Turşsu ətrafında əməliyyatın detalları: Artıq rus sülhməramlıları... - Polkovnik açıqladı
Laçın dəhlizi 5 km enində olan bir yoldur. Sözsüz ki, burada həmin yola bitişik və yaxud paralel bəzi yaşayış məntəqələri var. İndi o ərazilərdə yaşayış olmasa da, infrastruktur mövcuddur. Təbii ki, bura yaşayış məntəqəsi olduğu üçün orada müəyyən yolların, cığırların, keçidlərin olması da mümkündür. Bu yollar sözsüz ki, mövsümi xarakter daşıyır.
SİAM.AZ bildirir ki, bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Şair Ramaldanov deyib.
O qeyd edib ki, qış fəslində həmin yollar bağlı olur:
“Amma havalar isindikcə bu yollardan istifadə mümkündür. Ona görə də Laçın yoluna paralel torpaq yollardan qanunsuz istifadə ilə bağlı Azərbaycan dəfələrlə qarşı tərəfə xəbərdarlıq edib. Daha sonra bu cür qanunsuz keçidlərin və daşımaların qarşısı alınarkən orada silahlı insident baş verib. Azərbaycanın iki hərbi qulluqçusu şəhid olub. Bu da bir daha həmin qanunsuz yollarda hərbi təxribatların olma ehtimalını gücləndirib”.
Ekspert hesab edir ki, ermənilərin Laçın yolunda azərbaycanlı fəalların aksiyası fonunda silah-sursatı, hərbi yükləri qanunsuz torpaq yollarla daşımağa cəhd edib:
“Sözsüz ki, Vətən müharibəsindən sonra ərazidə olan bütün yollar, keçidlər Azərbaycanın nəzarətində idi. Ərazidə yol şəbəkəsi elə də çox deyil. Turşsu ətrafında belə yollar mövcuddur. Ona görə də Azərbaycan Ordusu həmin yollara nəzarəti tam təmin etmək üçün addımlar atıb”.
Polkovnikin fikrincə, əslində o yolların hamısı Laçın dəhlizinə birləşir və rus sülhməramlılarının nəzarətindədir:
“Amma rus sülhməramlıları bu prosesə nəzarəti həyata keçirə bilməsə, Azərbaycan burada əlavə tədbirlər görəcək. Ordumuzun keçirdiyi əməliyyatın məqsədi də məhz bu olub. Ona görə də bu yollar Azərbaycanın nəzarətində olmaqla oradan qanunsuz daşımaların keçidinə birdəfəlik son qoyulmalıdır. Azərbaycan ərazisinə keçiddə yəni, Laçın yolunun başlanğıcında nəzarət -buraxılış məntəqəsinin yaradılması artıq zəruridir. Bu gec-tez baş verəcək. Ümumilikdə isə Azərbaycanın Ordusunun bu addımı separatçıların əl-qolunu tam bağlamağa imkan verir”.