“Rəsmi Brüssel bütün hallarda Azərbaycan və Ermənistan arasındakı danışıqlarda vasitəçilik missiyasını təklif edib. Digər tərəfdən, hələ də dəqiq müəyyən edilməyən sərhədlərdə Avropa İttifaqı təmsilçilərinin yerləşdirilməsi nəzərdə tutulur ki, Azərbaycan buna etiraz edir”.Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Elşən Manafov deyib.
O, Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı prezidenti Şarl Mişşelə görüşdə rəsmi Bakının münaqişənin həllinə dair Brüssel variantını dəstəkləməsi ilə bağlı səsləndirdiyi fikrə münasibət bildirib.
E. Manafov bu günlərdə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin verdiyi açıqlamanı xatırladıb. Həmin açıqlamada o bildirib ki, əgər Ermənistan Aİ müşahidə missiyasının münaqişə bölgəsinə gətirilməsində israrlı olsa, bu, Ermənistan dövlətçiliyinin sonu olacaq. Onun fikrincə, bu, Rusiyanın vasitəçiliyinə qarşı atılmış addımdır:
“Azərbaycan və Ermənistan 2020-ci ilin Moskva razılaşmasının şərtlərinə görə, Moksvanın vasitəçiliyinə razılaşıb və üzərlərinə öhdəlik götürüblər. İndi isə rəsmi Bakının Brüssel variantına üstünlük verməsi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun fevralın 21-də Bakıya olan səfəri ərəfəsində gözlənilən demarş kimi qiymətləndirilə bilər. Lakin hələlik dəqiqləşdirməyib ki, rəsmi Bakı Brüssel variantında nələrə üstünlük verir. Əgər söhbət Aİ təmsilçilərinin münaqişə tərəfləri arasındakı bölgəyə yerləşdirilməsindən gedirsə, mənə elə gəlir ki, rəsmi Bakının bu məsələdəki mövqeyi bir qədər fərqlidir”.
E. Manafovun sözlərinə görə, Nikol Paşinyanın Aİ ilə münasibətlərə üstünlük verməsi, əslində, onun Rusiyadan sürətlə uzaqlaşmaq mövqeyindən xəbər verir:
"Lakin Rusiyanın ismarışları və xəbərdarlıqları fonunda bunun Ermənistan üçün nəyə başa gələ biləcəyini təsəvvür etmək lazımdır. Rəsmi Bakının isə keçən il Rusiya ilə imzaladığı müqavilənin fonunda Brüssel variantına üstünlük verməsi iən azı Moskvada məsələyə aydınlığın gətirilməsi tələbini zəruri edə bilər”.
Siyasi şərhçi əlavə edib ki, əgər rəsmi Bakı uzun sürən danışıqlardan sonra Brüssel variantını qəbul edirsə, onda Bakı üçün Moskva ilə münasibətlərdə problemlər yarana bilər:
“Üstəlik, bölgədə İranla münasibətlərin gərginləşməsi ilə yanaşı, rəsmi Bakının Kremllə də münasibətləri gərginləşdirməsi inandırıcı görünmür və Azərbaycan tərəfinin bu kontektsdə addım ata biləcəyini düşünmürəm.
Hesab etmirəm ki, rəsmi Bakı Aİ təmsilçilərinin bölgədə yerləşdirilməsi üçün razılıq vermiş olsun. Azərbaycan həmişə balanslaşdırılmış xarici siyasət yürüdür və belə bir mövqeni artıq disbalans kimi qiymətləndirə bilər”.
Tarix: 18-02-2023, 12:48