Qarabağda və sərhəddə gərginlik: Azərbaycan nə edəcək? - İNCƏLƏMƏ...
Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərində baş verən yeni hərbi toqquşmada siyasi səbəblər arayışına çıxarkən üç məqam əlimizə ipucu kimi keçir:
- Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana gəldi, ardınca Hindistana gedərək Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdü;
- Azərbaycan Qarabağdakı ermənilərlə təmasları bərpa edərək Rusiyanın tormozlamaq istədiyi prosesdəki qıfılları sındırdı;
- Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyaya səfərə getdi.
Hər üç səbəbi bir araya toplayanda bu, Ermənistanın Azərbaycanla sərhəddə təxribatların müəllifinə çevrilmək potensialını ortaya qoyması ilə nəticələndi.
Paralel olaraq Qarabağda Azərbaycan hərbçiləri ilə silahlı insident yaradan ermənilərə qahmar çıxaraq məsələni İrəvanın daxili gündəliyi kimi qələmə verməyə cəhd etdi.
Azərbaycanın Ermənistanla sərhədinin Kəlbəcər, Daşkəsən və Gədəbəy istiqamətlərində yerləşən hərbi mövqelərinin minaatanlardan da istifadə edilməklə atəşə tutulması Avropa İttifaqının monitorinq qrupunun fəaliyyətindəki əsl niyyətləri açır.
Qarabağdakı təxribatlar isə Rusiyanın sülhməramlı kontingentinin fəaliyyətindəki qaranlıq nöqtələri göstərir.
Bir sözlə, Azərbaycan proseslərdə monopoliya yaratmaq istəyən iki tərəflə savaşır: Bir tərəfdən Rusiya, digər tərəfdən isə Qərblə. Elementar məntiq isə söyləyir ki, sərhəddəki təxribat Rusiyanın marağındadır, çünki Kreml bununla Aİ-nin sərhəddəki mandatına kölgə salmaq istəyir. Hərçənd ki, Azərbaycan özü də Aİ-nin monitorinq missiyasının Bakının razılığını almadan sərhədə gəlişinə qarşıdır.
Ermənistanın hansısa bəyanatlardan, görüşlərdən ruhlanaraq silaha əl atması yeni bir təcrübə deyil, Azərbaycan isə sifarişçiləri müəyyən etməlidir.
Sifarişçilərin hansı məqsədlərlə Ermənistana dəstək vermələrində yeni detallar tapmaq Azərbaycanın sonrakı addımları üçün vacibdir və sülhlə hərbi əməliyyatlar arasındakı incə sərhədi təyin etmək bacarıqlarını artırır.
Azərbaycanın sərhədlərə aid məntiqi maksimal məqsədlərin təmininə söykənir və qarşıda bəzi vəzifələr durur.
Birincisi, Qazaxın yeddi kəndi və Naxçıvanın Kərki kəndini işğaldan azad etmək vacibdir.
İkincisi, mümkündür ki, sərhədin Tovuz, Gədəbəy istiqamətlərində də Azərbaycan əraziləri üçün təhdid ola biləcək və Ermənistanın nəzarətində olan yüksəkliklər mövcud olsun. Azərbaycan həmin yüksəkliklərə də nəzarəti ələ keçirməlidir.
Üçüncüsü, sərhədin Kəlbəcər, Daşkəsən, Laçın, Zəngilan, Qubadlı, Naxçıvan istiqamətlərində sərhədlərin delimitasiyasını və demarkasiyasını Zəngəzur dəhlizi layihəsi kontekstində inkişaf etdirmək lazımdır.
Dördüncüsü, Azərbaycan sərhəddəki planları ilə sərhəddə yerləşməyən Qarabağ iqtisadi rayonunda təhlükəsizliyin təmini arasında güclü koordinasiya qurmalıdır.
Qarabağda ən böyük hərbi risk həmin ərazilərdə qalan qeyri-qanuni erməni silahlı dəstələridir, deməli, Azərbaycan onların zərərsizləşdirilməsi üçün iki ssenarini nəzərdən keçirə bilər:
- Ermənilərin Azərbaycanın ictimai-siyasi həyatına inteqrasiya işini sürətləndirməklə həmin silahlıları “ya Azərbaycanın Konstitusiyası altında hüquqi cəzalanmaq, ya da ölkə ərazilərini tərk etmək” dilemması qarşısında qoymaq;
- İnteqrasiyaya maneə yaradan erməni silahlı dəstələrinə hərbi güc tətbiqi ilə cavab vermək.
Hamısı bir-birilə əlaqədədir, deməli, Azərbaycan ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını, milli maraqlarını davamlı inkişafda, təhlükəsizlik mühitində həlledici məcmu kimi görür.
Ona görə də sərhəddən Qarabağa axa biləcək təhdid plazmasının qarşısını almaqdan ötrü Azərbaycan Laçın-Xankəndi yolunda özünün yoxlama postunu qurmalı, qanunsuz silah daşınmasını bloklamalıdır. Azərbaycan son olaydan sonra əlini gücləndirərək bu istiqamətdə çalışacaq.
Azərbaycan regional gücə çevrilir, bir çox meqalayihədə ön cərgədə dayanır, iqtisadi maraqlar hətta Ermənistana dəstək olan bir çox dairəni də Bakının cazibəsinə salır.
Azərbaycan üçün qalır Ermənistana siyasi və hərbi dəstək kanallarını kəsmək və yəqin ki, buna da nail olunacaq.
Yəni beynəlxalq birlik, o cümlədən Avropa, Avropa İttifaqı, ABŞ, Böyük Britaniya və Rusiya mümkün hərbi əməliyyatlar ssenarisində Ermənistana həlledici dəstək göstərməzlər.
Sərhəddəki və Qarabağdakı hadisələr proqnoz səsləndirməyə əsas verə bilər ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında gözlənilən Brüssel görüşünə maneə yaratmaq istəyənlər var – bu, əsasən, Rusiyadır. Qərbin maneələri isə təmaslara qarşı deyil, fərqli məntiqə əsaslanır.
Ancaq proses həlledici tormozlayıcı bir xüsusiyyət qazanmayıb, hətta mümkündür ki, Azərbaycan təxribatlara cavab olaraq güc tətbiqini həyata keçirib, daha üstün stimulla danışıqlara yollansın...