“Erməni terrorçuları Salatın Əsgərovaya sui-qəsd təşkil edilən istiqamətdə...” - ŞOK AÇIQLAMA
Martın 8-i saat 21:30-dan martın 9-u saat 04:15-dək Ordumuzun Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağ iqtisadi rayonunda yerləşən mövqeləri 23 dəfə atəşə tutulub. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd, Laçın, Xocalı rayonları və Şuşa şəhəri istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.
Erməni təxribatları nəyə hesablanıb?
Hərbi-siyasi ekspert Telman Qasımov Musavat.com-a açıqlamasında bildirib ki, atəşkəsin pozulmasında əsas məqsəd Paşinyanın hakimiyyətdəki mövqelərini zəiflətməkdir. Digər tərəfdən, Rusiyanın hazırladığı Ruben Vardanyan faktorunun aktivləşdirilməsidir.
Ekspert vurğulayıb ki, atəşkəs rejimini pozmaqla vəziyyəti gərginləşdirərək Vardanyanı Ermənistana transfer edib çevrilişlə Paşinyanın yerinə gətirmək istəyirlər:
“Vardanyan hazırda Ermənistanda forum keçirməyə hazırlaşır. Həmin foruma Rusiyadan xeyli sayda erməni gəlib. Onlar Rusiya üçün nüfuzlu ermənilərdir. Rusiyapərəst iş adamlarının Ermənistana toplaşması onu göstərir ki, Rusiya artıq bu ölkədə hərəkətə keçib. Məlumatlara görə, həmin iş adamları ilə Ukraynada günahsız insanları öldürən xeyli sayda “Vaqner” üzvləri də Ermənistana gəlib. Bu da onu göstərir ki, Rusiya Ermənistanda dövlət çevrilişinə hazırlaşır. Məndə olan məlumatlara görə, yaralanmış “vaqnerçilər”in Sankt-Peterburqda müalicəsinə erməni icması maliyyə dəstəyi verib”.
Telman Qasımovun sözlərinə görə, Rusiya Qərbə öz əzələsini nümayiş etdirir ki, mən varam, mən buradayam və istədiyim qədər öz bildiyimi edəcəm:
“Hər kəsə bəllidir ki, Rusiya vəziyyətin ağırlaşmasında maraqlıdır. Rusiya istəyir ki, bu yolla sülh müqaviləsinin imzalanmasından belə söhbət getməsin. Bu yolla Qarabağda qalsın. Vəziyyət gərginləşərsə, atəşkəs rejimi daim pozularsa, Qarabağda terrorçular tərəfindən təxribatlar davam edərsə ermənilər Rusiyanın getməsini istəməyəcək. Rusiyanın apardığı iyrənc oyunun nəticələridir ki, davamlı olaraq sərhəddə rejim pozulur. Rusiya Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqının missiyasına nümayiş etdirmək istəyir ki, siz oldunuz, olmadınız atəşkəs rejiminin pozulması mənlikdir, Qarabağdakı vəziyyətin stabilləşməsi mənimlə bağlıdır”.
Ekspert hesab edir ki, Azərbaycan antiterror əməliyyatlarını davam etdirməlidir:
“Onlar yerindəcə susdurulmalıdırlar. Yayılan videokadrlardan da bəlli olur ki, Rusiya davamlı olaraq Qarabağdakı separatçılara dəstək vermək üçün o yoldan gedib-gəlmələrinə şərait yaradıb. Ermənilər əlavə olaraq cığırlı, meşəli yollardan da istifadə edirlər. Həmin yollar Laçın yolu istiqamətində olan, ermənilərin yaşadığı Verşen, Mets Şen kəndlərinə gedir. Həmin istiqamətdə Salatın Əsgərovaya sui-qəsd təşkil etmişdilər. O kəndlər bütövlüklə daşnaklardan ibarətdir. Hələ sovet dövründə onlar orada kustar silahlar hazırlayırdılar. Ora Qarabağ ermənilərinin ən radikal, ən təhlükəli şeytan yuvalarından biri idi. Separatçı rejimin ovaxtkı “müdafiə naziri” Samvel Babayan bu yaxınlarda müsahibəsində deyib ki, Xankəndidən Ermənistana getmək üçün xeyli sayda yol var ki, biz onlardan istifadə edirik”.
Telman Qasımovun fikrincə, atəşkəsin pozulması davamlı olacaq:
“Kimsə düşünürsə ki, Qarabağ erməniləri razılığa gələcək, Azərbaycanın qoyduğu şərtlərlə razılaşacaq, qətiyyən belə deyil. Qarabağda müəyyən çoxluq var ki, oranı Azərbaycanın tərkibində görmür. Digər qrup isə mövcud vəziyyətdən bezib. Onlar arasında dəhliz açılandan sonra Rusiyaya və digər ölkələrə getmək istəyənlər də var. Rusiya bunların hamısını hesablayıb.
Hazırda Ukrayna ordusu sürətlə silahlanır. Rusiya bu müharibədən qalib çıxsa, onun növbəti hədəfi Ermənistan və Qarabağ olacaq”.
Ekspert bildirib ki, Rusiyanın Qarabağda vəziyyəti gərginləşdirməsi Qərbə mesajdır:
“Rusiya sülhməramlılarının Qarabağdan çıxmasını tələb edənlərə cavabdır. Rusiya Gürcüstandakı son hadisələrdə də göstərdi ki, mən buradayam, “5-ci kolon” mənəm. İstədiyim an vəziyyəti çətinləşdirə bilərəm. Rusiya bu yolla regionda vəziyyəti öz əlində saxlamağa davam edir.
Azərbaycan Qarabağdakı separatçı rejimə ultimatum verib. Onlara Azərbaycana inteqrasiya olmağa çağırış edib. Onlar bu çağırışı qəbul etməsələr, Azərbaycan tərəfi sərt addımlar atmağa məcbur olacaq”.
Tarix: 9-03-2023, 21:29