Qarabağda 4 min İran silahlısı? - “Kəşfiyyat məlumatıdır və dəqiqdir!”


Türkiyənin nüfuzlu “Türkiye” qəzeti işğaldan azad edilən və Rusiya sülhməramlılarının nəzarəti altında olan Qarabağ bölgəsinə İranın terrorçu qruplaşma üzvlərini yerləşdirmək planı barədə sensasion məqalə ilə çıxış edib. 
Qəzet yazır ki, İran administrasiyası Qarabağı Suriyaya çevirmək planları qurur. Tehranın gündəliyinə İran İnqilabı Keşikçiləri və şiə silahlılarından ibarət 4 min nəfərlik qüvvənin 2023-cü ilin mayına qədər Qarabağa köçürülməsi daxildir. Bu məqsədlə Qüds Qüvvələrinin komandanı İsmail Kani fevral ayında İraq və Suriyaya səfər edib. İran generalı qaynar cəbhələrdə olan “Asaeb Əhlil Haq”, “Hərəkat ən-Nüceba” və “Hizbullah” kimi şiə qruplaşma komandirlərinə 4 min nəfərlik xüsusi qüvvə yaratmaq üçün yaraqlı hazırlamağı tapşırıb. 
Siam.az-ın məlumatına görə, Yenisabah.az-a açıqlamasında politoloq Qabil Hüseynli hesab edir ki, “Türkiye” qəzetinin İranın Qarabağa 4 min terrorçunu göndərməsi ilə bağlı yaydığı materiallar kəşfiyyat məlumatlarına söykənir və hansısa söyləntilərə əsaslanmır. 
Onun fikrincə, “Türkiye” qəzeti çox ciddi bir qəzetdir və bu qəzetə yol tapan məlumatlar ciddi araşdırmalardan sonra gündəmə gətirilir. 
“Mən bunun həqiqiliyinə qətiyyən şübhə etmirəm. Onsuz da İran davranışları, habelə “sionizm bölgəyə gələrsə, filan-filan şeyləri edərik” tipli açıqlamaları ilə bu cür hədyanlara yol verir. Ona görə də qəzetin yazdığı məlumatları ciddiyə almaq lazımdır. O cümlədən indidən beynəlxalq təşkilatlar, eləcə də müttəfiq dövlətlər qarşısında bu məsələ ilə bağlı ortaq strategiyanın hazırlanmasına can atılmalıdır”, - Azərbaycanın nə etməli olduğundan bəhs edərkən deyib. 
“O ki qaldı Ermənistanın müharibə ritorikası ilə səsləndirdiyi fikirlərə, bunu İrana güvən kimi qiymətləndirmək olar. Çünki İran çoxdandan Ermənistanın arxasında dayanıb. Separatçıların hərəkətlərində də İranın ciddi barmağı var. İran proseslərə xaincəsinə müdaxilə edir, ermənilərə arxayınlıq verir. Yəni bölgədə Rusiya və İranın bir ittifaqı formalaşıb və bu ittifaq bölgə dövlətlərinin sülh və əmin-amanlığına qarşıdır”, - Ermənistanın hədyan dolu çıxışlarına münasibət bildirib.
Analitik iddia edib ki, 4 min terrorçunun Qarabağa daxil edilməsinin arxasında Azərbaycanın yaxın zamanlarda keçirəcəyi antiterror əməliyyatlarının qarşısı almaq niyyəti var: 
“Üstəlik, İran bölgədə Azərbaycanın artan nüfuzundan ciddi surətdə narahat olmaqdadır. İran həm də bölgədə sülh müqaviləsinin imzalanmasının qarşısı almaq istəyir. Bir sözlə, bu provokator dövlət bölgədəki təhlükəsizliyə və əmin-amanlığa qarşı sözün həqiqi mənasında düşünülməmiş şəkildə avantürist xarakterli addımlar atır”. 
Tarix: 9-03-2023, 13:28
Xəbəri paylaş





Xəbər lenti