Sərhədə gələn missiya: Paşinyanın ikibaşlı oyunu, yoxsa Putinin Makrona dərsi? - NƏ BAŞ VERİR?

Sərhədə gələn missiya: Paşinyanın ikibaşlı oyunu, yoxsa Putinin Makrona dərsi?
Ermənistana mülki müşahidəçilər missiyasının göndərilməsi məsələsi təsdiqlənmək üçün oktyabrın 17-də Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin müzakirəsinə çıxarılıb.

Xarici işlər nazirlərinin görüşü Lüksemburqda keçirilir. Bununla bağlı TASS xəbər agentilyinə açıqlama verən Avropa İttifaqının nümayəndəsi bildirib ki, missiya ilə bağlı çox təfərrüat yoxdur. Lakin birinci mərhələdə bölgəyə 400-ə yaxın müşahidəçi göndəriləcək.

O, həmçinin, məsələnin aktuallığını nəzərə alaraq, sərhədə ilk müşahidəçilərin Avropa İttifaqının Gürcüstandakı monitorinq missiyasından göndəriləcəyini deyib. Qeyd edək ki, mülki missiya Ermənistanın Azərbaycanla sərhədində fəaliyyət müddəti iki ay nəzərdə tutulub. Ancaq rəsmi İrəvan Qərb müşahidəçilərinin sərhədlərdə yerləşdirməkdə maraqlı olduğundan, iki aydan sonra bu müddətin artırılması üçün yenidən müraciət edəcəyi istisna edilmir. Missiyanın tərkibinin əvvəl 40 nəfər, sonra isə 50 nəfər olacağına dair məlumatlar yayılmışdı. İndi bu sayın 400-ə qaldırılması kifayət qədər böyük göstəricidir və Ermənistanın Azərbaycanla sərhəddə canlı sədd qurması kimi təsvir oluna bilər. Paşinyan hökuməti Avropa İttifaqı və Fransanın timsalında Qərbi sahədə Azərbaycanla qarşıdurmaya bir sıra məqsədlər nail olmağa çalışır.

İlk növbədə, İkinci Qarabağ müharibəsindən sonra diplomatik müstəvidə ciddi rəqbət müşahidə olunur. Bu prosesin əsas iştirakçıları Rusiya, Türkiyə, Avropa İttifaqı, Fransa və ABŞ-dır. Bölgədə İranın Azərbaycana qarşı təxribatları artsa da, rəsmi Tehran danışıqlar prosesinə təsir imkanına malik deyil. Ermənistan Qərbin missiyasını sərhəddə gətirməklə Azərbaycana qarşı Avropa İttifaqının və Fransanın timsalında əlavə diplomatik təzyiq alətləri əldə etməyə çalışır. Digər tərəfdən, Ermənistan sərhədlərin 1991-ci ildə Müstəqil Dövlətlər Birliyinin məqsədləri və prinsiplərinə dair Alma-Atı Bəyannaməsinin imzalandığı dövrün xəritəsinə uyğun delimitasiya və demarkasiya olunmasını təklif edir. Əslində, Baş nazir Paşinyan oktyabrın 7-də Praqada həmin Bəyannaməyə əsaslanaraq Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə sənədi imzalamaqla 1991-ci il sərhədlərinin beynəlxalq səviyyədə qəbul olunmasına çalışır. Paşinyan hakimiyyəti heç bir dəqiqləşmə və bölgü işi aparılmadan Ermənistan ərazisinin 1991-ci ildə 29,8 min kv.km. təşkil etdiyini və Azərbaycanın bununla barışmalı oldğunu şərt kimi irəli sürür. Oktyabrın 31-də Brüsseldə Azərbaycanın və Ermənistanın Baş nazirlərinin müavinləri səviyyəsində delimitasiya və demarkasiya üzrə ikitərəfli komissiyanın birgə iclasının keçiriləcəyi gözlənilir.

Cari ilin sonuna qədər sərhədlərin müəyyənləşməsi işlərinə başlanacağı istisna edilmir. Ermənistan 1991-ci il xəritəsini ortaya atmaqla delimitasiya və demarkasiya prosesində Sovet dövründə tərtib olunmuş xəritələrdən istifadə edilməsinə mane olmağa çalışır. Yəni SSRİ dövrünün xəritələri tətbiq olunsa, Azərbaycan həmin dövrdə Ermənistana qanunsuz verilmiş bir çox ərazilərin qaytarılmasını tələb edə bilər. Eləcə də, Ermənistan taktiki gediş etməklə 44 günlük Vətən müharibəsindən sonra ötən iki il ərzində Azərbaycanın geri qaytardığı mövqelərə, həmçinin, Qazax rayonunun işğal altında saxladığı yeddi kəndinə, Sədərək rayonunun Kərki kəndinə iddiasını rəsmiləşdirmək istəyir. Avropa İttifaqı missiyasını sərhəddə gətirməklə Ermənistan delimitasiya predmeti olacaq ərazilərdə Azərbaycanı güzəştə vadar etmək üçün beynəlxalq dəstək qazanmağa çalışır. Sentyabrın 13-də sərhəddə baş vermiş döyüşlərdən sonra guya Azərbaycanın Ermənistan ərazisinə müdaxilə etməsi barədə təbliğat da bu məqsədə xidmət edir.

Ancaq Avropa İttifaqının missiyası çərçivəsində Fransa müşahidəçilərinin bölgəyə cəlbi Ermənistanın xüsusi marağındadır. Çünki rəsmi İrəvan ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik missiyasının bərpasına səy göstərir. Ukraynada baş verən müharibə Ermənistanın bu planlarının reallaşmasına mane olur. Belə ki, Qərb və Rusiya arasında artan qarşıdurma Minsk qrupu formatının dağılmasına səbəb olub. Bu baxımdan, Rusiyanın ABŞ və Fransa ilə əks siyasi qütblərdə dayanması həmsədrlik instutunu sıradan çıxaran əsas səbəblərdən birinə çevrilib. Hətta Nikol Paşinyan sentyabr ayında Ermənistanın İctimai Televiziyasına verdiyi müsahibəsində bildirmişdi ki, həmsədr ölkələrin diplomatları sözdə Minsk qrupunun vasitəçiliyindən danışsalar da, reallıqda bir-birilə adi ünsiyyətdən belə qaçırlar. Ona görə də ATƏT-in Minsk qrupunun fəaliyyətindən danışmaq hazırda mümkün deyil. Lakin Fransanın missiyasını sərhədinə cəlb etməklə Ermənistanın Moskva və Paris arasında yeni əməkdaşlıq imkanları yaratmaq istəyi hiss olunur. Avropada Rusiyaya ən yaxın dövlətlərdən biri sayılan Fransa bir çox hallarda Moskvaya münasibətdə ABŞ-ın mövqeyini bölüşmür. Bu səbəbdən, Ermənistan Ukraynadan fərqli olaraq, Cənubi Qafqazda Fransa və Rusiya arasında təmasların baş tutacağına ümid edir. Nəticə isə Minsk qrupunun iki həmsədri arasında diplomatik barışığa nail olmağa və bu yolla tərəflərin vasitəçilik missiyasını aktivləşdirməyə hesablanıb. Hazırkı mərhələdə bu proses əməkdaşlıqdan daha çox rəqabətin baş verməsi ilə müşahidə olunur.

NATO üzvü olan Fransanın Ermənistana, yəni Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatının sərhədlərinə müşahidə missiyası göndərməsi Moskvada narazılıqla qarşılanıb. Kreml bunu Rusiyanın sülhyaratma fəaliyyətinə və maraq dairəsinə müdaxilə hesab edir. Prezident Putinin tapşırığı ilə KTMT-nin müşahidə missiyasını Ermənistana göndərmək qərarı da Avropa Birliyinin və Fransanın qərarına qarşı cavab addımıdır. Bölgədəki proseslərin gələcək inkişafı Avropadan və KTMT-dən gəlmiş missiyanın rəqabət, yoxsa əməkdaşlıq şəraitində fəaliyyət göstərməsindən çox asılıdır. Hələlik, Emmanuel Makronla Vladimir Putinin Ermənistanla bağlı qarşılıqlı ittihamları, Fransanın Ukraynaya Rusiya ordusuna qarşı döyüşmək üçün zenit-raket kompleksləri verməsi Paşinyanın tərəfləri ortaq məxrəcə gətirmək niyyətini pozur. Lakin bunun uzun müddət davam edəcəyini söyləmək çətindir. Fransa bölgədə davamlı qalmaq üçün Rusiyaya birgə müşahidəçilik təklif edə bilər. Eyni zamanda, Ukrayna müharibəsi başlayandan sonra Qərb koalisiyası tərəfindən təcrid olunmuş Rusiya əks düşərgəni bölmək üçün belə bir anlaşmaya getməyə razı ola bilər.

Yəni həm Fransa, həm də Rusiya Ukraynada mümkün olmasa da Cənubi Qafqazda birgə fəliyyət imkanlarını ola bilsin ki, nəzərdən keçirəcək. Ermənistan isə buna Minsk qrupunun fəaliyyətini bərpa etmək üçün yeni şans kimi baxır. Ancaq üçüncü həmsədr kimi ABŞ Avropa İttifaqının missiyasına müsbət yanaşsa da, Fransanın Rusiya ilə əməkdaşlığına müsbət reaksiya verəcəyi inandırıcı görünmür.

Müşfiq Abdulla
Cebhe.info
Tarix: 17-10-2022, 21:42
Xəbəri paylaş





Xəbər lenti