“Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş və səfirlik əməkdaşının ölümü ilə nəticələnən terror aktı iki ölkəni müharibəyə yaxınlaşdırıb”, - deyə “Silk Road Briefing” beynəlxalq analitik saytı yazır.
“Belə bir hadisə Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinə ziyan vuracaq və yüklərin Avropadan İran körfəzi və Cənubi Asiya ölkələrinə çıxışını təmin edəcək Xəzər dənizinin Bakı limanından İranın Xəzər limanlarına qədər olan marşrutlarını bağlayacaq. Bu, Avropa İttifaqının Asiya ilə ticarətini yalnız Süveyş kanalı variantına endirəcək və ehtimal ki, Qazaxıstandan keçməklə işləyən Orta Dəhlizə çıxışı məhdudlaşdıracaq”, - deyə məqalədə bildirilir.
“Nəzəri cəhətdən İsrail Azərbaycan ərazisindən pilotsuz uçuş aparatlarının operatorlarını qəbul etmək, döyüş təyyarələrinə yanacaq doldurmaq və təxribat qrupları üçün baza kimi istifadə etmək üçün istifadə edə bilər. Zəifləmiş İran potensial olaraq Azərbaycana İranın iki vilayətinə - Qərbi və Şərqi Azərbaycan və ola bilsin Ərdəbilə iddia irəli sürməyə imkan verə bilər”, - deyə materialda vurğulanır.
Məqalənin müəllifi Kris Devonşir-Ellisin yazdığına görə, digər mübahisəli məsələ Zəngəzur dəhlizi layihəsidir: “2022-ci ilin sentyabrında Qarabağdan kənarda, Azərbaycan-Ermənistan sərhədində genişmiqyaslı toqquşmalar baş verəndən sonra İranın narahatlığı artıb. ABŞ-ın İranın Azərbaycanla münaqişədə uduzmasında şəxsi marağı olacaq və rejimin dəyişməsini dəstəkləyəcək. Əgər İran nəticədə ərazisini itirərsə, ABŞ çətin ki, çox narahat olsun. Qısa müddətdə Avropanın Şərqə ticarətində əhəmiyyətli fasilələr yaranacaq ki, bu da Şimal-Cənub Nəqliyyat Dəhlizinin və Orta Dəhlizin bütün bazarlarında qiymətlərin yüksəlməsinə gətirib çıxaracaq. Uzunmüddətli perspektivdə Tehranda rejim dəyişikliyi baş verərsə, o zaman Şimal-Cənub dəhlizi Qərbin daha çox təsiri altına düşəcək. Bu, Aİ və ABŞ üçün optimal nəticədir”.
Azərbaycan və İranın hərbi münaqişəyə yaxınlaşması ilə bağlı əsas mesajla razılaşa bilərikmi? Dünyada və regionda mövcud vəziyyəti nəzərə alsaq, bu, hazırkı məqamda hər iki tərəfin maraqlarına uyğun ola bilərmi? Belə bir müharibə ehtimalı nə qədər realdır?
AYNA mövzunu tanınmış əcnəbi ekspertlərlə müzakirə edib.
Ukraynanın Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktor müavini Sergey Danilov:
“Bir il əvvəl İranın Azərbaycana qarşı genişmiqyaslı müharibəsini təsəvvür etmək qətiyyən mümkün deyildi. Lakin sürətli beynəlxalq və regional dinamika məqbul olanın hüdudları haqqında anlayışımızı dəyişir. Keçən il Tehran Rusiyanın Ukrayna üzərində qələbəsinə inandı və qərara gəldi ki, bu, yeni dünya düzənini yazacaq qalibin müttəfiqi olmaq üçün unikal şansdır. Tehran üçün bu halda regional nailiyyətlərini möhkəmləndirmək, yeni silah və texnologiyalara çıxış əldə etmək, həmçinin gəlir əldə etmək üçün görünməmiş bir fürsət pəncərəsi açıldı. Əslində, o vaxtdan bəri regional müharibədən hipotetik deyil, ehtimal olunan bir hadisə kimi danışılır.
Amma eyni zamanda, İrana və onun aqressiv siyasətinə qarşı oynayan amillər fəallaşmağa başladı. Qərb möhkəmlənib və İranın Rusiyanın Ukraynaya qarşı təcavüzündə iştirakı, hətta, ehtiyatlı Bayden administrasiyasını İran siyasətinə cavab vermək üçün bütün variantların, o cümlədən hərbi siyasətin masada olduğunu açıq şəkildə bəyan etməyə məcbur edib. Buna görə də İranın hərbi infrastrukturu, ilk növbədə nüvə proqramı ilə bağlı obyektləri qanuni hədəflərdir. Ancaq təkcə onlar deyil, hədəflərin siyahısı genişlənir.Bundan əlavə, Azərbaycana qarşı təcavüz qaçılmaz olaraq blokların səfərbərliyinə və münaqişənin beynəlmiləlləşməsinə gətirib çıxaracaq. Təsəvvür etmək çətindir ki, Ankara sakitcə İran tank kolonlarının Arazı necə keçdiyini izləyəcək. Belə bir vəziyyətdə İrandakı azərbaycanlıların necə davranacağını söyləmək çətindir, amma yəqin ki, molla rejiminə İran cəmiyyətinin bu mühüm hissəsinin sədaqətinə ümid etməyə dəyməz. Güclə söndürülməyə müvəffəq olan rejim əleyhinə kütləvi etirazlar fonunda növbəti gərginlik ocağı yaratmaq riskli addım olacaq.
Təbii ki, belə bir işğal bütün Cənubi Qafqazda tam xaosa gətirib çıxaracaq, təkcə Cənub-Şimal nəqliyyat dəhlizləri zərər çəkməyəcək, həm də Şərq-Qərb dəhlizi dayanacaq. Belə mühüm kommunikasiyalara təhlükə region ölkələrini və onlarla əlaqəli dövlətləri regional balansı pozan tərəfə qarşı birləşdirir. Digər amil isə Xəzər dənizində kommunikasiyalara təhlükə olacaq ki, hazırda İran il Rusiya arasında əlaqə onun vasitəsilə həyata keçirilir. İrandan Rusiyaya yeni PUA partiyalarının daşınması təhlükəsiz olacaqmı? Sual ritorikdir.
İranın hazırkı siyasətinin bütün çılğınlığına baxmayaraq, indiyə qədər rasional arqumentlər deyir ki, İran rəhbərliyi öz məqsədlərinə hədə-qorxu yolu ilə nail olmaq üçün tənzimlənən gərginliyi qoruyub saxlayacaq, lakin qırmızı xətləri keçməyəcək. Ancaq Tehran siyasətçilərini müşahidə edəndə təəssüf ki, nəzərə almaq lazımdır ki, onlar getdikcə daha az rasional addımlar atırlar. Ona görə də avantürist addımların atılması ehtimalı təəssüf ki, qalır”.
Rusiya Elmlər Akademiyasının Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Milli Elmi-Tədqiqat İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin baş elmi işçisi, tarix elmləri namizədi Stanislav Pritçin:
“Azərbaycan il İran arasında hərbi toqquşma ehtimalı azdır. Münasibətlərdə gərginliyin artması faktdır. Daxili dinamika, kənar tərəflər, bəziləri belə bir qarşıdurmada maraqlıdırlar - bütün bunlar var. Amma tammiqyaslı münaqişənin reallığı baxımından mənə elə gəlir ki, bu, mümkün olmayan hekayədir, çünki heç kimin obyektiv olaraq marağında deyil. Bu, onun iştirakçıları üçün böyük fəlakət olacaq. Çünki bir tərəfdən, bəli, Azərbaycanda İkinci Qarabağ müharibəsi ilə bağlı uğurlu presedent var, amma orada söhbət İran ordusu ilə tamamilə müqayisə olunmayan kiçik Ermənistandan gedirdi.
Ona görə də Azərbaycanın İranla tammiqyaslı münaqişə marağında deyil və onun uzunmüddətli planlarına ziddir. Axı bu, nəhəng resursları başqa istiqamətə yönəldəcək, hətta müttəfiqlərin dəstəyi ilə də xeyli itkilərə səbəb olacaq və eyni zamanda, Azərbaycandan faktiki olaraq İrana problem yaratmaq üçün kənar oyunçular istifadə edəcək. Yəni başa düşmək lazımdır ki, İran ətrafında böyük bir oyun gedir və Azərbaycan Türkiyə ilə yaxın münasibətdə olduğuna, İsraillə müttəfiqlik münasibətlərinə malik olduğuna görə, təbii ki, onu strateji maraqlarına zidd olan qarşıdurma cəlb etməyə çalışırlar.
İranın özünün də Azərbaycanla mübarizədə heç bir strateji marağı yoxdur, çünki birincisi, iqtisadi baxımdan bu, normal qarşılıqlı fəaliyyət imkanlarını məhv edir, Rusiya ilə İran arasında strateji zəncir olan Şimal-Cənub layihəsinə son qoymaq demək ola bilər. İkincisi, bu, İran ətrafında artıq mövcud olanlara əlavə gərginlik ocağıdır. Ola bilsin ki, İran daxilində Azərbaycanla münaqişədə maraqlı olan qüvvələr var, amma yenə də bu ölkə üçün strateji baxımdan sizin ölkənizlə münasibətlər bərabər və mehriban qonşuluq olmalıdır.Səfirliyə qarşı terror aktını təşkil edən şəxs, əlbəttə ki, Azərbaycanla İran arasında münasibətləri maksimum dərəcədə pozmaq istəyirdi və burada bundan sonra baş verən hadisələri xüsusilə nəzərə almaq lazımdır. Mənə çox əlamətdar görünür ki, elə o zaman İranın hərbi obyektlərinə hücumlar oldu. Siz əlbəttə ki, təsadüfdən danışa bilərsiniz, amma burada açıq-aydın görünür ki, kimlərsə doğrudan da İranı mümkün qədər zəiflətməyə çalışır, eyni zamanda məsuliyyəti Azərbaycanın üzərinə yükləyir.
Nə demək istəyirəm? Əvvəlcə səfirlikdəki terror aktı İranla Azərbaycanın həqiqətən də son dərəcə gərgin münasibətləri olduğu hissini yaratmalı idi. Ertəsi gün isə hərbi zərbələr endirilir. Və burada, təbii ki, ictimai şüur üçün belə bir mənzərə ortaya qoyulur ki, İran Azərbaycana münasibətdə bu cür hərəkət edib, çünki Bakının bu zərbələrdə nədənsə əli var. Yəni əlaqə belə ola bilər. Bu isə nə Azərbaycanın, nə də İranın maraqlarına uyğundur. Çünki ilk növbədə İsrailin vurduğu aydındır.
Amma işi elə təqdim etməklə öz izlərinizi ört-basdır edə bilərsiniz, guya ki, dava edən İranla Azərbaycan olub. Ona görə də indi burada həddən artıq emosiyalar, həddindən artıq gərginlik var. Amma tərəflər ən ciddi məsləhətləşmələr aparmalı, terror aktının araşdırılmasına mümkün qədər töhfə verməlidirlər ki, Azərbaycan Respublikasının səfirliyinə qarşı törədilən bu dəhşətli cinayətdə həqiqətən kimin əli olduğu aydınlaşsın. Aydın olmalıdır ki, qonşu ölkələr arasında real qarşıdurma üçün heç bir səbəb yoxdur, çünki bu, onların strateji maraqlarına ziddir”.