Ermənistan ordusunda da təmsil olunurlar. Ermənistan cəmiyyəti bölünüb. Paşinyan heç də həmişə dediyini edə bilmir. Sadəcə, danışıqlar masasında əyləşən Nikol Paşinyandır. Amma hər şeyə təsir göstərən Paşinyan deyil”.

F. Mehdiyev bildirib ki, regionda güc münasibəti birmənalı olaraq Azərbaycanın xeyrinədir:

“Ermənistandakı revanşist qüvvələr, bəzən rəsmi hakimiyyəti güc münasibətini nəzərə almadan konflikti həll etməyə çalışırlar. Bu da son nəticədə Ermənistanda vəziyyətin pisləşməsinə gətirib çıxarır”.

F. Mehdiyevin proqnozuna görə, Azərbaycan-Ermənistan sərhədində yeni gərginlik və toqquşmalar istisna olunmur: “Aydındır ki, belə toqquşmalar olacaqsa, ermənilər yeni torpaq itirəcək və daha pis duruma düşəcəklər. Hazırda müşahidələrim deyir ki, Azərbaycanla sülh müqaviləsi bağlamaq və razılaşmaya gəlmək üçün Ermənistanın ağlabatan təklif və təşəbbüslə çıxış edəcəyi gözlənilmir. Bu isə Ermənistanın ziyanına olacaq. Nəzərə almaq lazımdır ki, hazırda regionumuzda güc balansı ciddi şəkildə dəyişib”.
Tarix: 26-09-2022, 14:20
Xəbəri paylaş





Xəbər lenti