“Ermənistan mina terroruna görə Azərbaycana təzminat ödəməlidir” – ŞƏRH


“Ermənistan mina terroruna görə Azərbaycana təzminat ödəməlidir” – ŞƏRH
“Son hadisələr göstərir ki, Ermənistan tərəfi bütün məsələlərdə olduğu kimi mina xəritələrinin verilməsində də süni əngəllər yaradır, Azərbaycana qarşı heç bir xoşməramlı münasibət göstərmir və beynəlxalq hüququ kobud şəkildə pozmağa davam edir”.

Bu fikirləri Oxu.Az-a politoloq İlqar Vəlizadə erməni təxribatı nəticəsində basdırılmış mina partlaması ilə 3 hərbçimizin xəsarət alması haqqında danışarkən deyib.

O xatırladıb ki, ermənilərin mina təxribatının nəticəsində faciəvi hadisələr davam edir, itkilərimiz artır:

“Beynəlxalq təsisatlar, təşkilatlar səviyyəsində dəfələrlə bu məsələləri qaldırmalıyıq. Azərbaycan tərəfi Ermənistana iradlarını dönə-dönə bildirməlidir ki, nəticədə heç olmasa beynəlxalq təşkilatlar ermənilərdən bunu tələb edə bilsin. Ermənistanın onsuz da xoşagəlməz imici formalaşıb. Rəsmi İrəvan hansısa tədbirlər görməlidir ki, bunu heç olmasa yaxşıya doğru dəyişə bilsin.

Beynəlxalq hüquq normalarına, qoşulduğu konvensiyaların şərtlərinə, o cümlədən minalarla əlaqədar konvensiyanın tələblərinə əməl etməyən, hüquq prinsiplərini pozan Ermənistana heç kim təsir etməyib. İndi də vasitəçi ölkələr, beynəlxalq təşkilatlar Paşinyan hakimiyyətinə təsir göstərmirlər. İstənilən halda biz çalışmalıyıq beynəlxalq səviyyədə Ermənistanın yararsız siyasətinə diqqətin cəlb olunmasını təmin edək. Başqa çıxış yolumuz qalmır.

Digər tərəfdən müxtəlif səviyyələrdə müzakirələr aparılır ki, Ermənistan Azərbaycana təzminat ödəsin. Düşünürəm ki, digər qanun pozuntuları ilə yanaşı mina terroru ilə bağlı da Azərbaycana dəyən zərərin ödənilməsi beynəlxalq məhkəmələrin diqqətində olmalıdır. Bu məsələ ilə bağlı hüquqşünaslar, mütəxəssislər işləməlidirlər ki, Ermənistan mina terroruna görə məsuliyyətə cəlb edilsin”.
Tarix: 23-04-2023, 12:07
Xəbəri paylaş





Xəbər lenti