Ermənistan Hindistanla hərəkətə keçir - Naxçıvandan gedən ermənilər, Şəmkir, Hadrut, Şuşa isə...


 
Nikol Paşinyan bildirib ki, Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər alıb. O qeyd edib ki, müzakirələrin dördüncü mərhələsi başlayıb.

Paşinyanın son çıxışlarının pərdəarxası məqamları nələrdir?

Sülh müqaviləsinin imzalanması indiki halda real görünürmü?

Sosial Tədqiqatlar Mərkəzinin (STM) Mətbuat xidmətinin rəhbəri, siyasi şərhçi Əziz Əlibəyli Musavat.com-a açıqlamasında bildirib ki, söhbət konkret faktoloji müzakirələrdən getmir.
 
Siyasi şərhçi vurğulayıb ki, Paşinyanın son çıxışlarının pərdəarxası məqamı Azərbaycanı müharibəyə cəlb etmək niyyəti, beynəlxalq birliyi bu istiqamətdə hazırlamaq və təbii ki, Azərbaycanı da nəticə etibarilə təxribatlara çəkib tələyə salmaqdan ibarətdir:
"Nikol Paşinyan iddia edir ki, Ermənistan sülh müqaviləsi ilə bağlı sonuncu variantı imzalamağa hazır olub, Azərbaycan bundan imtina edib. Bunun da baza əsasları var. Ermənistan Qarabağ üzərindəki iddia məsələsini rəsmən bəyan etməsə də, bölgəyə silahların və rotasiya üçün terrorçuların göndərilməsini davam etdirib. İşğal olunmuş kəndləri qaytarmamaqda, Zəngəzur dəhlizini açmamaqda mövqeləri dəqiqləşdirmirlər. Bunun üzərindən həmişə təxribat yarada biləcək açıqlamalar verir. Çıxış mətninin müqavilə və sülh ifadələri alqoritmlərinə əsaslanması da onu göstərir ki, verdiyi mesajların əsasını Azərbaycan ilə qarşıdurma ehtimalının çox yüksək olması düşüncəsi təşkil edir. İkincisi, Azərbaycanın həmlələri də Paşinyanın davranışına adekvat artmağa başladı. O, Ermənistandan qovulmuş qaçqınların geri qaytarılmasına münasibət bildirəndə qeyd etdi ki, bu, Ermənistana ərazi iddiasıdır. Yaxud qeyd edir ki, bu, Praqa və Soçi bəyanatlarına ziddir, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyıb. Tanıyıbsa, sentyabr müharibəsi ilə bağlı ziddiyyətlər var. Ermənistan bunu qəbul etməlidir və sərhəd dəqiqləşdirmələrində son düzəlişləri nəzərə almalıdır.
Niyə Sumqayıt, Gəncə və Naxçıvandan köçüb getmiş erməniləri məsələ kimi Azərbaycanın qarşısına qoyur, bunu yüz minlərlə insan rəqəmi ilə ifadə edir? Bunu kim adlandıracaq? Şəmkirə, Hadruta, Şuşaya iddialar irəli sürməyə başlayır. Bunun müqabilində deyir ki, guya Azərbaycan tərəfi əlavə olaraq 1994-cü ildə Ermənistanın ərazilərini işğal edib. Yaxud da beynəlxalq dialoq mexanizmi ilə bağlı təklif irəli sürür. Necə olur ki, Ermənistan Azərbaycanın daxili suveren məsələsi olan Qarabağa dair beynəlxalq dialoq mexanizmi təklif edir? Qərb agenturasını daşıyıb ora gətirməyə çalışır? Yaxud Prezident Administrasiyasının Qarabağ erməniləri ilə bağlı görüş dəvətinə bu cür ritorik cavab vermək lazımdırmı ki, Bakıya gedəcəklər, amma qayıtmaları bəlli deyil".
Əziz Əlibəyli bildirib ki, bütün bu məqamlar sülhə gəliş yox, sülhdən qaçışdır:
"Keçən hər zaman bizi sülh müqaviləsinin imzalanmasından sanki uzaqlaşdırır. Əvvəllər daha konkret rəqəmlər deyə bilərdik. İndi isə bu, mümkün deyil. Müqavilənin imzalanması indiki halda real görünmür. Paşinyanın ziddiyyətli bəyanatları, ortaq nöqtənin olmaması, təxribatların artan ssenari üzrə davam etməsi, həm Qərb cəbhəsində, həm Rusiya üzərindən, həm də İran, Hindistan, hətta Fransa üzərindən böyük bir qlobal hücum cəhdinə başlaması sülh müqaviləsi məsələsini gündəmdən çıxarır. Paşinyan deyir ki, biz 2020-ci ildə ona görə məğlub olduq ki, dünyada proseslər baş verirdi, bu da onunla genetik əlaqəyə malikdir. Yaxud deyir ki, "5-ci kolon" fəaliyyət göstərdi, yoxsa uduzmazdıq. Bu, ortaq nöqtəyə gəlmək deyil, mövqelərin dağıdılmasıdır. Paşinyan həm Ermənistan-Azərbaycan sərhədində, həm də Qarabağda eskalasiyadan danışır".
Tarix: 16-03-2023, 15:11
Xəbəri paylaş





Xəbər lenti