Qarabağdakı toqquşmalar sülh prosesini dayandıracaqmı? - GƏLİŞMƏ

Qarabağdakı toqquşmalar sülh prosesini dayandıracaqmı?
Martın 5-də Xankəndi-Xəlfəli-Turşsu yolunda hər iki tərəfdən itkilərə səbəb olan atışma Qərbin egidası altında davam edən Azərbaycan-Ermənistan sülh danışıqlarına, habelə Bakı-Xankəndi arasında Rusiyanın vasitəçiliyi ilə start götürən dialoqa ciddi zərbə vurdu.

Regionda vəziyyət mürəkkəbdir, atəşkəs kövrəkdir, qarşılıqlı etimad yox dərəcəsindədir. Ən pisi odur ki, yeni hərbi toqquşmalar münaqişə tərəflərinin iradəsi xaricində baş verə bilir. Hazırkı prosesləri regiondakı maraqlarına təhlükə sayan Rusiya birmənalı şəkildə sülhdə maraqlı deyil. Bu proses, demək olar ki, onun nəzarətindən çıxaraq, ABŞ və Avropa İttifaqının nəzarətinə keçib. Bu günlərdə Vaşinqtonun Cənubi Qafqaz təmsilçisi Luis Bono və Brüsselin nümayəndəsi Toivo Klaar Bakıda və İrəvanda yüksək səviyyəli görüşlər keçiriblər.

Xankəndi-Xəlfəli-Turşsu yolunda baş verən qarşıdurmaya Ermənistan Baş nazir səviyyəsində iki gün sonra reaksiya verdi, Azərbaycan Prezidenti isə bu barədə hələ danışmayıb, amma Müdafiə Nazirliyi və XİN İrəvanı təxribatda ittiham ediblər. Maraqlıdır, Rusiya Müdafiə Nazirliyi də iki günlük susqunluğunu pozdu. Nazirliyinin açıqlamasında deyilir:

“2023-cü il martın 5-də saat 10:00-da Dükanlar qəsəbəsi ərazisində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbçiləri Dağlıq Qarabağın hüquq-mühafizə orqanlarının əməkdaşlarının olduğu avtomobili atəşə tutublar. Toqquşma nəticəsində 3 nəfər həlak olub, avtomobildə olan bir işçi yaralanıb. Azərbaycan tərəfdən iki ölü, bir yaralı olub. Rusiya sülhməramlılarının səyi ilə toqquşma dayandırılıb. Faktla bağlı Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Ermənistan tərəfləri ilə birgə araşdırma aparır”.

Nikol Paşinyan ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bris Rokefi ilə Qarabağdakı vəziyyəti müzakirə edib, o bildirib ki, Bakının hərəkətlərini ancaq terror aktı adlandırmaq olar. Baş nazir əlavə edib ki, indiki şəraitdə beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsi həyati zərurətə çevrilir.

Azərbaycan XİN Ermənistan Baş nazirinin bu açıqlamasına cavab verib. Nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin tviterdəki paylaşımında deyilir: “Baş nazir Nikol Paşinyan, terrorizm hərbi personalın, silahların, minaların daşınması və mülki əhalinin öldürülməsi yolu ilə Azərbaycana (suverenliyini və ərazi bütövlüyünü tanıdığınız) qarşı bədnam siyasətin və hərbi təcavüzün davamıdır. Ermənistanın bu cür qanunsuz hərəkətlərinin qarşısını almaq üçün Azərbaycanın qanuni tədbirləri Azərbaycanın suveren ərazilərində qayda-qanun yaratmaq adlanır”.

Təxribatın baş verdiyi yol Laçın dəhlizinə alternativ sayılır, azərbaycanlı aktivistlərin dekabrın 12-dən başlayan etiraz aksiyalarından sonra bu torpaq yol Xankəndi və Ermənistan arasında əsas marşruta çevrilib. Azərbaycan təhlükəsizlik qurumlarının yola bilavasitə nəzarət etmək imkanı yoxdur, çünki sözügedən ərazi Rusiya sülhməramlılarının nəzarətindədir. Xankəndidən gələn avtomobillər Şuşadan təxminən 60 kilometr məsafədə Azərbaycan tərəfindən çəkilmiş alternativ yola çıxır və oradan rahat hərəkət edə bilir. 10 noyabr üçtərəfli bəyanatda torpaq yoldan istifadə nəzərdə tutlmayıb, rəsmi Bakı hesab edir ki, oradan qanunsuz yüklər, o cümlədən silah-sursat daşınır, bu fəaliyyət yolverilməzdir. Amma Qarabağdakı Rusiya komandanlığı Bakının tələbinə məhəl qoymayıb.

Azərbaycan baş verən toqquşmaya görə Ermənistanı ittiham edib, eyni zamanda Rusiyaya xəbərdarlıq edib. İrəvana ünvanlanan ittihamların səbəb kimi, Qarabağa gizli yolla silah-sursat göndərilməsi, nəticədə bölgədə vəziyyəti qəsdən gərginləşdirmək göstərilir. Rusiyaya ünvanlanan qınaq isə müvəqqəti nəzarətində olan ərazilərdə Azərbaycanın təhlükəsizliyinə yönəlmiş fəaliyyətlərə şərait yaratmaqla bağlıdır.

Vətən Müharibəsindən ötən müddət ərzində bu cür hadisələr dəfələrlə təkrar olunub və perspektivdə onun davam etməyəcəyinə heç bir zəmanət yoxdur. Sülh danışıqlarına, eləcə də erməni icması ilə dialoqa mane olan başlıca problemi həll etməyin iki yolu var:

Birincisi, Azərbaycanın Laçın rayonu Ermənistanın dövlət sərhədində nəzarət –buraxılış məntəqəsi qurmaq;

İkincisi, Qarabağdakı silahlı birləşmələri tərksilah etmək, bölgəni tamamilə hərbisizləşdirmək.

Bu iki məsələni həll etmək, Rusiyanın 10 noyabr razılaşması ilə üzərinə götürdüyü öhdəliyidir. Bakı Moskva qarşında ciddi tələb qoymalıdır, əks halda, birtərəfli addımlar atacağı barədə xəbərdarlıq etməlidir.

Toqquşmaların sülh prosesinə necə təsir edəcəyinə gəlincə, vasitəçilərin və tərəflərin təmkinli reaksiyası perspektivə ümidverici baxmağa əsas verir. Çünki ABŞ və Avropa İttifaqı, bütün çətinliklərə rəğmən, həll yolunun tapılmasında israrlıdırlar və martın 6-da Bakıda olan Vaşinqton təmisilçisi Luis Bono bu mövqeni belə ifadə edib:

“Bir neçə həftə öncə Dövlət katibi Blinkeni Münhen səfərində müşayiət etdim, orada onun Prezident Əliyev və Baş nazir Paşinyan ilə görüşləri oldu. Görüş konstruktiv idi və bu fikri görüşün bütün iştirakçıları bölüşürlər. Bundan sonra dövlət katibi məndən xahiş etdi ki, sülh prosesini davam etdirmək üçün mümkün qədər tez zamanda regiona səfər edim”.

“Bakı ilə Yerevan nümayəndələrinin görüşlərindən, razılaşmalarından sonra təxribatlar və atəşkəsin pozulması baş verirsə, ABŞ sülh prosesinin saxlanması üçün nə edə bilər” sualının cavabında Bono deyib ki, ABŞ vasitəçi rolunda çıxış edir: “Sülh prosesinin davamlı olması üçün tərəflərin özləri bunu istəməlidir”.

Laçın dəhlizi haqda sualın cavabında Bono Dövlət katibi Blinkenin Münhendə dediyi sözləri xatırladıb. Blinken deyib ki, yol əhalinin hərəkəti üçün açıq olmalıdır. “Biz etiraf edirik ki, təhlükəsizlik problemi var, lakin zəruri malların və mülki yüklərin hərəkət etməsi, Qarabağ əhalisi üçün əlçatan olması vacibdir”, – Bono əlavə edib.

“Bizim məqsədimiz, vəzifəmiz azərbaycanlıların və ermənilərin əziyyətlərinə son qoymaqdır ki, bu xalqlar dinc yanaşı yaşaya bilsinlər”, – o vurğulayıb.

Dia.az-ın məlumatına görə, politoloq Fərhad Məmmədov Pressklub.az-a şərhində deyib ki, ABŞ və Avropa İttifaqı nümayəndələri Bakıdakı danışıqlarda sülh müqaviləsinin mətnini müzakirə ediblər:

“Əlbəttə, bu hadisənin nəticəsi olacaq. Aİ və ABŞ nümayəndələri də bunu bilirlər. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara, eləcə də Bakı və Qarabağ erməniləri arasında dialoqun aparılmasına əsas maneə erməni silahlı qüvvələrinin Qarabağda olması, ümumilikdə bölgənin hərbiləşdirilməsidir. Ermənistan Silahlı Qüvvələrinin qalıqları Qarabağdan çıxarılmadan nə sülh müqaviləsi prosesi, nə də Bakı və Qarabağ erməniləri arasında dialoq nəticə verəcək. Diplomatik müstəvidə bu həssas proseslərin gedişi zamanı eskalasiya nümunələri çox olub”.

Politoloq vurğulayıb ki, nəzarət-buraxılış məntəqəsinin yaradılması və Azərbaycanın sərhədə tam nəzarət etməsi danışıqlarda nəticələrin əldə olunması üçün zərurətə çevrilir. Onun sözlərinə görə, bunsuz Ermənistanla danışıqlar aparmağın, Qarabağ erməniləri ilə dialoqun heç bir mənası yoxdur:

“Yerdə vəziyyətin dəyişməsi danışıqlarda irəliləyişlərə gətirib çıxarır. Təəssüf ki, son iki ilin təcrübəsində yalnız cəbhədə verilən itkilər Ermənistanın mövqeyində konstruktivliyin artmasına gətirib çıxarır. Vasitəçilər konkret nəticələrin əldə olunmasında maraqlıdırlarsa, bu barədə düşünməlidirlər”.


Tarix: 8-03-2023, 08:46
Xəbəri paylaş





Xəbər lenti