Azərbaycan sülhməramlılarla bağlı tələb irəli sürüb-MN yeni videolar yayıb


Azərbaycanın Müdafiə Nazirliyi martın 11-də yenidən Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə hərbi məqsədlər üçün hərəkət edən hərbi nəqliyyat vasitələrinin videosunu yayıb.
Nazirlik bildirir ki, həmin videolarda görünən hərbi nəqliyyat vasitəsi Ermənistan silahlı qüvvələri bölmələri və qeyri-qanuni erməni silahlı dəstələrinin şəxsi heyətini daşıyan hərbi nəqliyyat vasitəsidir.
“Təqdim olunan videogörüntülərdə Ermənistan silahlı qüvvələri bölmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi nəqliyyat vasitələrinin qeyd edilən marşrut üzrə hərəkətinin Rusiya sülhməramlı kontingentinə məxsus ZTR-82A döyüş maşını ilə müşayiəti və döyüş mövqeyinə gətirilən şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi aydın müşahidə olunur.”
Məlumatda vurğulanır ki, Rusiya sülhməramlı kontingentinin komandanlığı bu prosesdə öz məsuliyyətini dərk etməli və üzərinə düşən öhdəlikləri icra etməlidir.
“Mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycanın sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasını zəruri edir.”-Azərbaycanın Müdafiə Nazirliyi bildirir.
Martın 11-də Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bu məlumata hələki Ermənistanın eyni təyinatlı qurumundan hər hansı münasibət bildirilməyib.
Amma bu məsələ ilə bağlı bundan əvvəl yayılan məlumatı Ermənistanın Müdafiə Nazirliyi “dezinformasiya” adlandırıb
Qurum həm Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan yenidən hərbi təyinatlı daşınmaları, həm də bu yolla “Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyətinin daşınması və rotasiyası” haqda məlumatların “yalan” olduğunu bəyan edib.
Azərbaycanın NATO-dakı missiyasının rəhbəri Cəfər Hüseynzadə Müdafiə Nazirliyinin xəbərindən sonra özünün tvitter səhifəsində yazıb ki, üçtərəfli bəyanatın qəsdən pozulması hərbi əməliyyatların bərpasına səbəb ola bilər.
Azadlıq radiosu
Tarix: 12-03-2023, 08:52
Xəbəri paylaş





Xəbər lenti