"Azərbaycanı sülh sazişinin imzalanmasında güzəştlərə məcbur etməyə çalışırlar" - GƏLİŞMƏ

"Azərbaycanı sülh sazişinin imzalanmasında güzəştlərə məcbur etməyə çalışırlar"
Ermənistanda əsir saxlanılan azərbaycanlı əsgərlərdən biri Aqşin Bəbirov 11 il yarım azadlıqdan məhrum edilib. Hərbçimiz “ölkə sərhədini qanunsuz keçməkdə, sərhəddən silah-sursat keçirməkdə” ittiham olunub. Bildirilib ki, Ermənistanda əsir saxlanılan digər azərbaycanlı hərbçi Hüseyn Axundov barəsində istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Əsgərlərimiz “bir qrup şəxslə əvvəlcədən əlbir olaraq Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, qanunsuz odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunaraq barələrində həbs qərarı verilib. Bir ay müddətində mühakimə edilib, istintaq aparılıb və əsgərimiz haqqında beynəlxalq hüquqa zidd bir qərar verilib. Bu qərar 2020-ci il kaputulyasiyaya uğramış, məğlub olmuş, əslin sülh üçün Azərbaycana yalvarmalı olan Ermənistan ərazisində, Ermənistan dövləti tərəfindən verilib.

“Ümumiyyətlə, bu prosesin başlanması və qısa müddət ərzində bitməsi bir daha ondan xəbər verir ki, Ermənistan Azərbaycandan bu məsələ ilə bağlı sanki qisas alır, Azərbaycandan intiqamını alır. İkinci Qarabağ müharibəsi başlamamışdan öncə, Ermənistanın növbəti təxribatları, avqust ayında Azərbaycana diversiya qrupunun göndərilməsi və o diversiya qrupu tərəfindən Azərbaycanda planlaşdırılan cinayətlərin qarşısının alınması məqsədi ilə Azərbaycan dövlətinin atdığı addımlar, o cümlədən də həmin o hadisədən sonra, Azərbaycana müxtəlif diversiya qruplarının göndərilməsi, həmin diversantlar tərəfindən Azərbaycan dövlətinə və xalqına qarşı cinayətlərin törədilməsi planlarının pozulması Ermənistanın həzm edə bilmədiyi məqamlardan biridir. Azərbaycan tərəfi həmin şəxslərə münasibətdə həm daxili hüquqa daxili qanunvericiliyə, o cümlədən də beynəlxalq hüquqa uyğun olaraq müvafiq tədbirlər gördü. Onların zərərsizləşdirilməsi, ədalətli, şəffaf və bütün beynəlxalq ictimaiyyətin gözü qarşısında, beynəlxalq ictimaiyyətin nümayəndələrinin iştirakı ilə, çəkişmə prinsipi əsasında mühakiməsi həyata keçirildi. Məhkəmələr tərəfindən onlar barəsində ədalətli qərarlar qəbul edildi”.

SİAM.AZ bildirir ki, bu barədə Bizimyol.info xəbər portalına Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov danışıb. Onun sözlərinə görə, həmin o hadisədən sonra Ermənistan dövlətinin bütün istiqamətlərdə, beynəlxalq platformalarda qeyd olunan şəxslərin cinayətkarların hərbi əsir adı ilə gündəmə gətirməsi, onlara hərbi əsir adını sırımağa çalışması əslində o zamanlar Ermənistan tərəfinin niyyətindən xəbər verirdi. Bu səbəbdən də, bu gün Azərbaycanın zamanında Ermənistandan olan o cinayətlərə qarşı atdığı qanuna- hüquqa uyğun addımlar Ermənistanın bu gün qanuna və hüquqa zidd addımları ilə cavablandırılır.

Politoloq qeyd edib ki, ümumiyyətlə Ermənistan tərəfini zaman-zaman bu kimi ədalətsiz o cümlədən də bayağı addımlarının şahidi olmuşuq.

“Gəlin, proseslərə baxaq Azərbaycan həmin o diversantların ibtidai istintaqı ilə bağlı uzun müddət araşdırma apardı və sübuta yetirildi ki, həmin o şəxslərin müfaviq müddəalarla, maddələrlə ittiham edilməsini ciddi əsaslar var. Həmin o ittihamlar məhkəməyə göndərildi. Cinayət işinə məhkəmələrdə uzun bir müddət ərzində qanunvericiliyə nəzərdə tutulmuş müddət daxilində baxıldı və onlar barəsində müvafiq qanunvericiliyimizə uyğun olaraq, cinayət məsuliyyət tədbirləri görüldü. Ermənistanda o hadisə baş verəndən təxminən 1 ay ərzində həm ibtidai istintaq aparıldı, həm məhkəmə prosesi həyata keçirildi. Artıq onlar barəsində cəza tədbirləri də müəyyən edilib”,- deyə politoloq bildirib.

Xəyal Bəşirovun sözlərinə görə, onların dedikləri hallar mövcud olsa belə, 6-ay hərbi ximətdə olmuş şəxsin diversant kimi qələmə verilməsi və onların kəşfiyyatçı kimi Ermənistana göndərilməsi ilə bağlı iddiaların səsləndirilməsi öz-özlüyündə çürük ittihamlardır.

Politoloq hesab edib ki, amma Ermənistan tərəfi bu çürük ittihamlar əsasında olsa da, bir daha öz mahiyyətini və öz qanunvericiliyinin ədalət mühakiməsininin mahiyyətini sübut etmiş oldu.

“Bu yolla Azərbaycana təsir göstərməyə çalışacaqlar. İkinci Qarabağ müharibəsindən sonra baş verən proseslərin əsas mahiyyəti ondan ibarətdir ki, həm Ermənistan, həm də Ermənistana havadarlıq edən, ona dəstək nümayiş etdirən təşkilatlar və dövlətlər müxtəlif istiqamətlərdə Azərbaycana təsir göstərməyə çalışırlar. Azərbaycanı Ermənistanla sülh sazişinin imzalanmasında müxtəlif kompramislərə, müxtəlif əsassız güzəştlərə getməyə məcbur etməyə çalışırlar. Bunların hamısı əsassızdır. Çünki Azərbaycan prinsipial və qətiyyətli mövqe ortaya qoyur və o mövqedən zərrə qədər də olsa geriyə atdım atmayacaq”-deyən politolqoun fikrincə, o iki əsgərimiz Ermənistanın qanunsuz addımlarına tuş gəlib. Ermənistanda onlar hərbi əsirlər hesab olunurlar. Halbuki onlar yanlışlıq nəticəsində Ermənistan tərəfinə əsir düşmüş şəxslərdir.

Politoloq hesab edir ki, bu yanlışlıq Ermənistan tərəfindən düzəldilməli olduğu halda, Ermənistan tərəfindən həmin o şəxslərin Azərbaycana təhvil verilməsi ilə bağlı mövqe nümayiş etdirməli olduğu halda Ermənistan bu addımları atır. Bu da bir daha göstərir ki, Ermənistan Azərbaycanla sülhə hazır deyil.

Xəyal Bəşirovun fikirncə, Ermənistan ümumiyyətlə regionda sülhün, təhlükəsizliyin tərəfdarı deyil. Azərbaycanla münasibətlərin normallaşdırılması tərəfdarı deyil.

“O şəxslərin əsir düşmələri, bu gün onların həyatlarının təhlükə qarşısında olmaları Azərbaycan dövlətini və xalqını narahat edir. Biz İkinci Qarabağ müharibəsində 3 minə yaxın şəhid verdik, 10 mindən artıq qazimiz var. Biz bütün bu qurbanlarımızı torpaqlarımızın işğaldan azad olunmasına görə verdik. Biz ona görə o müharibəni reallaşdırmadıq ki, bu gün Ermənistan bizim vətandaşlarımızı əsir götürsə, biz ona görə Ermənistana hansısa bir güzəştə gedək. Ermənistan tərəfi də bunu anlamalıdır. Hər bir halda proseslərin gedişatı bir daha göstərir ki, Ermənistan yenə də yanlış yoldadır. Azərbaycanla danışıqlar, Azərbaycanla masaya oturub müzakirələr aparmaq əvəzinə bu kimi yanlış addımlar atması Ermənistana daha baha başa gələcək”-deyə Xəyal Bəşirov qeyd edib.
Tarix: 10-05-2023, 22:00
Xəbəri paylaş





Xəbər lenti