Bu gün Xankəndində dönüşə səbəb ola biləcək hadisələr gözlənilir?..
Bu gün Qarabağda, Xankəndində dönüşə səbəb ola biləcək hadisələr gözlənilir. Separatçı-terrorçu rejimin başçısı Arayik Arutyunyanın bugünkü müraciətini oradakı hər bir hayk nəfəs dərmədən gözləyir.
Moderator.az xəbər verir ki, bu haqda Ermənistanın gündəlik "Johovurd" qəzeti məlumat yayıb.
Erməni qəzetinin yazdığına görə, baş separatçı günortadan sonra öz "Facebook" səhifəsində bəyanatını təqdim edəcək. Qeyd edilir ki, bu gün kriminal xuntanın qanunsuz "qanunverici orqanı"nın sessiyası da baş tutacaq. Arayik Arutyunyan qondarma "parlament"ə gəlməyə və çıxış etməyə dəvət edilsə də, sonuncu bundan imtina edərək öz "Facebook" səhifəsində çıxış etməyə üstünlük verib.
Arutyunyan öz müraciətində üzdəniraq "dövlət naziri" Ruben Vardanyanın istefasını elan etmək niyyətindədir. O da xatırladılır ki, Vardanyanın yerinə yeni namizəd qondarma "prokuror" Qurgen Nersisyandır. Yeri gəlmişkən, o, artıq Arayikdən belə bir təklif aldığını təsdiqləyib.
Baş separatçı öz müraciətində "prezident" yanında məşvərət orqanının yaradılmasını da elan edəcək və çox güman ki, ona müxalif siyasətçi Tiqran Petrosyan rəhbərlik edəcək.
Hayklar əmindir ki, Arayik Arutyunyan Ruben Vardanyanı istefaya göndərmək qərarına hər cür haqq qazandırmağa çalışacaq. O, guya bunu "daxili siyasi həyatı sakitləşdirmək üçün" edir. Ancaq müxalifətçilər əmindirlər ki, baş separatçı bunu öz şəxsi maraqlarını təmin etmək və Paşinyanın tələblərini yerinə yetirmək üçün edir.
Ruben Vardanyan isə "dövlət naziri" vəzifəsindən sonra heç bir yeni vəzifəyə keçmək niyyətində deyil. Lakin o, Xankəndində qalmaqda davam edəcək.
Qeyd edək ki, bu haqda dünən Vardanyanın müşaviri Mesrop Arakelyan da açıqlama verib...
Sultan Laçın
Tarix: 23-02-2023, 09:38