Polkovnik Rövşən Məhərrəmov: “Vəziyyət durmadan gərginləşməyə doğru gedir”


Azərbaycanla sülh müqaviləsindən israrla yayınan kapitulyant Ermənistanın yaxın hədəfi təxminən bəllidir: bacardıqca vaxt uzatmaqla özü üçün guya əlverişli regional və beynəlxalq şərtlərin yetişməsini gözləmək, ona qədər isə hərbi cəhətdən güclənmək.
Bu məqsədlə İrəvanın sıx əməkdaşlıq elədiyi ölkələrin önündə Hindistan və İran gəlir. Ermənistan müdafiə nazirinin, digər erməni rəsmilərinin son vaxtlar bu ölkələrə artan səfərlərində başlıca məqsəd də məhz hərbi təchizatla bağlıdır – bunu etiraf eləməsələr də.
Bu arada məlum olub ki, Ermənistan Hindistandan 21600 ədəd 155 mm-lik artilleriya mərmisi alıb. Bu məlumatı Hindistan mətbuatı yayıb. Bildirilir ki, mərmilərin tədarükü 2024-cü ilin sentyabrına qədər bitməlidir.
Yada alaq ki, keçən il iki ölkə arasında 245 milyon dollar dəyərində silah anlaşması imzalanıb. Balaca bir ölkə üçün bu, yetərincə böyük məbləğdir. Ermənistanın habelə İrandan kamikadze-dronlar almağa hazırlaşdığı haqda məlumatlar yayılmışdı.
Bəs 21600 ədəd 155 mm-lik artilleriya mərmisi Ermənistan üçün nə deməkdir? Kapitulyant ölkənin silahlanması Azərbaycana hansı təhlükə vəd edir?
Ehtiyatda olan polkovnik, Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polisinin keçmiş rəisi, polkovnik Rövşən Məhərrəmov bu barədə suallara cavab verərkən bir sıra vacib məqamlara toxundu:
2108575.jpg (30 KB)
“2020-ci ildə qələbə qazandıqdan sonra bilirsiniz ki, həmin ilin 10 noyabrında razılaşma əldə olundu. Üçtərəfli olan bu razılaşmanın tələbləri hələ də yerinə yetirilməyib. Azərbaycan tərəfi bacardığı qədər bu tələbləri yerinə yetirir. Həmçinin bu razılaşmanın qarantoru olan Rusiya sülh sazişi üçün əlindən gələni etməli idi. Amma ruslar öz missiyalarını yerinə yetirmədilər. Bu barədə dəfələrlə müdafiə və xarici işlər nazirlərimiz, hətta dövlət başçımız açıqlamalar veriblər. Paşinyanın 2022-ci ilin sonlarına qədər Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanması, delimitasiya və demakrasiya ilə bağlı açıqlamalar vermişdi. Amma görürük ki, bu açıqlamaların hamısı yalandır. Paşinyan çalışır ki, müddəti uzatsın, Ermənistanı tam şəkildə silahlandırsın. Sülh müqaviləsini imzalamaq əvəzinə, görürsünüz ki, Avropadan missiya çağırır, monitorinq mərkəzi yaradır. Bununla sərhədə nəzarət etmək istəyirlər. Hindistan, İran kimi ölkələrlə müqavilələr imzalayırlar. Əminəm ki, İran Ermənistana PUA-lar verib. Sadəcə bugünkü gündə istifadə etmirlər. Bunu məxfi saxlayırlar. İran və Ermənistanda bəyan edirlər ki, PUA-larla ermənilər təmin olunacaq. Bunu İran silah razılaşması kimi bildirir. Bu yaxınlarla onların müdafiə və xarici işlər nazirləri Ermənistana getdilər. Müxtəlif danışıqlar aparıldı. 21 min mərmi az say deyil. Bir sözlə Ermənistan silahlanmaya davam edir. Əlbəttə, Azərbaycan da yerinə oturmayıb. Daha müasir silahlar alırıq. Bizə müttəfiq olan ölkələr tərəfindən bəzi silahlarımızı yeniləyirik. Daha müasir silahlarla ordumuzu təmin edirik. Görünən odur ki, Ermənistanın artıq Rusiyadan silah-sursat almaq fikri yoxdur. Erməni tərəf artıq Rusiyaya güvənmir. Başqa ölkələr hesabına ordusunu silahlandırmağa çalışırlar. Azərbaycan üçün haradasa müharibə təhlükəsi var. Ermənilər buna hazırlaşırlar. Güman edirəm ki, ermənilər o toqquşmanı nəzərə alıblar. Ola bilər ki, gələcəkdə rus sülhməramlılarının oranı tərk etmə müddətləri başa çatdıqdan sonra təxribatlara əl atsınlar, bəzi əraziləri yenidən ələ keçirsinlər. Amma onlarda heç nə alınan deyil. Artıq Azərbaycan Ordusu həmin ordu deyil. Komando hərbi birləşməsi yaradılıb, xüsusi təyinatlıların sayı daha da artırılıb. Ordumuz hər şeyə qadirdir”.
Hərbi ekspert onu da qeyd etdi ki, ermənilərlə yanaşı, ruslar da çirkin əməllərindən əl çəkmirlər:
“Rusiya tərəfi də münaqişənin gərginləşməsinin tərəfdarıdır. İstəmirlər ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalansın, əmin-amanlıq olsun, qonşuluq münasibətləri yaransın. Ruslar bu istiqamətdə də öz işlərini aparırlar. Ruspərəstlər Ermənistan müxalifətində çoxdur. Əsasən də, “Qarabağ klanı”, keçmiş yüksək rütbəli məmurlar var ki, birbaşa Rusiyaya xidmət edirlər. Onlar Paşinyana müxalifdirlər və ona müxtəlif yollarla təzyiqlər göstərirlər. Erməni baş nazir hər dəfə açıqlama verir və hər dəfə də onun yalanları üzə çıxır. Bu isə vaxtın uzadılması deməkdir. Onlar tərəfindən 2024-cü ilə hazırlıqlar gedir. Artıq gələn ilin sonunda Azərbaycan tərəfi elan etməlidir ki, sülhməramlılar ərazimizi tərk etsinlər. Bilirsiniz ki, sülhməramlılar bölgəni tərk etdikdən sonra 10 noyabr bəyanatının 4-cü bəndinə əsasən ərazilərimizdəki qeyri-qanuni silahlı birləşmələr çıxarılmalıdır. Bunu Rusiya tərəfi indiyə qədər təmin etməli idi. Amma belə bir fikirləri nə indi görünmür, nə də gələcəkdə. Qarabağ ərazisindən ağır hərbi texnikalar da çıxarılmır. Bu Azərbaycan üçün bir növ təhlükədir. Hazırda silahlanma davam edir. Alterantiv yol vasitəsilə silahlar daşınır. Bilirsiniz ki, 2022-ci ildə minaların ərazilərimizə basdırılması üzə çıxmışdı ki, bu da növbəti bir cinayət idi. Azərbaycan ilk növbədə, Rusiyaya öz sərt etirazını bildirməlidir ki, ermənilər razılaşmanın bütün bəndlərini yerinə yetirsinlər. Əgər ermənilər Zəngəzur dəhlizi məsələsinə ciddi yanaşmırlarsa, o zaman Azərbaycan tərəfi Laçın koridorunu nəzarətə götürməli, özünün sərhəd buraxılış məntəqəsini yaratmalıdır. Bütün bunlar onu göstərir ki, vəziyyət durmadan gərginləşməyə doğru gedir. Müharibədə qarşımızda darmadağın olan, kapitulyasiyaya qol çəkən bir dövlət, özü də baş nazirinin ərazi bütövlüyümüzü tanıdığı dövlət maksimum dərəcədə silahlanma ilə məşğuldur. Ermənistanın bölgədə ancaq düşmənçilik münasibətləri Azərbaycanladır. Durmadan da bu düşmənçilik münasibətlərini daha da gərginləşdirirlər. Bu gərginlik sonunda müharibə, yaxud da lokal toqquşmalarla nəticələnə bilər. Azərbaycan hər zaman ərazi bütövlüyünün tam şəkildə bərqərar olunmasına çalışır. Qarabağ İqtisadi Rayonunda erməni vətəndaşlar, xaricdən gələnlər var. Onlar da yaxşı bilirlər ki, Azərbaycan tərəfi o ərazilərə tam şəkildə yiyələndikdən sonra araşdırma aparılacaq ki, kimlər oranın vətəndaşıdır. Nəticədə çoxlu sayda insan oranı tərk edəcək. Bunu da Ermənistandakı ruspərəst qüvvələr istəmir. Açıqlama verirlər ki, guya orada 120 min əhali var. Qətiyyən bu belə deyil. Müharibə təzə başa çatanda 7-8 min əhali qalmışdı. İndi isə rusların köməkliyi ilə insanların say tərkibi arta bilər. Ola bilər ki, 25-30 min civarında orada hazırda insan yaşasın. Bu da bizim ərazimizdə hər gün toqquşmalara yol aça bilər. İmkan verməməliyik ki, Ermənistanın silahlanması davam etsin, Qarabağdakı qeyri-qanuni silahlı birləşmələr silahlarla təmin olunsun. Hər toqquşma hərbçilərimizin həyatlarının risk altına alınması deməkdir. Bu istiqamətdə Azərbaycan öz işini görməlidir. Sonda sözü silahlı qüvvələrimiz deyəcək. Əgər razılaşma əldə olunmasa, orada rus sülhməramlıları, yaxud da Avropa İttifaqının missiyası olmur nə olursa olsun, Azərbaycan öz tədbirlərini görəcək. Buna inanıram. Artıq bilirsiniz ki, son olaraq, alternativ yolda da toqquşma oldu. Erməni tərəfdən 3 hərbçi öldürüldü. Biz tərəf də 2 şəhid verdi. Allah onların hər birinə rəhmət etsin. Müddət yaxınlaşdıqca belə toqquşmalar tez-tez olacaq. Bunun başında duran birbaşa Rusiyadır. Necə sülhməramlılar əraziyə nəzarət edir ki, toqquşmalar baş verir. Öz vəzifələrini yerinə yetirə bilmirlər, başda Volkov olmaqla. Ona görə alternativ yoldan silah daşımaqla məşğuldurlar, birbaşa rusların icazəsi ilə. Azərbaycan bütün bunlara imkan verməyəcək”.
Tarix: 6-03-2023, 22:12
Xəbəri paylaş





Xəbər lenti