“İlk işimiz sərhəd nəzarət-buraxılış postunun yaradılması olmalı, ardınca...” - İlham İsmayıl


 
“Münhen Konfransı çərçivəsində liderlərin görüşünün baş tutacağı sual altında idi. Çünki Paşinyan Münhen səfərinə son anda qərar verdi. Ona görə də üç aydan çox çəkən fasilədən həmən sonra hansısa sənəd imzalanması nəzərdə tutulmamışdı”.
Təhlükəsizlik məsələləri üzrə ekspert, ehtiyatda olan polkovnik-leytenant İlham İsmayıl bu fikirləri Musavat.com-a açıqlamasında söylədi. Bildirdi ki, məhsuldarlığa qalsa, Azərbaycan üçün Münhen görüşü daha məhsuldar oldu: “Paşinyanın hərəkətlərindən, söylədiklərindən hiss olunurdu ki, belə bir görüşdən heç məmnun deyil. Azərbaycan Laçın yolunda sərhəd nəzarət-buraxılış məntəqəsinin qoyulmasını beynəlxalq arenada yüksək səviyyədə səsləndirdi və həm ABŞ, həm də Avropa yetkililəri bu mövqeyi anlayışla qarşıladılar. Bu, Azərbaycan üçün Münhen konfransının əhəmiyyətinin və məhsuldarlığının göstəricisi sayılsa da, Ermənistan haqqında eyni sözləri demək olmaz”. Rusiyanın mövqeyinə gəldikdə, İ.İsmayılın fikrincə, Moskva istənilən Avropa formatında Azərbaycan-Ermənistan münasibətlərinin müzakirəsinə mənfi yanaşır, o cümlədən Münhen Konfransındakı müzakirələrə də: “Paris isə müzakirə tərəfdarı olsa da, nəticəsi onu qane etmədiyi üçün sadəcə susur. ABŞ-ın mövqeyi daha konstruktivdir və sülhün tez imzalanmasına, Rusiyanın Cənubi Qafqazdan tezliklə çıxarılmasına hesablanıb. Entoni Blinken “sülh üçün tarixi imkan yaranıb” deməklə, hər iki tərəfə mövcud beynəlxalq şəraitin əlverişliyindən yararlanmağa çağırış edib”.
İlham İsmayıl xatırlatdı ki, hələ keçən ilin dekabrın 7-də Brüssel görüşündən Azərbaycan Prezidenti imtina edəndə Paşinyan da, Makron da öz hesabını götürmüşdü: “Ona görə də, Paşinyan köhnə şərtini səsləndərməyin mənasız olduğunu bəri başdan bilirdi. Dörd aya yaxın fasilədən sonra Münhendəki görüş ola bilsin ki, aranı bir qədər yumşaltsın. Amma, təşəbbüsün yenə Avropadan gələcəyi inandırıcı deyil, həm də Moskva tezliklə Avropa görüşlərini kompensasiya etmək üçün tezliklə Rusiya ərazisində ən azı XİN rəhbərləri səviyyəsində görüşün baş tutacağına çalışacaq. Sergey Lavrovun fevralın sonu üçün Azərbaycana səfəri zamanı perspektiv görüşün vaxtı və yeri çox güman ki, məlum olacaq”. Qeyd edək ki, Ermənistan fevralın 15-də Azərbaycan ilə sülh müqaviləsi üzrə işin növbəti mərhələsini başa vurub və təkliflərini rəsmi Bakıya təqdim edib. İddia olunur ki, Ermənistan yeni təkliflərdə yenə də Qarabağ erməniləri şərti qoyub. Paşinyanın bu müraciəti də onu göstərir ki, İrəvan daxili basqılar və Qərbdən aldığı təlimatlarla yenidən separatizmi körükləyir…Bu prosesə reaksiyamızın necə olmasına gəldikdə, İ.İsmayıl əvvəlcə dedi ki, Ermənistanın sülh müqaviləsini imzalamağı yenə də süni şəkildə uzadacaq: “Necə ki, 27 aydan çoxdur müxtəlif şərtlərlə sülhdən yayınır, indi də eyni mövqe davam edəcək. Artıq onun üçün bəhanə də hazırdır: “Qarabağın təhlükəsizliyi beynəlxalq mexanizmlər tətbiq olmaqla” şərtinin Azərbaycan tərəfindən qəbul edilməyəcəyini bilir, amma zamanı uzatmaq üçün yenə də bir şərt irəli sürür. Burada “Qərbdən aldığı təlimatlar” az inandırıcıdır, Fransa istisna olmaqla, zamanın uzanmasında daha çox başı Ukraynada dərddə olan Rusiya maraqlıdır. Ona görə də, biz sülh müqaviləsi prosesinə bir qədər fasilə verib, əsas siyasi, zərurət yaranarsa, hərbi basqımızı Qarabağ istiqamətinə yönəltməliyik. İlk işimiz yaxın günlərə sərhəd-nəzarət buraxılış postunun yaradılması olmalı, ardınca erməni silahlı qüvvələrin Azərbaycandan çıxarılması tələbi ilə sərt mövqe bildirməliyik. Bu işlərdə isə bizim qarşı tərəfimiz Ermənistan yox, Rusiyadır. Rusiya ilə bu, iki vacib məsələ çox tez bir zamanda həllini tapmalıdır”.
Tarix: 21-02-2023, 18:43
Xəbəri paylaş





Xəbər lenti