Ermənistanın baş naziri 10 noyabr anlaşmasını pozaraq Azərbaycanla sərhəddə üç keçid məntəqəsi qurulmasını təklif edir, Bakının cavabı məlumdur
Ermənistan hökuməti iki ölkənin sərhədində üç keçid məntəqəsinin açılması ilə bağlı qərarına Azərbaycanın müsbət reaksiyasını gözləyir. “Yeni Müsavat” bildirir ki, baş nazir Nikol Paşinyan belə deyib. Onun sözlərinə görə, Ermənistan hökumətinin Şərqi Azərbaycanla Naxçıvan arasında əlaqəni təmin etmək üçün Ermənistan-Azərbaycan sərhədində 3 buraxılış məntəqəsinin açılması ilə bağlı qərar layihəsi artıq bir neçə aydır ki, rəsmən dövriyyəyə buraxılıb. Azərbaycan XİN isə cavab olaraq bildirib ki, Ermənistan 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatdakı öhdəliklərindən yayınmaq üçün saxta bəhanələrə son qoymalıdır: “Ermənistan 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanata əsasən, Zəngəzur dəhlizi ilə avtomobil/dəmir yollarının birləşdirilməsi üzrə öhdəliklərindən yayınmaq üçün saxta bəhanələrə son qoymalıdır. 20 ay davam edən müzakirələrə məhəl qoymadan əlaqələnmə üçün 3 qeyri-real buraxılış məntəqələri variantını təklif etmək doğru siyasət deyil”, - qeyd olunub. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isə qeyd edib ki, Laçın və Zəngəzur eyni statusdadır, bunu Azərbaycan bir neçə dəfə bildirib.
...Erməni baş nazirin təklifi əlbəttə ki, 2020-ci il üçtərəfli bəyanatına ziddir. Çünki bəyanatın 9-cu bəndində deyilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir”. Göründüyü kimi, sənəddə “hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkilindən” söhbət gedir.
Eyni zamanda, Prezident İlham Əliyev hələ ötən ilin dekabrında NATO qərargahında keçirdiyi mətbuat konfransında bu məsələ ilə bağlı öz mövqeyini bildirmişdi. Sitat: “Zəngəzur dəhlizi Laçın dəhlizi kimi olmalıdır. Çünki üçtərəfli bəyanatda çox aydın şəkildə Azərbaycanın təhlükəsizliyi və maneəsiz çıxışı təmin etməsi vurğulanır. Ermənistan da eyni şəraiti Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər əraziləri arasında təmin etməlidir. Laçın dəhlizində heç bir post yoxdur. Təbii ki, Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, biz də Laçın dəhlizində gömrük postu açacağıq. Biz hər iki varianta açığıq. Ya hər iki tərəfdən olmalıdır, ya da olmamalıdır”.
Bu istiqamətdə xüsusən Brüsseldə aparılan danışıqlara baxmayaraq, Ermənistan göründüyü kimi, əvvəlki pozucu mövqeyində qalır və Paşinyanın təklifi də bunu sübut edir. O halda Azərbaycanın Laçın istiqamətində yeni yolda sərhəd və gömrük xidməti təsis etməkdən başqa alternativi qalmır. Gömrük postları ilə yanaşı Azərbaycanın xüsusi təyinatlı qüvvələrindən ibarət xüsusi post da yaradılmalıdır. Yaxın üç ildə Rusiya sülhməramlıları ilə birgə Laçın dəhlizindən keçən yük avtomobillərini tam nəzarətə götürməlidir ki, bu ermənilərin sığındığı Xankəndi və ətraf ərazilərə tam şəkildə nəzarətə imkan verəcək. Rusiya buna etiraz edə bilməz, çünki Ermənistan belə təklif edirsə, Bakı da öz mövqeyini gerçəkləşdirməlidir. Nəticə etibarilə bu təklif Azərbaycanın xeyrinə olacaq. Çünki İrəvan başqa seçim qoymur və israr edir ki, Ermənistanla Qarabağ arasında yolda biz oxşar addımları ataq. Bəs, bu mümkün olacaqmı? Mütəxəssislər nə düşünürlər?
Siyasi şərhçi Xəyal Bəşirovun “Yeni Müsavat”a dediyinə görə 10 noyabr sənədində bütün müddəalar açıq göstərilib. “Ermənistan baş nazir, xarici işlər naziri səviyyəsində iki ildir ki, bəyanatı öz maraqlarına uyğun təhrif edir. Rəsmi Bakı isə üzərinə düşən öhdəlikləri vaxtından əvvəl yerinə yetirir. Ancaq o demək deyil ki, Ermənistanın bu siyasətinə axıra qədər dözüm nümayiş etdirəcəyik. Onlar Zəngəzur dəhlizi olmayacağından danışırdılar, bizim prinsipial mövqeyimizi gördükdən sonra indi üç keçid məntəqəsindən danışırlar, maneəli keçid nəzərdə tuturlar. Bu müddət sonra bu şərtdən də imtina etməyə məcbur olacaqlar. Sadəcə, biz İrandan iki keçid məntəqəsindən keçiriksə, Ermənistandan niyə üç keçid məntəqəsindən keçməliyik? Ona görə də Laçın yolunda hansı şərtlər varsa, Zəngəzur dəhlizində də tətbiq olunacaq, olmayacaqsa, sona qədər bu mövqedən çıxış edəcəklərsə, o halda Qarabağdakı yeni yolda adekvat addımlar atmağımız çətin deyil” - deyə ekspert vurğuladı. Onun fikrincə, istənilən an yolun bağlanması, keçid məntəqələri qoymaq iqtidarımız var: “Ümumiyyətlə, üç keçid məntəqəsi niyə olmalıdır? Deməli, heç də üç keçid məntəqəsi qurmaq planı deyil, prosesin pozulmasına hesablanmış addımlardır. Bu baxımdan Azərbaycan “Dəmir yumruq”la buna cavab verəcək. Ermənistan uzun müddət 10 noyabr sənədinin bəndlərini icra etməkdən boyun qaçıra bilməyəcək. Paşinyan kapituliyasiya imzalamış, ordusu darmadağın edilmiş siyasətçidir, indi zaman qazanıb danışıqları pozmaqla düşünürsə ki, vaxt udmuş olacaq, yanılır. Azərbaycan Ermənistanı götürdüyü öhdəlikləri yerinə yetirməyə məcburetmə əməliyyatı başlamaq gücünə malikdir”.
Siyasi təhlilçi Ramiyə Məmmədova da üç keçid məntəqəsi təklifini irreal hesab edir. Onun sözlərinə görə, İrəvan Tehran-Paris-Vaşinqton üçbucağında kombinasiya qurmaqdadır: “Paşinyan bu üç tərəflə manevr edərək Zəngəzur dəhlizinin açılmasından yayınacağını güman edir. Ermənistan bu yolun açılmasına razıdır, sadəcə, dəhlizə qarşıdır. Bizsə sənədə istinad edirik, maneəsiz keçid deyilirsə, deməli, orada erməni gömrükçüsü dayanmamalıdır, rus hərbçiləri yoxlaya bilər. Amma biz Laçın yolunda eyni qərarı versək, o zaman Paşinyana da, Araikin dəstəsinə də heç yaxşı olmayacaqlar. Əslində, bu məsələdə gecikirik, Rusiya ilə razılaşaraq Qarabağdan Ermənistana gedən yola keçid məntəqələri qoymalıyıq. Bundan sonra ermənilərin başı daşa dəyəcək və dərk etməyə başlayacaqlar. Hətta yolu bağlaya bilərik, onlar Ermənistana niyə gedib-gəlməlidirlər?”
Ekspertin fikrincə, Zəngəzur dəhlizinin açılmasına qarşı çıxan əsas İrandır: “SEPAH açıq bildirir ki, bölgədə sərhədlərin dəyişməsinin əleyhinəyik. Fransa da Ermənistanı ruhlandırır. Paşinyan hər iki dəstəkdən qidalanaraq bu mövqeni davam etdirir. Ona elə gəlir ki, Rusiyanın indi təzyiq gücü qalmayıb, 10 noyabr sənədindən yayına bilər. Amma Putin liderləri görüşə çağırıb, nəqliyyat-kommunikasiya xətlərinin işə düşməsi prosesi sürətlənə bilər. Çünki Ukrayna müharibəsinə görə Moskva tələsir. Eyni zamanda, Zəngəzur dəhlizi London-Pekin yoludur, bunu istəyən qüvvələr var, kiçik Ermənistan İran və Fransa ilə bacı-qardaş olub axıra qədər müqavimət göstərə bilməyəcəklər. Üstəlik, əlimizdə rıçaq var – Laçın yolunu bağlayırıq, nəfəsləri kəsilir...”
Emil SALAMOĞLU
Tarix: 19-10-2022, 09:40