Ağdamdakı birgə Monitorinq Mərkəzinin gizli və sual doğuran fəaliyyəti


 

Mərkəzin Qarabağda atəşkəs rejiminin monitorinqini pilotsuz aparatlar vasitəsilə həyata keçirəcəyi deyilirdi, amma...

Martın 5-də ordumuzun 2 hərbi qulluqçusunun şəhid olması,  düşmən tərəfdən isə 3 təxribatçının məhv edilməsi ilə nəticələn hadisədən sonra diqqətlər yenidən Qarabağdakı qanunsuz silahlı dəstələrə yönəlib. Bəzi ekspertlərin fikrincə, Qarabağdakı erməni silahlı dəstələr birbaşa olaraq Ermənistan Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilir və silahlandırılır. 
Ağdamda yerləşən Rusiya-Türkiyə monitorinq mərkəzinin nümayəndələri  bu cür insidentlər zamanı heç bir reaksiya vermir. Onların işinin nədən ibarət olması haqda Azərbaycan ictimaiyyətində heç bir təsəvvür yoxdur.
Qeyd edək ki, 2021-ci il yanvar ayının 30-da mərkəzin açılış mərasimində Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin və Türkiyə milli müdafiə nazirinin müavini Yunus Emre Karaosmanoğlu iştirak edib.  Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün ortaq Rusiya-Türkiyə mərkəzinin yaradılması barədə memorandum Hulusi Akarla Rusiya müdafiə naziri Sergey Şoyqu arasındakı aparılan danışıqların nəticələrinin ardından 2020-ci ilin noyabr ayının 11-də imzalanmışdır.   Noyabrın 16-da Türkiyə hökuməti Böyük Millət Məclisinə Azərbaycanda sülhməramlıların yerləşdirilməsi ilə bağlı qanun layihəsini təklif etdi.  Türkiyə parlamenti, ertəsi gün Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana əsgər göndərmək üçün bir illik səlahiyyət verərək bu vəsatəti təsdiqlədi. Bununla da Azərbaycan ərazisində Türkiyə hərbi qüvvələrinin yerləşdirilməsinə rəsmi razılıq verdi və monitorinq mərkəzinin yaradılması prosesinə start verildi. Rusiya tərəfi Monitorinq Mərkəzinin Qarabağdan kənarda Bərdədə yerləşdirilməsini təklif etsə də, Azərbaycanın təkidi ilə mərkəzin Ağdam şəhərində açılması qərarı verildi. Mərkəzin Qarabağda atəşkəs rejiminin monitorinqini pilotsuz aparatlar vasitəsilə həyata keçirəcəyi deyilirdi.  Amma bu vaxtadək bu mərkəzin xüsusilə bu cür hadisələrdə hansısa mövqe bildirməsinin şahidi olmamışıq. Niyə vəziyyət belədir?

Hərbi-siyasi ekspert Emin Həsənli Rusiya sülhməramlarından Azərbaycan tərəfin açıqlama gözlədiyini qeyd etdi: “Bölgədə sülhə təminatı birbaşa Rusiya sülhməramlıları verir. Bəyanat da Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli imzalanıb. Bu bəyanatın əsas müddəalarından biri yerinə yetirilməyib. Rus sülhməramlı qüvvələri bölgəyə daxil olan kimi, qanunsuz erməni silahlı birləşmələri bölgəni tərk etməli idi. Amma onlar çıxmadılar. Bəyanatın bir neçə bəndi yerinə yetirilib. Kəlbəcər, Laçın, Ağdam boşaldıldı. Azərbaycan tərəfi öhdəliyinin hər birini yerinə yetirib. Erməni cəsədləri və əsirləri geri verilib. Amma əsas müddəalardan biri dediyim kimi yerinə yetirilməyib, yəni erməni silahlı qüvvələri ərazilərimizdə qalmağa davam edir. BMT Təhlükəsizlik Şurasının qətnamələrini də Ermənistan yerinə yetirməmişdi. Bunu Azərbaycan özü icra etdi. Görünən odur ki, üçtərəfli bəyanatda yer alan müddəaları da Azərbaycan Ordusu antiterror əməliyyatları aparmaqla yerinə yetirəcək. Bilirsiniz ki, ötən il də atəşkəs ard-arda pozulub. Bu il də hələ ki belədir. Hər dəfə erməni tərəfi atəşkəsi pozur, diversiya qrupları göndərir, təxribatlara əl atır. Şuşadakı postumuza qumbara atdılar və dedilər ki, psixi xəstədir. Bir dəfə atəşkəsi pozdular, dedilər ki, sərxoşdur. Artıq genişmiqyaslı şəkildə atəşkəs elə pozulur ki, Rusiya tərəfi belə müdaxilə edə bilmir. Rusiya və Türkiyənin birgə Monitorinq Qrupunun fəaliyyətinə gəlincə, bu barədə də Azərbaycan ictimaiyyəti haqlı olaraq belə bir fikir səsləndirir ki, niyə bu mərkəz baş verənlərə öz etirazını bildirmir, konkret bu fəaliyyətlə bağlı öz fikirlərini demir. Ola bilər ki, pərdəarxası hansısa müzakirələr gedir. Amma ictimaiyyətə heç bir açıqlama verilmir. Biz Rusiya sülhməramlılarından gözləyirik ki, ictimaiyyətə açıqlamalar versin. Əvvəllər deyirdilər ki, bu atəşkəsi pozan ruhi xəstə, yaxud da sərxoşdur. Amma indi heç bunu demirlər, polis deyirlər. Hansı polisdir? Orada niyə polis fəaliyyət göstərməlidir? Rusiya ərazisində başqa ölkənin polisi fəaliyyət göstərir? Yaxud da dünyanın belə bir ölkəsi varmı? Bir ölkənin ərazisində başqa bir ölkənin silahlı qüvvələri ola bilər. Necə ki, Ermənistanda belədir. Bu başqa məsələdir. Amma orada niyə separatçı rejim qiyafəsini dəyişib, polis halını alıb? Onlar terrorçudur və cəzalanmalıdır. Bu məsələ ilə bağlı Monitorinq Qrupu konkret mövqe ortaya qoymalıdır”.
E.Həsənli rus sülhməramlılarının görməli olduğu işi bir daha sadaladı: “Burada rus sülhməramlılarının üzərinə böyük öhdəliklər düşür. Çünki onlar sülh yaratma prosesini öz üzərlərinə götürüblər. Rusiya heç olmasa bir yerdə ədalətli sülhü bərpa etsin. Qarabağdakı vəziyyət onun üçün bir şansdır ki, dünya ictimaiyyətinə göstərsin ki, ədaləti bərpa edir. Amma əksini edir, vəziyyəti gərginləşdirir. Separatçı rejimi dəstəkləyir. Dəstəkləməsəydi, erməniləri Qarabağa qaytardığı kimi azərbaycanlıları da Xocalı və digər yerlərə qaytarardı, onların təhlükəsizliyinə təminat verərdi. Geri ancaq erməni qaçqınları qayıtmalı idi? Separatçıları dəstəkləmək əvəzinə, onlara xatırlatmalı idi ki, bura Azərbaycan ərazisidir və ədalətlə burada Azərbaycan bayrağı dalğalanmalıdır, siz terrorçu rejimin heç bir bayrağı və dövlət qurumu ola bilməz. İstəsəydilər, bu münaqişəni bir anda həll edərlər. Sadəcə, etmək istəmirlər. Keçən dövr onu göstərdi ki, bu Monitorinq Mərkəzinin elə də böyük bir səlahiyyəti yoxdur. Rusiya çalışır ki, maksimum dərəcədə proseslərə birbaşa özü nəzarət etsin. Təəssüflər olsun ki, bu nəzarət üçün də prosesləri uzatmaq istəyir. İndiyə qədər Rusiyanın bu münaqişəni həll etmək üçün çox imkanları olub. Bütövlükdə məsuliyyət Ermənistan hakimiyyəti üzərində olacaq. Çünki Qarabağdakı separatçı rejimi Ermənistan hər zaman dəstəkləyib. Təkcə bir misal çəkim. Paşinyanın oğlu Qarabağda nə gəzirdi? Ermənistan Qarabağda son savaşda çoxlu sayda itki verdi. Görünür, hələ də tam ağıllanmayıb. Amerika, Fransa, Rusiya kimi dövlətlərə arxayın olub uzun müddət ərazilərimizi işğal altında saxladı. Sonluğu necə oldu, məlumdur. İndi də yenə Fransa və İrana arxayın olub bəzi xülyalara qapılıb. Amma heç nəyə nail olmayacaq. Yaxın vaxtlarda bu problemi Azərbaycan həll edəcək. Ermənilər ağıllanmasa, ordumuz onları növbəti dəfə ağıllandırmaq yolunu yaxşı bilir”.

Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli mərkəzin əsas işinin ictimaiyyəti məlumatlandırmaq olduğunu söylədi: “Əslində Monitorinq Mərkəzinin əsas funksiyası orada baş verən prosesləri izləyib, analitik materiallar şəklində, yaxud faktoloji olaraq, həm Rusiya, həm də Azərbaycan və Ermənistanın dövlət sistemlərinə, yəni müdafiə nazirliklərinə təqdim etməkdir. Monitorinq Mərkəzinin əsas işi ictimaiyyəti məlumatlandırmaqdır. Mərkəz yaranan vaxt verilən açıqlamada da bu qeyd olunub. Bizim Monitorinq Mərkəzini xüsusi olaraq, mühafizəedici, yaxud Azərbaycan üçün mühüm bir sahə olması kimi təqdim etməyimiz bir qədər yersiz olardı. Təbii ki, Monitorinq Mərkəzinin fəaliyyəti Azərbaycanın maraqlarına cavab verir. Çünki orada baş verən hadisələr Türkiyə və Rusiya nümayəndələrinin iştirakı ilə analiz edilir. Bu da normal məsələdir. Hesab edirəm ki, Monitorinq Mərkəzindən gözləntilərimiz daha çox bu formada olmalıdır. Əvvəldə dediyim kimi, dövlət sistemlərini mərkəz məlumatlandırır. Monitorinq Mərkəzinin baş verən hadisələrlə bağlı siyasi qurum, xüsusi əlahiddə bir hərbi qurum kimi açıqlama verməsinin özü də doğru deyil. Çünki bu onun səlahiyyətinə aid deyil”.

“Yeni Müsavat”
Tarix: 8-03-2023, 09:41
Xəbəri paylaş





Xəbər lenti