“Ermənistan tərəfi Türkiyə ilə münasibətlərinin daha da yaxşılaşdırılmasının tərəfdarıdır və onlar burada Azərbaycanı kənara qoyaraq, Türkiyə ilə münasibətləri nizama salmaq və sərhədlərin açılmasına nail olmaq istəyirlər. Lakin Türkiyənin də prinsipial mövqeyi bundan ibarətdir ki, Azərbaycanın maraqları çərçivəsində regionda təhlükəsizlik mühiti gücləndirilsin. Bu xüsusda isə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına gərək vardır”. Siam.az xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.
Politoloq Ermənistanın Baş naziri Nikol Paşinyanın hökumətin bugünkü iclasında səsləndirdiyi sonuncu fikirlərə münasibət bildirib.
Xatırladaq ki, erməni nazir çıxışında bəyan edib ki, Ermənistan yekun sülh sazişi layihəsini artıq Azərbaycan tərəfinə təhvil verib.
Öz növbəsində, İ.Hüseynov qeyd edib ki, Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sonra Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyəyə səfər etdi və həmkarı Mövlüd Çavuşoğlu ilə keçirdiyi görüşdə çox mühüm mesajlar səsləndirdi.
Siyasi analitik onu da əlavə edib ki, biz sülh müqaviləsinin mətni ilə bağlı Ermənistana öz təkliflərimizi vermişdik:
“Ümumiyyətlə, sülhün təşəbbüskarı və sülh müqaviləsinin imzalanması ideyasının müəllifi də elə rəsmi Bakıdır. Bu 5 maddəlik təklif isə ötən ilin əvvəlində Ermənistana təqdim olundu və Ermənistan tərəfi də bunu qəbul etdi.
Hazırda məlumat mübadiləsi və təkliflərin bir-birinə təqdim olunması prosesi gedir. İndi Ermənistan tərəfi də Təhlükəsizlik Şurasının iclasını çağıraraq, burada rəsmilərin fikirlərinin öyrənməklə həm də Azərbaycan tərəfinə təkliflərini göndərib”.
Müsahibimiz düşünür ki, Türkiyə-Ermənistan təmaslarından sonra bu təkliflərdən müəyyən pozitivlik gözləmək olar:
“Baxmayaraq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirirdi ki, onlar sənədə Qarabağla bağlı bəndi əlavə etmək istəyirdilər. Bu da təbii ki, tərəfimizdən qəbul olunmayacaq bir təklifdir və pozuculuq niyyəti kimi qiymətləndirilir”.
Siyasi təhlilçinin qənaətinə görə, indi isə biz bu təkliflərə cavab verməliyik və təkliflər ətrafında da geniş müzakirələrin aparılmasına ehtiyac vardır:
“Təəssüflər olsun ki, son dövlər keçirilən danışıqlar və təqdim olunan təkliflər ictimaiyyətdən gizlin saxlanılır və ekspert icması da bu təkliflərin nədən ibarət olmasından məlumatsızdır. Lakin biz belə proqnozlaşdıra bilərik ki, Ermənistan tərəfi buna konstruktiv yanaşmalıdır, regional sülhə və sabitliyə təhdid törədəcək, eləcə də üzərində olan məsuliyyətdən boyun qaçıracaq addımalra yol verməməlidir. Çünki hazırda Azərbaycan çox qəti şəkildə mövqe ortaya qoyub ki, sülh müqaviləsi imzalansın və region tamamilə yeni inkişaf mərhələsinə qədəm qoysun. Əks təqdirdə eskalasiya güclənə bilər, təhlükəsizlik riskləri daha da artırılar və bu da mənə elə gəlir ki, regional sabitlik baxımından yaxşı heç nə vəd etmir”.
Mütəxəssisə görə, rəsmi İrəvan bunu anlamalı və danışıqlar prosesinə daha səmimi yanaşmalıdır:
“Hər hansısa sülh yönündə pozitiv mesajlar vermək və onu əməli-praktiki müstəvidə göstərməmək, habelə bununla ümumi prosesləri pozmaq, vaxt udmaq artıq hamını bezdirib. Biz yekun sülh müqaviləsini və təhlükəsizlik mühitinin dayanqlılığını tələb edirik”.
Onun fikrincə, bu, Bakının İrəvana sülh müqaviləsinin maddələri bağlı etdiyi təkliflərdə öz əksini tapacaqdır:
“Çünki Azərbaycan zəmin üzərində çox böyük iradə nümayiş etdirir. Ekoloji aksiyanın davam etməsi də buna bir nümunədir. Bundan başqa, biz digər bütün milli maraqlarımızın olduğu məsələlərdə də çox kəskin mövqe ortaya qoymalıyıq”.
Tarix: 16-02-2023, 20:54