Ermənistan bu təxribata çoxdan hazırlaşırdı... - Layiqli CAVAB alacaq!


 
Xəbər verdiyimiz kimi, aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb. Eyni zamanda düşmənin də itki verdiyi bildirilir.

Bütün bu hadisələrin günahkarı sözsüz ki, Ermənistan tərəfidir. Ermənistan 10 noyabr bəyannaməsinin şərtlərinə əməl etmir. Artıq 3 ildir ki, prosesi uzadır və altdan-altdan silah-sursat yığır, havadarlarından yardım alaraq guya təkrar hücum edəcəyini və yaxud da sərhəddə vəziyyəti dəyişəcəyini düşünür. Bu kimi təxribatlar da Ermənistanın xam xəyalından irəli gəlir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Ermənistan bu kimi xəyallarından əl çəkməzsə, başından “dəmir yumruğu” anındaca alacaq.
Azərbaycan tərəfinin istəyi sülh sazişinin imzalanması, digər dövlətlərlə olduğu kimi Ermənistanla da sakit, normal sərhəd qonşuluğuna sahib olmasıdır. Lakin Ermənistan hər dəfə bu prosesi pozur. Ermənistan bir zamanlar Rusiyaya, onun ordusuna arxayın olub Azərbaycana qarşı müxtəlif çaplı təxribatlar həyata keçirirdi.
İndi isə Paşinyan Avropa İttifaqının bölgəyə dəvət etdiyi missiyasına arxayındır.

Hesab edir ki, indi də onları arxasına çəkib, bu kimi təxribatlarla nələrəsə nail olacaq. Son zamanlar Ermənistan masada da təxribatlara əl atır. Ermənistanın yüksək vəzifəli şəxsləri ritorikalarını sərtləşdirib, heç bir məsələdə razılığa gəlmir, mümkün razılıq variantlarına təxribatla cavab verirlər. Ermənistan bu təxribata çoxdan hazırlaşırdı. Bunu onların əsassız bəyanatları, guya gərginliyi Azərbaycanın yaratması ilə bağlı ittihamları da göstərir. Ermənistan hesab edir ki, uzun illər rus əsgərinin arxasında gizləndiyi kimi indi də Avropa İttifaqının missiyasının arxasında gizlənəcək və etdikləri cəzasız qalacaq. Bu, qəti şəkildə belə deyil. Azərbaycan tərəfi bəyan edir ki, şəhidlərimizin qanı yerdə qalmayacaq və Ermənistan bu kimi təxribatlarına görə layiqli cavab alacaq.
Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq Azərbaycana qarşı apardığı təxribatlar nəinki Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozur, eyni zamanda regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır.
Tarix: 11-04-2023, 18:46
Xəbəri paylaş





Xəbər lenti