“İnanmıram ki, İran hökuməti Azərbaycana qarşı hansısa hərəkət edə bilər. İranın daxili siyasətinə baxdıqda bu, onlara daha çox ziyan vura bilər”.Bu sözləri Musavat.com-a açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Eks-nazir Ermənistanla Azərbaycan arasında yaşanan gərginlikdən də danışıb. Elmar Məmmədyarov bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi bağlanmasa, gərginliklər davam edəcək:“Sülh sazişi bağlanmalıdır, delimitasiya, demarkasiya olmalıdır. Mən dəfələrlə bunu demişəm - Ermənistan rəhbərliyinə həm çatdırmaq, həm də sübut etmək lazımdır ki, sülh sazişi, delimitasiya və demarkasiya ilk növbədə ən çox onların xeyrinədir. Azərbaycan onsuz da inkişaf edir, yolları açır, neft-qaz ixrac olunur və s. Ermənistan üçün isə sülh sazişi olmasa, onlar üçün təhlükəsizlik baxımından çətinlik yarana bilər. Ermənistan tərəfinə sübut etmək lazımdır ki, əgər onlar gələcəyi fikirləşirlərsə, ilk növbədə həm Türkiyə, həm də Azərbaycanla xoşniyyətli qonşuluq siyasəti aparmalıdırlar.
Azərbaycan öz müstəqilliyini elan edən gündən bəyan edib ki, mehriban qonşuluq siyasəti aparacaq. 1 milyondan çox məcburi köçkünü Azərbaycan yaradıb? Bu, Ermənistanın siyasəti idi. Buna rəğmən, biz deyirdik ki, qonşu ölkələrlə sülh şəraitində yaşamaq niyyətindəyik. Belə bir bəyanat beynəlxalq ictimaiyyət üçün də çox önəmlidir”.
Eks-nazir vurğulayıb ki, Ermənistanla Azərbaycanın sərhəddə birbaşa danışıq aparmasının tərəfdarıdır:“Çox asan bir məntiq var – üçüncü tərəf kim olur-olsun, onun öz marağı var. Hesab edirəm ki, birbaşa danışıqlar müəyyən nəticəyə gətirib çıxara bilər. Hələ ki, Ermənistan rəhbərliyindən xoş niyyət eşitmirəm və görmürəm”.
Elmar Məmmədyarovun sözlərinə görə, sülh sazişi imzalanmasa, rus sülhməramlıları olmasın, başqası olsun, gərginlik yenə də davam edəcək:“Rusiya sülhməramlıları ilə bağlı mövzuya gəlin, 2 ildən sonra toxunaq”.
Eks-nazir düşünür ki, sərhəd-nəzarət məntəqəsi yalnız Laçın yolunda deyil, bütün sərhəddə qurulmalıdır:“Çünki erməni terrorçuları digər yollardan da istifadə edirlər. Sərhəd-nəzarət məntəqəsinin qurulması istiqamətində iş gedir. Hamı gözləyirdi ki, bu, tezliklə baş tutacaq, amma bu, ciddi məsələdir. Tam nəzarət texniki baxımdan çətin məsələdir. Lakin nəzarət bütün sərhəddə qurulmalıdır. Başqa yol yoxdur, gec, ya da tez sərhəd-nəzarət məntəqəsi qurulacaq. Buna şübhəm yoxdur. Bu istiqamətdə antiterror əməliyyatının keçirilə biləcəyini istisna etmirəm. Çünki gərginlik çox yüksəkdir. Ola bilər ki, biz məcburi şəkildə Ermənistanı sülhə gətirək. Diplomatiyaya əsasən, əgər hər hansısa ölkə sülhə getmirsə, onu məcburi şəkildə sülhə gətirirlər”.
Tarix: 22-03-2023, 16:34