“Paşinyan qalxıb “Qarabağ Azərbaycandır” desə belə, Xankəndi Azərbaycana qaytarılmayacaq”
Azər Qasımlı: “Sərhəddəki hərbi toqquşmalara uzun müddət ara veriləcək” Sentyabrın 13-15-də Ermənistanın sərhəddə törətdiyi genişmiqyaslı təxribat və nəticədə baş verən silahlı toqquşma Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində aparılan danışıqların, sülhə doğru əldə olunan xırda razılaşmaların üzərindən xətt çəkmiş oldu. Düzdür, hazırda yenə müəyyən danışıqlar aparılır, amma diplomatik gərkinlik hələ də yaşanmaqdadır. Artıq tərəflərin ritorikasında da dəyişikliklər müşahidə olunur. Rəsmi Bakının İkinci Qarabağ müharibəsindən sonra təklif etdiyi sülh gündəliyindən İrəvan hər vəchlə yayınmağa çalışır. Vaxt uzatmaq baxımından siyasi oyunlar oynayan Nikol Paşinyan hökuməti müxtəlif bəyanatlarla prosesi pozmaqdadır. Yaşanan diplomatik gərginliyi, Bakının və İrəvanın mövqeyi ilə bağlı məsələləri AYNA-ya müsahibəsində şərh edən Siyasi Menecment İnstitutunun rəhbəri, politoloq Azər Qasımlı xatırladıb ki, müharibədən sonra xırda atəşkəs pozuntularını nəzərə almasaq, xeyli müddət sakitlik hökm sürürdü:
- Rusiyanın hərbi kontingenti Qarabağda yerləşdirilib və hər iki tərəf də bunu qəbullanmışdı. Qərbin də bölgədə aktivliyini görmürdük. Xatırladım ki, bu il ABŞ-ın Minsk Qrupunun bərpası ilə bağlı çıxışları oldu. Ondan bir il əvvəl, məsələn, 2021-ci ilin Novruz bayramında Baydenin İlham Əliyevə göndərdiyi təbrik məktubunun mətninə diqqətlə baxsaq, görərik ki, orada Minsk Qrupunun adı çəkilmir. Halbuki müharibədən əvvəl ABŞ-dan gələn məktublarda həmsədrlik institutunun problemin həllində iştirakı məsələsi var idi və s. 2021-ci ildə isə bunu görmürdük, ta ki, bu ilin yayınadək. Bunun səbəbi o idi ki, hər kəs situasiyanın bu şəkildə qalmasından yana idi. Müharibədən sonra yaranan status-kvo qəbul edilirdi. Eyni zamanda, Qərb Ukrayna ətrafındakı prosesləri izləyirdi. Böyük ehtimalla, Qərbin strategiyası o idi ki, Ukrayna məsələsi həll ediləndən sonra postsovet məkanının digər bölgələrinə diqqət ayırsınlar. Bir növ, Ukrayna postmünaqişəsini gözləyirdilər. Belə alındı ki, sentyabrda Ermənistan-Azərbaycan sərhədində toqquşmalar baş verdi və bu, Qərbi münasibət bildirməyə vadar etdi. Bundan əvvəl də Qarabağda müəyyən insidentlər baş verdi - Fərrux dağı ətrafındakı hadisələr oldu. Fərrux dağı hadisəsindən sonra Qərbin Azərbaycana təzyiqi başlamış oldu. Çünki güclü tərəf Azərbaycandır, Qərb düşünür ki, Bakıya təzyiq daha məqsədəuyğundur. Rusiya Ermənistanın müttəfiqi olmasına baxmayaraq, Moskva susqunluq göstərdi. Qərb də təbii ki, başa düşür ki, müəyyən oyun gedir. Bu səbəbdən də ABŞ Minsk Qrupunun bərpasını yenidən gündəmə atdı. - Minsk Qrupunun bərpasında İrəvan maraqlıdır. Görünür, ABŞ bu məsələdə Ermənistana dəstək verir... - Sentyabr döyüşlərindən sonra ABŞ Ermənistana açıq dəstək nümayiş etdirdi. Amma bu, hələlik sözdə olan dəstəkdir. Nensi Pelosinin Ermənistana səfəri də İrəvana dəstəkdir. Düzdür, bir çoxları bunu Konqresə keçirilən seçkilərdə erməni lobbisindən dəstək almaq üçün atılan addım kimi qiymətləndirdi. Amma bu, savadsız və məntiqsiz dəyərləndirmədir. Nəzərə almaq lazımdır ki, Pelosi 30 ildən çoxdur ki, Konqresdədir. İndiyə qədər erməni dəstəyi lazım deyildi, indi lazım oldu? Belə məsələdə manipulyasiya etmək lazım deyil. ABŞ Ermənistana dəstəklə yanaşı, təbii ki, diplomatik kanallar vasitəsilə də rəsmi Bakıya təzyiq etdi. Məsələn, Blinkenin İlham Əliyevə telefon zəngi. Böyük ehtimalla, bizim bilmədiyimiz, mediaya açıq olmayan kontaktlar olub, mesajlar verilib. Hazırda vəziyyət budur və indiki durum həm Paşinyanın, həm də Əliyevin ritorikasında dəyişikliyin olmasına gətirib çıxarıb. Bir önəmli məsələ də var. Madam ki, Paşinyan BMT-dəki çıxışında Əliyevə "Ermənistanın hansı xəritəsini doğru hesab edirsiniz, təqdim edin" deyir, buna cavab verilməlidir. -Söhbət hansı cavabdan gedir? - Düşünürəm ki, Paşinyan bu çıxışı ilə müəyyən mənada sülhə çağırış etdi. Bunu sülhə çağırış kimi qəbul etmək mümkündür. İkincisi, bunu Ermənistan tərəfindən "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyə bilərik" mesajı kimi qəbul etmək mümkündür. Paşinyan bir növ topu Azərbaycan tərəfinə atdı və bütün dünyaya bəyan etmiş oldu ki, İrəvan sülhdən yanadır. İndi top bizim meydançadadır. Hesab edirəm ki, Azərbaycanın, Əliyevin cavabı belə olmalıdır: "Siz Azərbaycanın sərhədlərini, ərazisini necə görürsünüz, həmin xəritəni göstərin". Çünki son yüz ildə Azərbaycanın beynəlxalq aləm tərəfindən qəbul olunan iki xəritəsi olub: biri 1919-cu ildə Paris konfransında qəbul olunmuş xəritədir - hansı ki, o xəritədə Zəngəzur bizim ərazidir. İkinci xəritə isə 1991-ci ildə, müstəqilliyimizi bərpa edəndə BMT-yə göndərdiyimiz xəritədir - hansı ki, buna əsasən BMT Azərbaycanın ərazi bütövlüyünü qəbul edib. Düzdür, bu xəritədə Zəngəzur bizim ərazi deyil, amma Qarabağ Azərbaycanın ərazisi kimi qəbul olunub. Orada heç bir dəhlizdən söhbət getmir - nə Zəngəzur dəhlizindən, nə Laçın dəhlizindən. İndi rəsmi Bakı bu sualı İrəvana ünvanlamalıdır: "Siz Azərbaycanın ərazisini hansı xəritəyə əsasən qəbul edirsiniz?". Bu sualın Paşinyana verilməməsi Bakının sülh istəmədiyi kimi yozula bilər. - Azərbaycan Prezidenti Laçında çıxış edərkən xəritələrin olduğunu dedi və bildirdi ki, Bakının İrəvana təkliflərinə cavab verilmir. Bundan sonra Paşinyanın BMT-də xəsritə ilə bağlı sual verməsi erməni Baş nazirin növbəti oyunu deyil? - Oyundur, ya deyil - göndərilən suala sualla cavab verilməsi məqsədəuyğundur. Paşinyan BMT-də iki məsələyə toxundu. Dünya ictimaiyyətinə dedi ki, "biz demokratik ölkəyik, Azərbaycan bizim demokratiyamızı həzm etmir və s". İkinci mesajı o idi ki, "Azərbaycan bizim ərazilərimizə soxulub, mülki obyektləri vurub və s". Yəni ki, Azərbaycanı aqressor kimi təqdim etdi. Təbii ki, buna Bakıdan cavab verilməlidir. Yenə deyirəm, xəritə ilə bağlı sual verirsə, biz də o iki xəritəni qoymalıyıq ortaya və deməliyik: "buyurun, hansı xəritə əsasında Azərbaycanın ərazi bütövlüyünü tanıyırsınız". Baxaq görək, İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıyırmı. Hər iki xəritədə Qarabağ Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış ərazisidir, problem də Qarabağla bağlı idi. Zəngəzur məsələsi sonradan gündəmə gəlib. Azərbaycan Ermənistana bu sualı verəcəksə, özünü sülhdən yana kimi göstərəcək və top yenidən Paşinyanda olacaq. Paşinyan da çıxıb deməlidir ki, "Azərbaycanın ərazisini filan xəritəyə əsasən qəbul edirik". Bəli, bunun yanında deyə bilər ki, Qarabağda ermənilər yaşayır, onların təhlükəsizliyi məsələsi və sair - bu, başqa məsələdir. Hansı xəritəni qəbul etsə, İrəvan Qarabağı Azərbaycanın ərazisi kimi tanımış olacaq. Qarabağdakı ermənilərin təhlükəsizliyi, onların sülh içərisində yaşaması, Azərbaycan vətəndaşlığı və s. bunları sonradan danışmaq olar. Yox, əgər Paşinyan desə ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, amma Qarabağ Azərbaycan ərazisi deyil, bu zaman Azərbaycan tərəfi açıq şəkildə dünyaya bəyan edə bilər ki, Paşinyanın BMT-dəki bəyanatları yalandır, səmimi deyil, manipulyasiyadır. O zaman deyə bilərik ki, Ermənistan Qarabağa dəhliz istəyirsə, biz də Naxçıvana dəhliz istəyirik, Qarabağdakı ermənilərin hüquqlarını istəyirsə, biz də Zəngəzurdan vaxtilə deportasiya olunan azərbaycanlıların ata-baba yurdlarına qayıdışını, orada təhlükəsizliklərinin təminini istəyirik. Necə olur, Qarabağdakı ermənilər insandır, onların hüquqları var, Zəngəzurdan qovulmuş azərbaycanlılar insan deyil, hüquqları yoxdur? Bu şəkildə danışmaq lazımdır. Amma açığını deyim ki, bu formada danışıqları görmürəm. Amma Paşinyanın BMT-də Bakıya mesaj verməsini müsbət qiymətləndirirəm və hesab edirəm ki, o, dolayı yolla sülhə yaxınlaşmaq istədiyini bildirdi. - Amma müharibədən sonra rəsmi Bakı İrəvana 5 maddədən ibarət sülh təklifi göndərib. Brüsseldə də liderlər arasında görüşlər keçirilib, müəyyən razılaşmalar əldə edilib. Eyni zamanda, ortada müharibəni bitirən Üçtərəfli Birgə Bəyanat var. Hansı ki, 9 bəndlik bu Bəyanatın müddəalarının çoxu Ermənistan tərəfindən icra edilməyib.Demək olmazmı ki, İrəvandan gələn sualların cavabı öncədən verilib? - Bilirsiniz, əvvəl təklif verildi, İrəvan da öz istəklərini qeyd etdi. Amma sonradan Brüssel görüşlərində nələr müzakirə olundu, nələr razılaşdırıldı, açığı, bunlardan ictimaiyyət tam məlumatlı deyil. Qapalı qapılar arxasında nələrin danışıldığı, Putinin tərəflərlə nələri müzakirə etdiyini biz bilmirik. Mən açıq olanı deyirəm ki, Paşinyan sual verib, buna cavab verilməlidir. Digər tərəfdən, Rusiyanın proseslərə susqunluğu müşahidə edilir ki, bunu Qərb görür. Məsələn, Fərrux dağının nəzarətə götürülməsində Moskva susqunluq nümayiş etdirdi. Halbuki həmin ərazi Rusiya sülhməramlılarının nəzarətinə daxil idi. Boş bəhanədir ki, Rusiyanın Ukraynada başı qarışıb. Rusiyanın nə qədər başı qarışsa da, Rusiya Rusiyadır. Onun Azərbaycana da, Ermənistana da təzyiq alətləri nə qədər istəsən, var. Qərb bunu görür və qiymətləndirməsini aparır. Rusiya isə onu görür ki, Ermənistanda onlara qarşı nifrət çoxalır, etirazlar var. Bu baxımdan, Qərb də, Rusiya da təzyiqlərini göstərir. - Biz görürük ki, Ermənistanda revanşist çağırışlar var. Azərbaycan Prezidenti isə son bəyanatlarında təhlükənin, təxribatın qarşısının dərhal və sərt şəkildə alınacağını bildirdi. Eyni zamanda, Ermənistanın müəyyən hərbi hərəkətliliyi barədə də məlumatlar mövcuddur. Bütün bu proseslər, tərəflərin ritorikası yenidən genişmiqyaslı toqquşmanın baş verməsi ilə nəticələnə bilərmi? - Toqquşmaların olması ehtimalı yarı-yarıyadır. Azərbaycanda analitika ilə məşğul olanların bir qismi hesab edir ki, bu xətt davam etdiriləcək. Söhbət hərbi toqquşmalar xəttindən gedir. Çünki bunun arxasında dayanan Rusiyadır. Məqsəd də odur ki, kommunikasiyalar açılsın, Rusiya hərbçiləri də həmin yollarda yerləşdirilsin. Bu gün Rusiyanın kommunikasiyaların açılmasına ciddi ehtiyacı var. Yeri gəlmişkən, İlham Əliyev Laçındakı çıxışı zamanı Üçtərəfli Birgə Bəyanata istinad etdi. Bu, çox önəmlidir. Həmin sənədə istinad edilməsəydi, yenə düşünmək olardı ki, tarixi ərazimiz olan Zəngəzurun qaytarılması prosesi gedir. Onu qeyd edim ki, Zəngəzurun qaytarılması mümkünsüz görünür. Buna nə Rusiya, nə də İran imkan verər. Eyni zamanda, bu, beynəlxalq aləmdə bizim əleyhimizə işləyən, böyük fəsadlar yaradan bir hal olardı. Qarabağ məsələsində də biz uduza bilərik. Ona görə də Zəngəzurun qaytarılması ağlabatan deyil. Azərbaycan Prezidentinin də 10 noyabr sənədinə istinad etməsi o deməkdir ki, söhbət Zəngəzurun qaytarılmasından getmir. Bəyanatda nə qeyd edilmişdisə, onun həyata keçirilməsi istinilir. Orada isə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən yol olacaq, orada da rus hərbçilər nəzarəti ələ götürəcəklər. Əslində, edilmək istənilən budur. Rusiyanın susqunluğu əslində bununla bağlıdır, çünki özünün planıdır. - Ermənistan isə israrla dəhlizi vermək istəmir... - Bəli. Paşinyan bilir ki, bununla Ermənistan sanki ikiyə bölünəcək, ortadan yol keçəcək və ona da gəlib ruslar nəzarət edəcəklər. Paşinyan da olacaq Rusiyanın Ermənistandakı növbəti oyuncağı. Necə ki, Paşinyandan əvvəl hakimiyyətdə olanların hamısı Moskvanın oyuncağı olub. İkinci Qarabağ müharibəsi həm də ona görə baş verdi ki, Paşinyan başqa siyasi oyun oynamağa başladı, özünü Rusiyanın oyuncağı etmək istəmədi. Kimsə onu savadsız, küçə adamı kimi görə bilər, hiyləgər kimi qəbul edə bilər, amma fakt faktlığında qalır. Rusiyanın nə Köçəryanla, nə Sarkisyanla belə problemləri var idi, Moskvadan nə deyilirdisə, onu yerinə yetirirdilər. Amma Paşinyan yayınır, hər deyiləni yerinə yetirmir. Dediyim odur ki, bir qism analitik hesab edir ki, kommunikasiyalar açılanadək toqquşma xətti davam edəcək. İkinci kəsim isə hesab edir ki, - bu kəsimə mən də daxiləm - böyük ehtimalla, hərbi toqquşmalara xeyli ara veriləcək. Düşünürəm ki, rəsmi Bakı da anlayır ki, bunun ciddi fəsadları olacaq. Sərhəddəki toqquşmadan sonra Pelosinin İrəvana gəlişi, Makronun bəyanatı, Blinkenin zəngi, mövqeyi siqnallardır. Belə vəziyyətdə Azərbaycan rəhbərliyi çox da riskə getmək istəməz. Amma müəyyən dövr keçəndən sonra hərbi toqquşmalar baş verə bilər. - İrəvan sülh istəyirsə, yenidən təxribata niyə gedir? - Kim deyir ki, Ermənistan ordusu tam olaraq Paşinyanın, onun hakimiyyətinin nəzarətindədir?! Əlbəttə ki, burada Rusiyanın təsiri, Rusiyaya bağlı zabitlər var. Bəlkə sentyabr təxribatını Rusiyanın oradakı adamları törətdilər, biz bunu dəqiq bilmirik. Digər tərəfdən, Ukraynadakı müharibədən də çox məsələ asılıdır. Rusiyanın vəziyyətinin necə olacağı qətiləşməyib. Hesab edirəm ki, yaxın müddətdə olmasa da, müəyyən müddətdən sonra hərbi toqquşmalar baş verəcək. - Bu, sülhün əldə edilməyəcəyi proqnozudur? - Rusiya faktoru sülhün əldə olunmasına imkan vermir. Sülhə yaxın müddətdə nail olunması çətindir. 44 günlük müharibənin nəticələri var idi, o baxımdan ki, biz torpaqlarımızın böyük hissəsini işğaldan azad etdik. Mənfi nəticə isə o oldu ki, Rusiya hərbi kontingenti Qarabağda yerləşdi. Hesab edirəm ki, Rusiya hərbi kontingenti Qarabağdan çıxmayacaq. Ya da elə bir fundamental dəyişiklik olmalıdır ki, hərbçilər oradan çıxsınlar. Ukraynada gedən müharibə həmin fundamental dəyişikliyi yarada bilər. Bütün hallarda isə Qarabağda rus hərbçilərinin olması mənfi nəticədir. Neçə ki, onlar oradadır, sülhün əldə olunması mümkünsüz görünür. Belə baxanda, bu gün Ermənistanın bizə verəcəyi heç nə yoxdur. Sabah İrəvan rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını desə, Paşinyan çıxıb bəyan etsə ki, "Qarabağ Azərbaycandır", bu, Qarabağın məsələsinin həlli demək olmayacaq. Çünki Rusiya faktiki olaraq hərbi baxımdan Qarabağdadır. Rusiya çıxıb deyəcək ki, burada Qarabağ erməniləri var, onların hüququ var, müqəddəratı təyin etmə məsələsi var və s. Hətta Lavrov bir dəfə demişdi ki, delimitasiya və demarkasiya məsələsi Azərbaycanla Ermənistanın məsələsidir, bunun Qarabağa bağlılığı yoxdur. - Yəni biz həm də məsələmizi Rusiya ilə həll etməliyik... - Əlbəttə! Sabah Paşinyan desə ki, Qarabağı Azərbaycanın ərazisi kimi tanıyırıq, bu halda da Xankəndi bizim nəzarətimizə verilməyəcək. Rusiya bunu istəmir. Paşinyan Ermənistanda satqın kimi damğalanacaq, xəyanətkar kimi onun hakimiyyətdən qovulması düyməsi basılacaq. Burada həmçinin oyun bir az da bunun üzərindədir. Biz Qarabağ məsələsini bundan sonra Rusiya ilə danışmalıyıq, çünki Ermənistanla danışmağın mənası yoxdur. İki il ərzində Paşinyan bir dəfə Xankəndiyə gedib? Təbii ki, yox. İmkanı olsa, gedərdi. Amma getmir, ona görə ki, birincisi, Qarabağ erməniləri onu görmək istəmir, ikincisi, Rusiya ona imkan vermir. Düşünürəm ki, sülhün əldə edilməsi üçün Rusiyanın əlinə oynamaq yox, sülh axtarışları edilməli idi və edilməlidir. Addım-addım sülhə doğru getmək lazımdır. Eyni zamanda, Rusiya ilə konkret danışılmalıdır ki, nəzarətimizdə olan ərazilərdə suverenliyin bərpası hansısa yolla həll edilməlidir. Biz elə etməməliyik ki, münaqişə Fələstin-İsrail davası kimi uzansın, yüz illərə qədər davam etsin. Yaxın Şərqdəki münaqişələr o qədər uzanıb ki, artıq dövlətlər arasında sülh üçün hansısa ortaq məxrəcə gəlmək də mümkün olmur. Biz məsələni o nöqtəyə gətirib çıxarmamalıyıq. Paşinyan ermənidir, amma Köçəryandan, Sarkisyandan yaxşıdır da. Bu, bir şansdır ki, Paşinyan hakimiyyəti ilə problemi ölü nöqtədən çıxara bilək. İmkan verməyək ki, bu, Fələstin-İsrail, İran-İsrail probleminə oxşasın. Məsələ uzansa, ortaq məxrəcə gəlmək çətin olacaq. Yenə nifrət, yenə kin, şiddət, atəşkəs pozulması, demarkasiya əvəzinə bombaların atılması - bu, bizə lazımdır? Məncə, lazım deyil. Bizə lazımdır ki, əvvəlki anlayışlar kənara qoyulsun, keçmişdə olan anlayışla davranmayaq. Məsələn, dəhliz anlayışı keçmişin anlayışıdır - Minsk Qrupunun, Rusiyanın bizə sırıdığı anlayışdır. Düşünürəm ki, nə Laçın, nə də Zəngəzur dəhlizi olmalıdır. Münasibətlər elə qurulmalıdır ki, Cənubi Qafqazda sərhədlər şəffaf olsun. Ermənilər Azərbaycan ərazisindən gəlib Gürcüstana, Rusiyaya, İrana və s. gedə bilsinlər, azərbaycanlılar da qarşı tərəfdən Türkiyəyə, Gürcüstana və s. gedə bilsinlər. Vaxtilə avropalılar bir-birini qırıblar, Fransa ilə İngiltərə arasında yüz il müharibə olub, amma bu gün mənzərə fərqlidir. Avropalılar bu prosesi keçib, bir-birinə nifrətdən, davadan, kindən vaz keçiblər. Və indiki Avropanı qura biliblər. Biz Cənubi Qafqazda "Avropa dünyası" qurmalıyıq. Amma nifrət, kin, düşmənçilik davam etsək, Cənubi Qafqaz Avropa kimi olmayacaq, Yaxın Şərq kimi olacaq. Cənubi Qafqazın Yaxın Şərq olmasına imkan vermək olmaz.