Azərbaycan ordusundan uğurlu əks-həmlə: “Bu son deyil, növbəti hədəf...”
Azərbaycan hərbçilərinin martın 25-də Şuşaya daxil olmadan torpaq yolunu nəzarətə götürməsi Laçın yolunun qurtaracağında sərhəd-keçid məntəqəsinin yaradılması zərurətini artırıb.
Musavat.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, azərbaycanlı fəallar Laçın yolunda etiraza başladıqdan sonra Ermənistan bu yoldan separatçılara böyük həcmdə silah-sursat göndərməyə risk etmirdi:
“Doğrudur, Rusiyanın nəqliyyat vasitələrində yüklər göndərilə bilərdi, ancaq bunun risklərini hesablayırdılar. Buna görə də Ermənistan Müdafiə Nazirliyi Rusiya hərbi kontingenti ilə birgə Qarabağ separatçılarına hərbi yükləri Laçına alternativ torpaq yolundan göndərməyə başladı. Hazırda bu yol Azərbaycan hərbçilərinin nəzarətinə keçdiyinə görə, Ermənistan və Rusiya hərbi yükləri yoxlanılmayan nəqliyyat vasitələrində yenidən etirazın keçirildiyi yoldan keçirməyə çalışacaqlar. Çünki başqa yolları qalmayıb. Bunun qarşısını almağın yeganə alternativi Laçın yolunun qurtaracağında sərhəd-keçid məntəqəsinin yaradılmasıdır ki, bütün, o cümlədən Rusiyaya məxsus nəqliyyat vasitələri də yoxlanmalıdır”.
Elxan Şahinoğlu erməni icması ilə dialoq prosesinə də diqqət çəkib:
“Azərbaycan Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini yenidən Bakıya dəvət edib. Əvvəlki təklif martın 13-də onlara təqdim edilmişdi, gəlmədilər. Ermənilərlə sonuncu görüş martın 1-də Xocalı şəhərində keçirilib.
Ermənilər Bakıya niyə gəlmək istəmirlər?
Bunun bir neçə səbəbi var. Birincisi, separatçılar hesab edirlər ki, Bakıda reinteqrasiya məsələsinin müzakirəsi Azərbaycanın Qarabağ üzərindəki suverenliyinin bərpası və ermənilərin bunu qəbulu anlamı daşıyır. Bu görüntünün formalaşmasını istəmirlər. İkincisi, separatçılar təkbaşına qərar vermirlər, təlimatlar Moskvadan gəlir. Rusiyanın paytaxtında qərar verənlər isə separatçıların Bakıya gəlmələrinin əleyhinədir.
Bu müddətdə bölgədə vəziyyət daha da gərginləşib. Erməni separatçılarının Ermənistandan bölgəyə silah daşımasının qarşılığında Azərbaycan hərbçiləri Laçına alternativ yolda nəzarət postu yaradıblar. Bu hələ son deyil, növbədə Laçın yolunun qurtaracağında sərhəd-keçid məntəqəsinin yaradılmasıdır.
Qarabağ erməniləri durumlarından şikayətçidir. Ermənistan hökumətinin şikayət etmədiyi yer qalmayıb, Azərbaycan əleyhinə bir neçə sənədin və açıqlamanın qəbuluna nail olublar. Ancaq bunların Azərbaycanın siyasətinə və qərarlarına təsiri yoxdur. Bundan məyus olan ermənilər tədricən anlamağa başlayıblar ki, onlar Azərbaycanla anlaşmayınca, kimsə onları xilas etməyəcək. Birbaşa dialoqu davam etdirməkdən başqa çarələri qalmayacaq, gec-tez Qarabağ erməniləri Bakıya gəlmək məcburiyyətində qalacaqlar”.
Tarix: 27-03-2023, 22:25