Qarabağda erməni təxribatları gözlənilir - Tofiq Zülfüqarov




Qarabağda erməni təxribatları gözlənilir - Tofiq Zülfüqarov "Ermənistan bu və ya digər şəkildə təxribatları davam etdirmək, istənilən beynəlxalq qüvvələri bu bölgədə yerləşdirməyə çalışır".

Bunu Bakupost.az -a açıqlamasında sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistanın təxribat cəhdlərilə bağlı danışarkən qeyd edib.



T.Zülfüqarov hesab edir ki, indi təxribatlar şərti Ermənistan-Azərbaycan sərhədində baş verirsə, beynəlxalq missiya yerləşəndən sonra Ermənistan bu təxribatı Qarabağ bölgəsində həyata keçirə bilər:


"Ermənistanın məqsədi açıq-aşkar görünür. Məqsəd ondan ibarətdir ki, bu və ya digər yollarla müşahidəçiləri şərti sərhədə gətirsin. Ehtiyat edirlər ki, Rusiya artıq onları müdafiə etməyəcək. Ona görə də Avropa İttifaqı missiyasını şərti sərhəddə öz tərəflərində yerləşdiriblər. Hazırda təxribatları davam etdirirlər. Məqsəd odur ki, bu missiyanın sayını artırsınlar və onlara aid hansısa sənəd qəbul olunsun. Eyni zamanda ermənilər atəşkəsə nəzarətin həmin missiyaya həvalə edilməsini, onun beynəlxalq məlumat mənbəyi kimi fəaliyyət göstərməsini istəyir. Digər tərəfdən, təxribatların şərti Ermənistan-Azərbaycan sərhədində yox, Qarabağ bölgəsində baş verməsinə cəhd edirlər. Həmçinin çalışırlar ki, ora da ruslardan başqa kimisə gətirsinlər. Ona görə də Ermənistanın taktikası bəllidir. Bununla yanaşı, ermənilər himayə altında Azərbaycana qarşı anneksiya siyasətini davam etmək niyyətindədir".
Tarix: 19-10-2022, 09:49
Xəbəri paylaş





Xəbər lenti