Paşinyan blef edə-edə gedir, Qərb ona “dur!” deyəcəkmi? Konfliktoloq: “Amerikanın məqsədi Brüsseldə başlamış sülh danışıqlarını qısa vaxtda başa çatdırmaqdır...”
Kapitulyant Ermənistan və onun hərdəmxəyal hökuməti sülh prosesini pozmaq və Azərbaycanla 5 məlum prinsip əsasında sülh müqaviləsi imzalamaqdan yayınmaq üçün əlindən gələni edir. Ən absurdu isə odur ki, bu zaman ədalətli sülhdən də ən çox elə İrəvan rəsmiləri, baş nazir Nikol Paşinyan danışır. Sərhəddəki növbəti təxribata ayrı ad tapmaq olmur.
Xəbər verildiyi kimi, həmin təxribat zamanı Ordumuzun hərbi qulluqçusu yaralanıb, erməni tərəfinin rəsmi məlumatına görə, onların 3 hərbçisi məhv edilib. Təbii ki, qarşı tərəf yenə ağlaşma quraraq Azərbaycanı ittiham edib. Guya Azərbaycan Ordusu neçə vaxtdır Ermənistan ərazisində olduğu üçün və “beynəlxalq birlik haqsızlığa seyrçi qaldığı” üçün belə hadisələr yaşanır, ümumiyyətlə Bakı guya sülh istəmir və s.
Siyasi müşahidəçilərə görə, əslində Ermənistan bu yolla mövqelər ələ keçirmək, sərhəddə hərbi balansı müəyyən qədər də olsa öz xeyrinə dəyişmək və Qərbin təşəbbüsü ilə aparılan danışıqlarda öz əlini gücləndirmək istəyir. Təxribatın məhz indi - ABŞ və Fransanın sərhəd üzərindən müzakirələr apardığı vaxt baş verməsinin də buna hesablandığı bildirilir.
Bəllidir ki, İrəvan Azərbaycan Ordusunun sərhəddə əvvəlki mövqelərə qaytarılması üçün əlini üzdüyü Rusiyadan, KTMT-dən daha çox Qərbdən kömək gözləyir. Hesab edilir ki, məhz buna nail olmaqdan ötrü də danışıqların zəruriliyini artıran gərginliyin yaradılması lazımdır.
“Ermənistan növbəti saxta ittihamla çıxış edib”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva öz tviter səhifəsində yazıb. O vurğulayıb ki, İrəvan eyni ssenarini təkrarlayır: “Ermənistan atəşkəsi pozur, Azərbaycan adekvat tədbirlər gördükdə isə bizi ittiham edirlər”.
XİN sözçüsü bildirib ki, bu, Ermənistanın danışıqları pozmaq üçün yeni bəhanəsidir: “Ermənistandan fərqli olaraq Azərbaycan gərginlikdə maraqlı deyil”.
*****
Beləcə, Qərbi də, Rusiyanı da bezdirmiş Ermənistan yenə odla oynayır. Sülh müqaviləsi yönündə prosesi sabotaj edir. Hərgah, erməni mediası iddia edib ki, guya Nikol Paşinyan oktyabrın 6-da Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşə konkret sülh müqaviləsinin mətni ilə gedir. Ancaq biz axır iki ildə Nikolun bu yöndə blef elədiyinin dəfələrlə şahidi olmuşuq.
Son olaraq, o, avqustun 30-da Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə reallaşan üçlü görüş çərçivəsində götürdüyü öhdəliyi cəmi 12 gün sonra - məlum sərhəd hadisələri ilə sabotaj elədi. Nəticədə Azərbaycan və Ermənistan XİN başçılarının sentyabr ayına nəzərdə tutulan görüşü baş tutmadı. Halbuki anlaşma belə idi ki, həmin görüşdə sülh müqaviləsinin ilkin mətni müzakirə olunsun, noyabrın sonunda isə liderlər Brüsseldə təzədən bir araya gəlsinlər. Həmçinin N.Paşinyanın keçən həftə BMT tribunasından elədiyi çıxış bütünlüklə sülh prosesini məhv eləməyə yönəlmişdi.
Rəsmi İrəvanın böyük sülhdə maraqlı olmadığını, əksinə, altdan-altdan revanşist planlar cızdığını həm də onun təzədən sürətlə silahlanma kursu götürmək istəyindən görmək olar. İlk növbədə qonşularla - Azərbaycan və Türkiyə ilə anlaşma haqda düşünmək əvəzinə, baş nazir Nikol Paşinyan srağagün bəzi dövlətlərin Ermənistana silah satmaqdan imtina eləməsi ilə bağlı giley-güzar edib. “Bəzi ölkələr, o cümlədən müttəfiqlərimiz bizə yüz milyonlarla dollar dəyərində silah-sursat verməkdən imtina ediblər, halbuki bunun üçün ilkin sifariş verilmişdi”, - deyə o şikayətlənib.
Eyni gündə məlum olub ki, Hindistan Ermənistana 245 milyon dollar həcmində silah-sursat göndərəcək və Ermənistan gələn il üçün öz müdafiə xərclərini 47%-ə (büdcənin 47%-i!) çatdırmağı planlaşdırır. Bu o deməkdir ki, cırtdan ölkənin hərbi büdcəsi ilk dəfə 1 milyard dolları keçəcək. Kiçik xatırlatma: dünyanın heç bir ölkəsi öz ümumi büdcəsinin təxminən yarısını hərbiyə yönəltmir. Xeyir ola, sülhdən dəm vuran Ermənistan kimə qarşı silahlanır?
Sual, əlbəttə ki, ritorikdir. Bu, bir daha qonşu ölkənin terrorçu, militarist mahiyyətini ortaya qoyur. Çünki nə Azərbaycan və Türkiyə, nə də digər qonşular Ermənistana hücum eləməyə hazırlaşmır. Əksinə, qonşu ölkələrin ərazilərinə göz dikən, xəbis və xain niyyətlə yaşayan məhz Ermənistan və onun siyasi elitasıdır...
*****
Belə bir durumda, vasitəçi dövlətlər, özəlliklə ABŞ, kollektiv Qərb İrəvana özünü yaxşı aparması və konstruktiv olması üçün təzyiq edəcəkmi?
“Hazırda ABŞ-ın məqsədi Ermənistanla Azərbaycan arasında yaranmış qarşıdurma vəziyyətindən çıxış əldə etməkdir. Yəni döyüşlərin yenidən başlanmasına yol verməmək, buna mane olmaqdır. Amerikanın başqa bir məqsədi Brüsseldə başlamış sülh danışıqlarını qısa vaxtda başa çatdırmaqdır. Bunu özləri də deyirlər. Amma bu, biz tərəfdən asılı olan məsələ deyil. Azərbaycan tərəfi buna razıdır, həmişə də bunu bəyan edir”.
“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri konfliktoloq Elxan Mehdiyev Teleqraf.com-a müsahibəsində deyib.
Onun sözlərinə görə, artıq Paşinyan hökumətinin özünün də elan etdiyi “sülh erası”, yaxud “sülh gündəmi” ilə bağlı cəsur və qətiyyətli addım atmasının zamanıdır.
“Ermənistan bu addımları atarsa, təbii ki, ABŞ-ın səyləri effektli olacaq. Amma bir məsələ də var ki, prosesə indiki məqamda ABŞ və Rusiya arasındakı düşmənçilik kontekstindən yanaşsaq, Amerikanın vasitəçiliyi ilə hansısa sülh razılaşmasına gəlinməsi Moskva tərəfindən çox böyük hiddət və qəzəblə qarşılanacaq. Bunun da nəticələrinin nə olacağı ayrı söhbətin mövzusudur”, - deyə konfliktoloq vurğulayıb.
Bölgə isə sülhə ehtiyac duyur. Bu sülh kimin vasitəçiliyi ilə əldə olunur-olunsun...
Siyasət şöbəsi
Tarix: 1-10-2022, 10:27