İrəvan-Bakı sazişinin “mətni” üzə çıxdı - Laçının girişində post qoyulan kimi...


Paşinyanın əsas hədəfi: Ermənistan sülh müqaviləsindən sonra NATO-ya üzv olacaq? “Sorosçu” baş nazir “Qarabağ Azərbaycandır və nida işarəsi” deməyincə...

Ötən bazar Güney Qafqazda sülh və sabitliyin gələcəyinə ciddi təsir göstərəcək olduqca mühüm bir hadisə baş verdi: Azərbaycan Laçın yolunun Ermənistan tərəfdən girişində, nəhayət, öz nəzarət-buraxılış postunu qurdu. Beləcə, bir az gec də olsa Bakı öz prinsipial mövqeyini, sərt üzünü göstərdi, nöqtəni qoydu. Sərhədimizin bundan sonra “karvansara qapısı” olmayacağının anonsunu bütün dünyaya, öncəliklə də erməni havadarlarına çatdırdı.
Neçə gündür ermənilərin qaldırdığı hay-küyə rəğmən, Bakının qərarı, əlbəttə, beynəlxalq hüquqa və götürdüyü beynəlxalq öhdəliklərə, o sırada 10 noyabr üçtərəfli bəyannaməyə zidd deyil. Çünki həmin bəyannamənin Laçın dəhlizi ilə bağlı 6-cı bəndində Azərbaycan yolun yalnız təhlükəsizliyinə zəmanət verib, yolda maneəsiz (!) gediş-gəlişə yox! Postun qoyulması isə təhlükəsizliyə zidd deyil, əksinə. Buradaca yada salaq ki, sənədin 9-cu bənddə Zəngəzur dəhlizi ilə bağlı Ermənistan məhz “maneəsiz hərəkət” öhdəliyi götürüb. Yəni yolda yoxlama apara bilməz.
Ən əsası, Azərbaycanın öz suveren ərazisində post yaratması ilə sözsüz ki, Qarabağdakı separatçı ünsürlərin sonuncu nəfəsliyi də bağlanmış olacaq. Demək, məntiqlə sülhün əldə olunması tezləşəcək. Tezləşəcəkmi?  
Bu arada Bakı ilə İrəvan arasında 2023-cü ilin fevralından onlayn formatda aparılan qapalı danışıqların təfərrüatının Ermənistan teleqram kanallarına “sızdığı” iddiası ortaya çıxıb. Xatırladaq ki, sülh sazişi üzərində iş 2022-ci il martın 14-dən Azərbaycan Ermənistana 5 baza prinsipini təqdim edəndən sonra başlayıb. Həmin prinsiplər bunlardır:
1) Dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
2) Dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
3) Dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
4) Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
5) Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Qeyd edək ki, bir neçə gün öncə Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bəyan edib ki, ölkəsi Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır və Bakıdan da eyni addımı gözləyir. Bəs Paşinyan ərazi bütövlüyümüzü konkret hansı sərhədlər daxilində tanımağa hazırdır, bunu dəqiqləşdirə bilərmi?
Təəssüf ki, bu nöqtədə o, “Qarabağ ermənilərinin məsələsi”ni ortaya ataraq, ikibaşlı oyun oynayır, “nala-mıxa” vurur. Elə bu səbəbə keçən həftə Azərbaycan Prezidenti İlham Əliyev ondan Qarabağı birmənalı şəkildə Azərbaycanın tərkib hissəsi kimi tanımasını və “Qarabağ Azərbaycandır və nida işarəsi” söyləməyi tələb edib...
Sülh sənədinin mətninin kənara “sızmasına” gəlincə, iddia edilir ki, sənəddə Bakının aşağıdakı tələbləri əksini tapıb:
Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır ki, bu da ərazi-inzibati vahid kimi “Dağlıq Qarabağ” termininin birdəfəlik yox olmasına gətirib çıxaracaq;
Qarabağda yaşayan ermənilərin Azərbaycan Respublikasının tərkibində heç bir “xüsusi” statusu olmayacaq;
Qarabağda ermənilərin hüquq və təhlükəsizliyi beynəlxalq zəmanət altında o zaman mümkün olacaq ki, müasir Ermənistan ərazisini (yəni Qərbi Azərbaycan) müxtəlif vaxtlarda tərk etmiş yüz minlərlə azərbaycanlı da Dərələyaza (Vayots Dzor), Qərbi Zəngəzura (Sünik), Qərbi Qazağa (Tavuş) və Göyçə gölünün sağ sahilinə qayıdacaq, həm də onların hüquqları və təhlükəsizliyini qoruyacaq beynəlxalq zəmanət altında;
Sülh müqaviləsi sərhədin delimitasiyası və demarkasiyası üçün əsas kimi Ermənistan və Azərbaycan qoşunlarının mövcud təmas xəttini əsas götürməli, üstəlik, Ermənistan anklavları Azərbaycana qaytarmalıdlr;

Sülh müqaviləsinə Zəngəzur dəhlizi ilə bağlı bənd daxil edilməlidir ki, bu da Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında fasiləsiz quru əlaqəsini təmin edəcək.
Göründüyü kimi, bu mülahizə və ya müddəalarda Bakının 5 prinsipinə zidd heç nə yoxdur. Hərçənd qərbi azərbaycanlıların qayıdışının sülh müqaviləsində əksini tapması yenidir. Ermənistanın buna nə dərəcədə razı olacağını söyləmək çətindir, xüsusən də əgər Qarabağdakı erməni əhali ilə bağlı da sənəddə hansısa bənd olmayacaqsa. Yəni məsələlərə “simmetrik yanaşma” məsələsi.
İstənilən halda, hələlik nə rəsmi İrəvan, nə də rəsmi Bakı tərəfindən bu iddialar təsdiq edilməyib. Lakin təkzib də olunmayıb. Odur ki, bir sual açıq qalır - Paşinyan iqtidarı bu cür “sızdırma” ilə hansı məqsədi güdür: həqiqətənmi öz xalqını sülhə hazırlamaq istəyir, yoxsa əksinə, Bakının təkliflərini rədd eləmək üçün növbəti ictimai etiraz dalğasına zəmin hazırlayır? Ki, “görürsünüz, xalq sizin sülh variantınızla razı deyil”.
Bəzi ehtimallara görə, “qərbçi” N.Paşinyan əslində Azərbaycanla tezliklə sülh anlaşmasında maraqlıdır. Çünki bundan dərhal sonra Ermənistan NATO-ya üzv olacaq. Yəni Qərbə tərəf qaçacaq.

REAL sədri İlqar Məmmədov məhz belə bir qənaətdədir. Onun fikrincə, erməni xalqı öz dövlətinin alyansa üzvlüyü ilə bağlı strateji qərarını artıq verib: “Ermənistan özünün hansısa bir böyük qoruyucusu olmadan yaşaya biləcəyinə inanmır. Rusiyanın bu qoruyucu roluna 200 illik tarix bucağından baxanda Ermənistan özünü qazanmış yox, itirmiş hesab edir. Nəhayət, İranı bu qoruyucu rolunda ən müxtəlif səbəblərdən görmür: Qərbpərəst partiyanın hətta son müharibədən sonra ard-arda həm ümumi, həm yerli, həm də aralıq seçkilərini qazanması bu strateji xəttin təkcə Paşinyana aid olmadığını, əhali və diaspora daxil bütövlükdə erməni elitası və xalqına aid olduğunu aydın göstərir. Müxalifət də sadəcə Rusiyanı aldadır, onda yalançı ümid yaradır”.
İ.Məmmədova görə, Azərbaycanın NATO-ya üzvlüyü yaxın və orta müddətli gələcəyə baxanda çox dumanlıdır: “Ermənistanın perspektivi qədər aydın deyil. Hələlik daha böyük ehtimalla demək olar ki, Azərbaycan heç zaman oraya üzv olmayacaq, superneytral mövqeyində daha da möhkəmlənəcək”.
Görəsən, NATO üzvü Türkiyə və Rusiya KTMT üzvü Ermənistanın alyansa üzvlüyünə necə baxar? Qardaş ölkənin məsələyə münasibəti, mümkün şərtləri aşağı-yuxarı bəlli. Ən maraqlısı Moskvanın öz satellitini əlindən rahatca buraxıb-buraxmayacağıdır... 
“Yeni Müsavat” 
Tarix: 26-04-2023, 10:18
Xəbəri paylaş





Xəbər lenti