ABŞ Aİ-nin müşahidəçilər missiyasının Ermənistan-Azərbaycan sərhədinə göndərilməsini alqışlayır
“Biz Aİ prezidenti Şarl Mişel və Fransa prezidenti Emanuel Makronun, habelə digər Avropa liderlərinin Azərbaycan və Ermənistanı birbaşa dialoq üçün yaxınlaşdırmaq məqsədilə etdiklərini yüksək qiymətləndiririk”, bu barədə cümə günü Dövlət Departamentinin nümayəndəsi Turan-ın Vaşinqtondakı müxbirinə Avropa Siyasi Şurası çərçivəsində Praqada keçirilən görüşlərin yekunlarını şərh edərkən bildirib.ABŞ Ermənistan və Azərbaycanın möhkəm sülh sazişinə nail olmaq üçün atdığı addımları dəstəkləyir və problemlərin dinc yolla həllində Ermənistana və Azərbaycana kömək etməyə sadiqdir, deyə Dövlət Departamentinin nümayəndəsi qeyd edib.
Öz növbəsində, Dövlət Departamentinin rəsmi nümayəndəsinin köməkçisi Vedant Patel cümə günü brifinqdə bildirib ki, Vaşinqton prezident Makronun və Avropa Şurasının sədri Mişelin hərtərəfli sülh prosesinə təkan verilməsi üzrə səylərini “alqışlayır”.
“Biz regionda Aİ müşahidəçilər missiyasının irəliləyişindən xüsusilə məmnunuq və bu missiya Ermənistan və Azərbaycan arasında etimadın möhkəmləndirilməsi üçün potensiala malikdir”, deyə Patel Turan-ın müxbirinin sualına cavabda bildirib.
Birləşmiş Ştatlar Türkiyə və Ermənistanın münasibətlərin normallaşdırılması üzrə səylərini də dəstəkləyir, bu, regionda sabitliyə şərait yaradacaq. “Praqada Ermənistanın baş naziri Paşinyan və Türkiyə prezidenti Erdoğan arasında tarixi görüş əlamətdar hadisə olub”, deyə Dövlət Departamentinin nümayəndəsi bildirib.
Contact.az
Tarix: 9-10-2022, 08:04