Sülhməramlıların sadiq qaldıqları qara ləkə: Əndazəni aşan növbəti axmaqlıq...


Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti xidmət aparan Rusiya sülhməramlıları növbəti dəfə absurd fikirlərin, ifadələrin yer aldığı “informasiya bülleteni” dərc ediblər.
Oxu.Az xəbər verir ki, “ənənə”yə sadiq olan sülhməramlılar yenidən xidmət etdikləri ərazilərin adlarına bələd olmadıqlarını göstəriblər.
Savadsızlıq və ya məlumatsızlıq, ən yüngül halda öz missiyasına xəyanət adlandıra biləcəyimiz bu hal artıq uzun müddətdir ki, sülhməramlıların xidmət gündəliyində qara ləkə olaraq qalır və elə görünür ki, kontingentin sıralarında və ya Rusiya Müdafiə Nazirliyində bu cəfəng yanaşmanı düzəltmək istəyi və həvəsi yoxdur.
Sülhməramlıların qədim Azərbaycan məskənlərinin ermənilər tərəfindən uydurulmuş adlarına – “Martakert”, “Martuni” kimi cəfəngiyyatlara marağının səbəbi isə özlüyündə bu missiyanın fəaliyyəti qarşısına olduqca böyük bir sual işarəsi çıxarır.
Üstəlik, bu dəfə daha da həddini aşan “informasiya bülleteni” iddia edir ki, ərazidə hansısa erməni “hüquq-mühafizə orqanı əməkdaşları” ilə Azərbaycan hərbçiləri arasında insident yaşanıb.
Rusiya sülhməramlıları və ya Rusiya Müdafiə Nazirliyi Azərbaycan Respublikasının suveren ərazilərində hansısa “erməni hüquq-mühafizə orqanı əməkdaşları”nın olması kimi axmaq fikirləri tirajlamaqla özünü və təmsil etdiyi ölkəni çətin vəziyyətə salır.
Beynəlxalq hüququn varlığından bixəbər, savadsız, regiondakı proseslərdən məlumatsız imic formalaşdırır, öz missiyasına birbaşa xəyanət etmiş, sülhə töhfə əvəzinə separatçılara arxa-dayaq olan bir mənzərə yaradır.
Sülhməramlılar isə ortaya qoyduqları “iş”dən narazı görünmürlər. Görünür bu kontingent üçün istənilən nöqsan, öz fəaliyyətinə etinasız yanaşma, qanunsuzluq məqbul hesab olunur.
Ancaq Azərbaycan dövləti və xalqı onların bu “peşəkar” fəaliyyətini diqqətlə izləyir və sülhməramlıların fəaliyyətindəki “nöqsan”ların aradan qaldırılmasını tələb edir.



Tarix: 7-03-2023, 08:45
Xəbəri paylaş





Xəbər lenti