Sərhəddə növbəti təxribat- Ermənistanın niyyəti, Rusiyanın susqunluğu


 
“Erməni silahlı qüvvələri 30 illik işğal və sonrakı dövrdə çoxsaylı təxribat törədiblər. Keçən ilin sentyabr ayından başlayaraq  isə bu təxribatlar intensivləşib”.
Bu fikirləri Musavat.com-a politoloq Yeganə Hacıyeva erməni silahlı qüvvələrinin bölmələrinin ötən gecə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərimizi atəşə tutmasını şərh edərkən bildirib. O qeyd edib ki, məqsəd Azərbaycan silahlı qüvvələrini cavab atəşi açmağa təhrik etməkdir: “Keçən il sentyabrda törədilən təxribatdan sonra Avropa Birliyi Ermənistana missiya göndərdi, ardınca ATƏT-in missiyası kimi təqdim edilən nümayəndələrin səfəri baş tutdu, amma biz bunu mübahisələndirdik və sübut etdik ki, onlar Ermənistanın dostlarıdır. Dekabr ayında missiyanın fəaliyyəti başa çatan ərəfədə hücumlar fəallaşdı. İndi isə missiyanın 100 nəfərdən ibarət olması onları qane etmir.  Onlar nümayəndələrin sayını artırmaq istəyirlər”.

Y.Hacıyeva qeyd etdi ki, məqsəd həmçinin, reinteqrasiya prosesini sabotaj etməkdir:

“Ermənistan  həm daxili qüvvələr vasitəsilə, həm də paralel olaraq sərhəddə sabotaja əl atır. Avropa Birliyi ilə Rusiyanı, Rusiya ilə Avropa Birliyini şantaj etmək kimi siyasət güdülür. Ermənistan Rusiyanın iştirakı olmadan heç nə etmir. Bütün prosesləri Rusiya ilə koordinasiyalı şəkildə edir. Bu günlərdə Avropa Birliyi sanksiyalardan yayınması üçün Rusiyaya kömək edən ölkələrin siyahısını açıqlayıb. O siyahıda birinci sırada Ermənistandır, ikinci Yunanıstan. Maraqlıdır ki, Rusiyanın Aİ sanksiyalardan yayınmağa kömək edən şirkətlərin böyük əksəriyyəti Paşinyanın  ətrafında birləşmiş biznes dairələrdir. Ermənistanda Rusiyaya yönəlmiş düşmənçilik sadəcə görüntüdür, əslində, Avropaya hesablanıb. Rusiyanın Cənubi Qafqazdakı maraqlarını zədə altında qoymasının səbəbini Ukraynada aparılan müharibədə axtarmaq lazımdır. Rusiya Ukrayna ilə müharibədə məğlub olsa, Putinin hakimiyyəti sona çatacaq. Rusiya Avropa İttifaqını (Aİ) Ukraynanı güzəştlərə məcbur etsin deyə, Cənubi Qafqazda Aİ maraqlarına güzəştlərə gedir”.
Qeyd edək ki, martın 8-i saat 21:30-dan martın 9-u saat 04:15-dək Ordumuzun Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağ iqtisadi rayonunda yerləşən mövqeləri 23 dəfə atəşə tutulub.
Bundan başqa Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd, Laçın, Xocalı rayonları və Şuşa şəhəri istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.
Tarix: 9-03-2023, 17:39
Xəbəri paylaş





Xəbər lenti